Azərbaycanda avtomobil bazarında dönüş - köhnələr gedir, yenilər gəlir

Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün yeni aksiz dərəcələri tətbiq ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliklərə əsasən, mühərrik həcminə görə hesablanan mövcud aksiz məbləğlərinə əlavə yüksəldici əmsallar tətbiq olunacaq. Hazırda istehsal tarixi 7 ildən artıq olan benzin mühərrikli minik avtomobillərinə aksiz məbləği 1,2, dizel mühərrikli avtomobillərə isə 1,5 əmsalı ilə hesablanır. Lakin 2026-cı il yanvarın 1-dən etibarən bu göstəricilər artırılacaq. Belə ki, benzin mühərrikli avtomobillər üçün yüksəldici əmsal 1,5-ə, dizel mühərrikli avtomobillər üçün isə 2-yə çatdırılacaq. Bu isə xüsusilə yaşı çox olan və mühərrik həcmi böyük avtomobillərin idxalını daha baha edəcək.

Mütəxəssislərin fikrincə, yeni qərar avtomobil bazarında ciddi dəyişikliklərə səbəb olacaq.
Avtosfer.az-ın məlumatına görə, 2026-cı ildə avtomobil bazarında baş verəcək proseslərlə bağlı Day.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yeni qərarın avtomobil bazarına təsiri əsasən yaşı yeddi ildən çox olan avtomobillərin qiymətlərində bahalaşma ilə müşahidə olunacaq.
"Bu dəyişiklik onsuz da ucuz seqmentdə olan avtomobillərin idxal baxımından cəlbediciliyini azaldır. Xüsusilə Almaniyadan gətirilən köhnə dizel avtomobilləri və ABŞ-dan idxal olunan benzin mühərrikli sedanların Azərbaycan bazarına çıxışı xeyli məhdudlaşacaq. Faktiki olaraq, mühərrik həcmi böyük və yaşı çox olan avtomobillər mərhələli şəkildə dövriyyədən çıxarılır. Qərarın əsas məqsədlərindən biri köhnə və ekoloji baxımdan riskli avtomobillərin bazardan uzaqlaşdırılması, daha yeni və təhlükəsiz nəqliyyat vasitələrinin təşviq edilməsidir."
Ekspert deyib ki, qərar həmçinin hibrid avtomobillərə marağın qorunmasına da təsir göstərir.
"Benzin və dizel mühərrikli köhnə avtomobillərin aksiz dərəcələrinin artırılması fonunda hibrid modellər bazarda daha cəlbedici olaraq qalır. Hibrid avtomobillərin idxalı zamanı tətbiq olunan ƏDV güzəştinin bu aydan etibarən başa çatmasına baxmayaraq, yeni aksiz siyasəti bu seqmentdə marağın kəskin azalmasının qarşısını alır və bazarda müəyyən balans yaradır."

Bəs hansı avtomobillərə tələbat artacaq?
Eldəniz Cəfərov bildirib ki, yeni qaydalar nəticəsində yaşı yeddi ildən az olan, xüsusilə 2019-2025-ci illər arasında istehsal olunmuş avtomobillərə tələbatın artacağı gözlənilir.
"Azərbaycanda ənənəvi olaraq populyar olan Cənubi Koreya istehsalı avtomobillər, eləcə də Yaponiya istehsalı modellər ikinci əl bazarında daha çox üstünlük qazanacaq. Bu avtomobillərin texniki vəziyyəti daha yaxşıdır, qənaətcildir, az problem yaradır və yenidən satış zamanı dəyərini nisbətən stabil saxlayır. Ümumilikdə, ölkəyə idxal olunan avtomobillərin sayında, xüsusilə köhnə avtomobillər üzrə azalma gözlənilir. Gələn il idxal və satış həcmi əvvəlki illərlə müqayisədə bir qədər aşağı ola bilər. Bununla belə, Azərbaycan avtomobil bazarında kəskin durğunluq proqnozlaşdırılmır. Artım tempi zəifləsə də, bazar öz dayanıqlığını qoruyacaq və inkişaf davam edəcək."
Onun sözlərinə görə, əgər yeni avtomobil almaq istəyən vətəndaşlar üçün avtokredit şərtləri sadələşdirilməzsə, ölkə daxilində yerli avtomobil istehsalı artırılmazsa və ictimai nəqliyyat daha da şaxələndirilməzsə, bu qərar avtomobil almaqda müəyyən çətinliklər yarada bilər.













