“Azərbaycan Avtomobil Evi” xarab maşın satdı – Müştəri məhkəmə ilə hədələnir

Bakı sakini Vüqar Tərlan oğlu İbrahimov, Azərbaycan Avtomobil Evi MMC-nin ona qüsurlu avtomobil satdığını, nəqliyyat vasitəsini geri qaytarmaq istədikdə isə şirkət rəhbəri tərəfindən məhkəmə ilə təhdid olunduğunu iddia edir. Avtosfer.az xəbər verir ki, o, bununla bağlı Bakupost.az-a şikayət edib.
Şikayətçinin sözlərinə görə, oktyabrın 6-da avtomobil almaq üçün şirkətin Babək prospekti 74 ünvanında yerləşən satış mərkəzinə müraciət edib. Şirkətin əməkdaşı İlqar adlı şəxs ona Çinin “Changan” avtomobil markasının “Alsvin” modelini tərifləyərək almağı tövsiyə edib:
“Bu avtomobil üçün ilkin olaraq 1278 manat ödəniş etdim və müqavilə bağlandı. Lakin sonradan mənə təqdim olunan maliyyə sənədinin rəsmi olmadığını öyrəndim. Bildirdilər ki, oktyabrın 7-də dövlət qeydiyyat nişanı hazır olduqdan sonra avtomobili təhvil ala bilərəm. Deyilən tarixdə avtomobili həmin ünvandan götürdüm”.
V.İbarhimov deyir ki, avtomobili aldıqdan təxminən bir həftə sonra texniki problemlər ortaya çıxmağa başlayıb:
“Dərhal İlqar bəylə əlaqə saxladım və qüsurların aradan qaldırılmasını, yaxud avtomobilin geri qaytarılmasını tələb etdim. Mənə bildirdi ki, şirkətin servisində baxış üçün onlayn növbə götürməliyəm. Qüsurlar olmasına baxmayaraq, 30 oktyabr tarixində – yəni vaxtından qabaq ödəniş cədvəlinə uyğun olaraq əlavə 1355 manat da ödədim”.
Vüqar İbrahimov bildirir ki, noyabrın 10-da avtomobili şirkətin Əhməd Rəcəbli küçəsində yerləşən servis mərkəzinə təhvil verib. Ona iki gün ərzində məlumat veriləcəyi bildirilsə də, yalnız 18 noyabda şirkətin mühasibatlığından olduğunu deyən Samir adlı şəxs onunla əlaqə saxlayıb:
“Mənə dedi ki, ümumilikdə 2633 manat ödəmişəm, lakin avtomobilin geri qaytarılması halında bu məbləğ sıfırlanır və əlavə olaraq 6400 manat ödəməliyəm. Niyə? deyib soruşduqda cavab verdi ki, maya dəyəri 25900 olan maşını artıq 3800 km sürdüyünə görə ikinci əl kimi daha ucuz – 19500 manata satacağıq. Əgər pulu ödəməsən səni məhkəməyə verəcəyik. Etiraz etdim ki, mənim sizə ödədiyim 2633 manat pulu sıfırlamağınız bəs deyil, hələ üstəgəl 6400 manat borcu da mənim belimə yükləyirsiniz. Sizin qüsurlu maşınınıza 34000 manat ödəməliyəm?”
Bundan sonra şikayətçi məsələ ilə bağlı şirkətin rəhbəri Orxan Bayramovla görüş tələb edib. Görüş zamanı rəhbərlik avtomobili yenisi ilə əvəz etməyəcəklərini, yalnız texniki qüsurları aradan qaldıra biləcəklərini bildirib və ödənişi tələb edib:
“Mənə dedi ki, əgər ödənişi etməsən, məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyik. “Azərbaycan Avtomobil Evi”nin rəhbəri Orxan Bayramov mənə qüsurlu avtomobil sataraq istehlakçı hüququmu pozub”.
Məsələ ilə bağlı vəkil İntiqam Hacıyev bildirib ki, bu məsələyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən nisyə alqı-satqı müqaviləsi qaydaları tətbiq olunmalıdır:
“Hazırki informasiyaya əsasən demək olar ki, nisyə qaydada avtomobil əldə etmiş şəxsin hüququ var ki, avtomobilin texniki qüsurlarının aradan qaldırılmasını və ya həmin qüsurları özü aradan qaldırdığı halda çəkdiyi xərclərin ödənilməsini tələb etsin. Həmçinin, əgər alıcı texniki qüsurlara görə malı geri qaytarmaq istəyirsə, bu zaman avtomobili geri qaytararaq ödədiyi pul məbləğinin geri verilməsini tələb edə bilər. Lakin bu, yalnız texniki qüsurların mövcudluğunu və onların istehsalçıdan və ya satıcıdan qaynaqlandığını sübut etdiyi halda mümkündür. Hüquqşünas qeyd edib ki, Mülki Məcəllənin 587-ci maddəsinə görə, əgər satıcı əşyanın qüsurları barədə əvvəlcədən məlumat verməyibsə, keyfiyyətsiz əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, öz seçimi ilə aşağıdakıları tələb etsin:
- alış qiymətinin mütənasib şəkildə azaldılması;
- əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;
- əşyanın qüsurlarının aradan qaldırılması üçün çəkdiyi xərclərin ödənilməsi.
Əşyanın keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, aradan qaldırılması üçün həddindən artıq xərc və ya vaxt tələb edən qüsurlar, dəfələrlə təkrar olunan qüsurlar və ya aradan qaldırıldıqdan sonra yenidən yaranan qüsurlar olduqda) alıcının aşağıdakı hüquqları var:
- alqı-satqı müqaviləsinin icrasından imtina etmək və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək;
- keyfiyyətsiz əşyanın müqaviləyə uyğun keyfiyyətli əşya ilə əvəz olunmasını tələb etmək.
Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilən qüsurların aradan qaldırılması və ya əşyanın dəyişdirilməsi tələbi, əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən başqa hal irəli gəlmirsə, alıcı tərəfindən irəli sürülə bilər. Komplektə daxil olan hissələr keyfiyyətsiz olduqda isə alıcı həmin hissə ilə bağlı eyni hüquqları həyata keçirə bilər”.
İddialarla bağlı şikayətdə adı keçən Azərbaycan Avtomobil Evi MMC-nin İlqar adlı əməkdaşı ilə əlaqə saxladıq. O, saytımıza açıqlama verməkdən imtina etdi.
Şirkətdən isə bildirildi ki, məsələ aidiyyəti üzrə yönləndirilib.
Qeyd edək ki, bir neçə il əvvəl də mediada “Azərbaycan Avtomobil Evi” MMC-nin adı qüsurlu avtomobil satılması iddialarında hallanıb.
Belə ki, Bakıda baş verən ağır yol qəzasında sürücü Asim Səfərov möcüzə nəticəsində sağ qalıb. O bildirib ki, hadisə idarə etdiyi Changan CS35+ markalı avtomobildəki zavod qüsuru səbəbindən baş verib. Onun sözlərinə görə, nəqliyyat vasitəsinin sükan mexanizmində və hava yastıqlarında nasazlıq olub. Nəticədə sükan kilidlənib, hava yastıqları isə açılmayıb.
Şikayətçi avtomobili bir neçə ay əvvəl “Azərbaycan Avtomobil Evi”ndən lizinqlə aldığını bildirib.
Qəza nəticəsində avtomobildəki qüsurlar üzə çıxdıqdan sonra şirkətə müraciət etdiyini deyən sürücü qeyd edib ki, şirkət əməkdaşları avtomobildə problemin olduğunu, ən azı hava yastıqlarının açılmaması faktını etiraf ediblər. Lakin avtomobilin geri qaytarılması və ya yenisi ilə əvəz olunması tələbi təmin edilməyib.
Şirkətin direktoru Toğrul Paşayev isə avtomobildə istehsalçı və ya sonradan yaranmış qüsuru təsdiqləyən hər hansı rəsmi sənədin olmadığını bildirib və qəzanın qüsurla əlaqələndirilməsini əsassız sayıb.
Elektromobil idxalında azalma: Bazar doyur, yoxsa yeni mərhələ başlayır?
Avtomobilin orta qiymətinin çox yüksək olduğu ölkələr – SƏBƏB
Rusiyada sürücülük vəsiqəsi məhkəməsiz də ləğv edilə biləcək
Elektromobilin gələcəyi risk altındadır?
Belaruslar Çin brendlərindən üz döndərir: Yanacağı “içir”, təkərlər yaxşı deyil...
Yolayrıcında iki pikap toqquşdu; sürücülərdən biri öldü - VİDEO
Yeni avtomobillərin qiyməti bahalaşır
Təzə avtomobillərin bahalaşmasına daha bir səbəb
Müasir avtomobillər xüsusi xidmət orqanlarının diqqət mərkəzində
Nadir "Bugatti"nin hərracda rekord qiymətə satılması gözlənilir - FOTO
Sərxoş sürücünün “dəlili”: Siqaretin dəmi gəlmişdi









