Banner

Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ

Gündəm 21 Sentyabr 2026 16:18
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
WhatsApp kanalımıza abunə olun

Türk Dövlətləri Təşkilatının son dövrdə təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq istiqamətlərində fəaliyyətini genişləndirməsi Azərbaycanın təşkilat daxilindəki rolunu da ön plana çıxarır. 
Prezident İlham Əliyevin son görüşlərdə verdiyi mesajlar TDT-nin gələcəkdə daha koordinasiyalı siyasi və iqtisadi platformaya çevrilməsinin gündəmdə olduğunu göstərir.

Avtosfer.az xəbər verir ki, Azərbaycanın coğrafi mövqeyi, Mərkəzi Asiya ölkələri ilə əlaqələri və Türkiyə ilə müttəfiqlik münasibətləri TDT çərçivəsində nəqliyyat və enerji layihələrinin inkişafında ölkəmizin rolunu artırır. Bəs bu proses Azərbaycanın regional tranzit imkanlarına və TDT daxilindəki mövqeyinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Turan Rzayev bildirib ki, Azərbaycan hazırda TDT-nin inkişaf edib güclənməsində maraqlı olan ən aktiv ölkələrdən biridir:


“Təşkilat uzun müddətdir mədəni, tarixi və iqtisadi sahələrdə mühüm irəliləyiş əldə edib. Prezident İlham Əliyev çıxışı zamanı təşkilatın ümumi fəaliyyətini belə xarakterizə edib. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmi illik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq”.

Prezident çıxışında həmçinin bildirib ki, “Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək”.

Politoloq qeyd edib ki, bu yanaşma TDT-nin gələcək inkişafının yalnız mədəni və tarixi yaxınlıqla məhdudlaşmadığını göstərir:
“Təşkilatın təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrində daha koordinasiyalı fəaliyyət göstərən siyasi platformaya çevrilməsi hədəflənir. Təhlükəsizlik anlayışı da yalnız sərhədlərin qorunması və hərbi təhdidlərin qarşısının alınması ilə məhdudlaşmır. Enerji marşrutları, beynəlxalq hüquq, ictimai-siyasi sabitlik və gənclərin dünyagörüşü kimi məsələlər də bu çərçivədə nəzərdən keçirilir.
Bir neçə gün əvvəl türk dövlətlərinin dini liderlərinin, ardınca isə təhlükəsizlik şuralarının katiblərinin Bakıda bir araya gəlməsi də bu əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdiyini göstərir. Prezidentin çıxışında daha geniş bir hədəf də sezilir: TDT üzv dövlətlərin ortaq maraqlarını beynəlxalq siyasətdə ifadə edə bilən, iqtisadi və nəqliyyat imkanlarını birləşdirən, təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyət göstərən siyasi mərkəzə çevrilməlidir. Azərbaycanın bu prosesdəki mövqeyini gücləndirən bir neçə amil var. Türkiyə ilə müttəfiqlik münasibətləri, Mərkəzi Asiya dövlətləri ilə sıxlaşan əlaqələr, Avropa ilə Asiya arasında yerləşməsi və enerji-nəqliyyat layihələrindəki tranzit imkanlar Bakını təşkilat daxilində mühüm bağlantı nöqtələrindən birinə çevirir''.

Prezidentin dediyi kimi: “Azərbaycanın coğrafi mövqeyi – Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi və həm TDT-nin Mərkəzi Asiya üzv dövlətləri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqələri – təbii olaraq, nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin bütün ölkələrimizin xeyrinə maksimum dərəcədə həyata keçirilməsində oynadığımız rolu vurğulayır”.

Politoloq əlavə olaraq bildirib ki, burada “bütün ölkələrimizin xeyrinə” ifadəsi xüsusilə vacibdir:
''Azərbaycanın TDT çərçivəsindəki təşəbbüsləri yalnız milli iqtisadi maraqlar baxımından deyil, daha geniş regional əməkdaşlıq çərçivəsində təqdim olunur. Mərkəzi Asiya ilə Türkiyə arasında əlaqələr genişləndikcə, Azərbaycan həmin əlaqələrin mühüm tranzit və siyasi qovşaqlarından biri kimi çıxış edə bilər. Mərkəzi Asiyanın enerji və digər iqtisadi resurslarının Xəzər üzərindən Qərbə daşınması, Türkiyə ilə əlaqələrin genişləndirilməsi və Avropa bazarlarına çıxış imkanları bu baxımdan bir-birini tamamlayan istiqamətlərdir. TDT-nin geosiyasi çəkisinin güclənməsi üçün yalnız siyasi bəyanatlar kifayət etmir. Üzv dövlətlərin bir-birinə real ehtiyac duymasını təmin edən iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı da vacibdir. Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi təşkilatın ümumi maraqları ilə birbaşa əlaqələndirilə bilər. Prezidentin çıxışında Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında sənədlər imzaladığı, həmçinin üzv ölkələrlə qarşılıqlı səfərlərin və ikitərəfli əlaqələrin fəal olduğu xüsusi vurğulanıb. Azərbaycanın TDT çərçivəsində əsas məqsədlərindən biri üzv dövlətlərin siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində qarşılıqlı əlaqələrini daha da dərinləşdirməkdir''.

Fatimə

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh