Banner

ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ

Gündəm 19 Oktyabr 2026 13:18
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
WhatsApp kanalımıza abunə olun

ABŞ-nin İranla əlaqəli şəxslərə və qurumlara qarşı yeni sanksiyalar tətbiq etməsi iki ölkə arasında münasibətlərin yenidən gərginləşməsinə səbəb olub. Bu addımın İranın iqtisadi vəziyyətinə, siyasi mövqeyinə və regiondakı proseslərə necə təsir edəcəyi diqqət doğurur.

Avtosfer.az xəbər verir ki, oktyabrın 15-də ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etməsi, eləcə də iranlı diplomatların hədəfə alınması Vaşinqton-Tehran münasibətlərində diplomatik dialoqun gələcəyi ilə bağlı suallar yaradıb. 
Bəs yeni sanksiyalar İranın iqtisadi və siyasi vəziyyətinə necə təsir göstərə bilər və bu addım regionda geosiyasi gərginliyi daha da artıra bilərmi?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Avtosfer.az-a açıqlamasında bildirib ki, bu cür sanksiyalar zamanı əsasən nüfuzlu şəxslər, şirkət sahibləri və beynəlxalq səviyyədə tanınan böyük korporasiyaların rəhbərləri hədəfə alınır:


''Bununla da İranın iqtisadi imkanları tədricən məhdudlaşdırılır. İlk baxışda ciddi təsir göstərmirmiş kimi görünsə də, uzunmüddətli perspektivdə bu addımlar İran üçün ağır nəticələr doğura bilər. Belə ki, ölkəyə xarici malların idxalı getdikcə çətinləşir, eyni zamanda İranın öz məhsullarını xarici bazarlara çıxarmasına da maneələr yaranır. Sanksiyalar yalnız istehsalçılara deyil, daşınma və logistika şirkətlərinə də təsir göstərir. Bütün bunlar İran iqtisadiyyatına əlavə təzyiq yaradır. Eyni zamanda, sanksiyalar ABŞ-İran münasibətlərindəki gərginliyi azaltmaq və tərəflər arasında dialoqun qurulmasına şərait yaratmaq əvəzinə, vəziyyəti daha da mürəkkəbləşdirir və sülhə olan inamı zəiflədir.
Digər tərəfdən, ABŞ-nin İranla bağlı siyasətinin hərbi aspekti də diqqət çəkir. ABŞ dünyanın ən güclü hərbi dövlətlərindən biri olduğundan, İranın bu ölkə ilə uzunmüddətli müharibə aparmaq imkanları məhdud hesab olunur. Hazırkı vəziyyəti tammiqyaslı müharibədən daha çox, İrana hərbi təzyiq göstərilməsi kimi qiymətləndirmək olar. Əgər ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamaq barədə qərar versə, münaqişənin nəticələri yalnız iki ölkə ilə məhdudlaşmaya, müttəfiqlərin də prosesə cəlb olunmasına səbəb ola bilər. Bununla belə, ABŞ-nin indiyədək birbaşa genişmiqyaslı müharibəyə başlamaması İranın da belə bir qarşıdurmada maraqlı olmadığını düşünməyə əsas verən amillərdən biridir. Hazırkı şəraitdə ABŞ-nin İrana qarşı təzyiqləri artırmaqla ölkənin ordusunu, dövlət institutlarını və cəmiyyətini zəiflətməyə, daxili gərginliyi yüksəltməyə çalışdığı qənaəti formalaşır. Bu yanaşma gələcəkdə hərbi müdaxilə ehtimalını da gündəmdə saxlayır''

Fatimə

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh