Avtobus sürücülərinin sərnişinlərdən “küsmə”sinin səbəbi nədir? - AÇIQLAMA

Son vaxtlar avtobus sürücülərinin sərnişinlərlə kobud davranması, mübahisə zamanı aqressiv reaksiya rvə hətta avtobusu saxlayaraq hərəkəti dayandırması halları ictimai müzakirələrə səbəb olur. Bu cür davranışlar sərnişinlərin təhlükəsizliyi və ictimai nəqliyyatda xidmət mədəniyyəti ilə bağlı məsələləri gündəmə gətirir.
Avtosfer.az xəbər verir ki, sürücülərin davranışına iş gərginliyi, yorğunluq və emosional tükənmə kimi amillərin təsiri, eləcə də bu halların qarşısının alınması üçün hansı psixoloji tədbirlərin görülməsinin vacibliyi müzakirə olunur.
Mövzu ilə bağlı psixoloq Nərmin Ağayev Avtosfer.az-a açıqlamasında bildirib ki, avtobus sürücülərinin işi yüksək diqqət, daimi məsuliyyət və emosional özünənəzarət tələb edən peşələrdəndir:
''Sürücü eyni zamanda yol hərəkətini izləməli, təhlükəsizliyi qorumalı, vaxt qrafikinə əməl etməli və sərnişinlərlə ünsiyyət qurmalıdır. Bu şəraitdə davamlı tıxaclar, vaxt təzyiqi, sıx sərnişin axını, səs-küy və münaqişəli ünsiyyət sürücülərdə xroniki stress yarada bilər. Stress zamanı diqqətin çevikliyi və emosional reaksiyaların tənzimlənməsi çətinləşir, insan hadisələri daha çox təhdid və ya şəxsi hücum kimi qavraya bilər. Uzunmüddətli iş gərginliyi nəticəsində yaranan emosional tükənmə səbrin azalması, yorğunluq, insanlara qarşı laqeydlik və ünsiyyətdə sərtliklə müşayiət oluna bilər. Belə vəziyyətdə əvvəllər sakit qarşılanan bir irad belə həddindən artıq emosional reaksiya yarada bilər. Bununla yanaşı, emosiyaların tənzimlənməsi bacarığının zəif olması, yuxu çatışmazlığı, qeyri-müntəzəm iş saatları, kifayət qədər istirahətin olmaması və iş yerində dəstəyin zəifliyi də sürücülərin davranışına təsir göstərə bilər. Lakin hər bir hadisəni yalnız stresslə izah etmək düzgün deyil. Fərdi xüsusiyyətlər, ünsiyyət vərdişləri və təşkilati şərait birlikdə qiymətləndirilməlidir. Mübahisə zamanı avtobusun saxlanılması emosional gərginliyin idarə edilməməsi ilə əlaqəli ola bilər. Ancaq konkret hadisənin səbəbini araşdırmadan sürücünün psixoloji vəziyyəti barədə qəti nəticə çıxarmaq olmaz. Hər bir halda sərnişinlərin təhlükəsizliyi və xidmətin davamlılığı əsas prioritet olmalıdır''.
Psixoloq qeyd edib ki, bu cür halların qarşısını almaq üçün sürücülərə emosiyaların idarə olunması, stresslə mübarizə və konfliktlərin həlli üzrə təlimlərin keçirilməsi vacibdir:
''Onlara qəzəbin ilkin əlamətlərini tanımaq, impulsiv reaksiyanı gecikdirmək, gərgin situasiyada sakit qalmaq və münaqişəni böyütmədən ünsiyyəti davam etdirmək bacarıqları öyrədilməlidir. Sürücülər sərnişinlərin narazılığına aqressiya ilə cavab verməməli, təhqiramiz ünsiyyətdən çəkinməli və gərginliyi azaltmağa yönəlmiş ifadələrdən istifadə etməlidirlər. Digər mühüm məsələ psixoloji dəstəyin təmin olunması və iş şəraitinin yaxşılaşdırılmasıdır. Sürücülər üçün məxfi psixoloji konsultasiyalar, stressin idarə olunması proqramları, kifayət qədər istirahət fasilələri və yorğunluğun qarşısının alınması mexanizmləri yaradılmalıdır. Emosional tükənmə uzunmüddətli və idarə olunmayan iş stressi ilə əlaqəli olduğundan, problemin həlli üçün yalnız işçilərin davranışına deyil, onların çalışdıqları mühitə də diqqət yetirilməlidir. Mütəmadi psixoloji qiymətləndirmə də
profilaktik tədbirlərin bir hissəsi kimi əhəmiyyətlidir. Burada məqsəd sürücüləri etiketləmək deyil, işin təhlükəsiz yerinə yetirilməsinə təsir göstərə biləcək stress, yorğunluq və emosional tənzimləmə çətinliklərini vaxtında müəyyənləşdirməkdir. Qiymətləndirmə peşəkar mütəxəssis tərəfindən, məxfilik və etik prinsiplər qorunmaqla aparılmalıdır. Nəticələrə uyğun olaraq fərdi konsultasiya, əlavə təlim, istirahət və zəruri hallarda tibbi qiymətləndirmə tövsiyə edilə bilər. İctimai nəqliyyatda təhlükəsiz və sağlam ünsiyyətin formalaşması üçün sürücülərin emosional özünənəzarəti, işəgötürənlərin sağlam iş şəraiti yaratmaq məsuliyyəti və peşə etikası qaydalarına əməl olunması birlikdə təmin edilməlidir. Sərnişinlə mübahisə zamanı aqressiv davranmaq və təhlükəsizliyə risk yaratmaq yolverilməzdir. Psixoloji dəstəyin əsas məqsədi isə həm sürücülərin rifahını, həm də sərnişinlərin təhlükəsizliyini qorumaqdır''.
Fatimə
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO












