Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ

Bakıda xüsusilə səhər və axşam saatlarında nəqliyyat sıxlığı insanların gündəlik həyatının əsas problemlərindən birinə çevrilib.
Uzun müddət yolda qalmaq yalnız vaxt itkisinə deyil, insanların iş rejiminə, ailəsi ilə keçirdiyi vaxta, istirahətinə və psixoloji vəziyyətinə də təsir göstərə bilər.
Maraqlıdır, bu halda yaranan stress yorğunluq və əsəbilik səviyyəsinə necə təsir edir? Bu, sağlamlıq baxımından hansı problemlərə səbəb ola bilər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, davamlı gərginliyi yalnız tıxacla əlaqələndirmək olmaz.

Lakin tıxac ciddi tətikləyici amildir. Onun sözlərinə görə, vaxt itkisi, işə gecikmək qorxusu, hərəkətsizlik, səs-küy, sıxlıq, sürücülərin aqressiv davranışı və gün ərzində yolda uzun müddət qalmaq insanın stressini artırır.
“İnsan əsəbləşməklə tıxacı aradan qaldıra bilmir. Əksinə, öz psixoloji enerjisini tükədir. Daha ciddi problem isə yolda yaranan gərginliyin işə və ailəyə daşınmasıdır. Uzunmüddətli stress yuxu problemləri, yorğunluq, əsəbilik və psixosomatik şikayətlərlə müşayiət oluna bilər. Tıxac bitir, amma insanın stressi davam edirsə, problem artıq yalnız yolda deyil”, – psixoloq qeyd edib.
R.Nəcəfov əlavə edib ki, reallığı dəyişdirmək mümkün olmayan vəziyyətlə daim mübarizə aparmaq insanı tükəndirə bilər.
Gərginlik gündəlik həyata ciddi təsir edirsə, psixi sağlamlıq mütəxəssisinə müraciət etmək tövsiyə olunur.
Terapevt Zaur Orucov isə bildirib ki, tıxacların sağlamlığa təsiri yalnız stresslə məhdudlaşmır. Onun sözlərinə görə, nəqliyyat sıxlığı şəhərdə havanın keyfiyyətinin pisləşməsinə, xüsusilə PM2.5 hissəcikləri və azot birləşmələri kimi çirkləndiricilərin artmasına səbəb ola bilər.

“Bu, ürək-damar problemləri, ağciyərlə bağlı xroniki xəstəliklər və bəzi hallarda xərçəng riskinin artması ilə əlaqələndirilir. Tıxac nə qədər çoxdursa, şəhərdə havanın keyfiyyəti də bir o qədər aşağı düşür”, – terapevt vurğulayıb.
Z.Orucov səs-küyün də sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, yüksək səs səviyyəsi nevroloji və ürək-damar problemlərinə, eləcə də yuxu pozuntularına səbəb ola bilər. Terapevt digər əsas problemin hərəkətsizlik olduğunu qeyd edib.
O bildirib ki, insanların gün ərzində uzun müddət avtomobildə qalması fiziki aktivliyi daha da azaldır. Mütəxəssis hesab edir ki, tıxac problemi səhiyyə baxımından həm birbaşa, həm də dolayı nəticələr doğurur. Hava çirkliliyi, səs-küy və hərəkətsizlik birbaşa risklər olduğu halda, nəqliyyat sıxlığının yaratdığı iqtisadi itkilər insanların sağlamlığına ayırdığı maddi imkanlara da dolayı təsir göstərə bilər.
“İri şəhərlərdə infrastruktur problemlərinin həlli yalnız nəqliyyat məsələsi deyil, eyni zamanda birbaşa tibbi problemdir”, –Z.Orucov əlavə edib.
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir












