Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY

Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edib. Bu qərarın erkən nikahların qarşısının alınmasında nə dərəcədə effektiv olacağı, maarifləndirmə tədbirlərinin real nəticələrə necə təsir göstərəcəyi və hüquqi yanaşmaların təkmilləşdirilməsinə ehtiyac olub-olmadığı diqqət mərkəzindədir. Avtosfer.az xəbər verir ki, xüsusilə “erkən evlilik” termininin qaydaya əlavə edilməsi problemin həllinə hansı töhfəni verəcəyi, eləcə də cinsi əlaqə yaşının 18-ə qaldırılmasının daha təsirli mexanizm olub-olmayacağı ilə bağlı suallar aktuallıq qazanır. Bəs yeni qərar erkən nikahlarla mübarizədə real nəticələr verə biləcəkmi, yoxsa maarifləndirmə ilə yanaşı daha konkret hüquqi və sosial tədbirlərə də ehtiyac var?
Siyasi şərhçi Cavanşir Altay Avtosfer.az-a açıqlamasında bildirib ki, erkən nikahın və qohumlar arasında evliliyin mənfi nəticələrinə dair maarifləndirmə qaydasının təsdiq edilməsi müsbət addımdır. Bununla belə, sənədin qəbul edilməsi özlüyündə problemin həlli demək deyil və nəzərdə tutulan tədbirlərin effektiv icrası üçün həm dövlət qurumlarının, həm də cəmiyyətin üzərinə mühüm məsuliyyət düşür.

“Sözügedən sənəd erkən nikahı və qohumlar arasında nikahı birbaşa cəzalandırmaq məqsədi daşımır. Əsas məqsəd bu halların mənfi nəticələri barədə maarifləndirmə aparılmasıdır. Bu istiqamətdə müxtəlif dövlət qurumlarının və nazirliklərin üzərinə konkret vəzifələr qoyulub.
Təhsil sahəsində 9–11-ci siniflər üçün dərs vəsaitlərinə məlumatlandırıcı mövzuların daxil edilməsi, səhiyyə sahəsində tibbi fəsadlar barədə məlumatların verilməsi, psixoloji dəstək tədbirlərinin həyata keçirilməsi, eləcə də media və sosial şəbəkələr vasitəsilə cəmiyyətin maarifləndirilməsi nəzərdə tutulur.
Dövlətin bu istiqamətdə tədbirlər görməsi təqdirəlayiqdir, lakin məsələ yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Normativ sənədin qəbul edilməsi onun effektiv tətbiqinə zəmanət vermir. Bu baxımdan, vətəndaşların da dövlətlə həmrəylik nümayiş etdirməsi və maarifləndirmə prosesinə dəstək verməsi vacibdir.
Bəzi hallarda saxta sənədlərdən, soyad dəyişikliyindən və ya dini nikah adı altında müxtəlif üsullardan istifadə etməklə qanunvericiliyin tələblərindən yayınmağa cəhd göstərilir”.
Siyasi şərhçi məktəblərdə cinsi sağlamlıq və biologiya ilə bağlı mövzuların lazımi səviyyədə tədris edilməməsini də problemli məqamlardan biri kimi qiymətləndirib.
“Vətəndaşlar qanun pozuntuları ilə yanaşı, uşaqların gələcəyinə zərər verə biləcək yanaşmalar və təbliğat halları ilə qarşılaşdıqda müvafiq qurumları məlumatlandırmalı, maarifləndirmə işinə töhfə verməlidirlər.
Erkən nikahın təşkili, uşaqların belə hallara cəlb edilməsi və onların məcbur edilməsi ilə bağlı müəyyən hallarda cinayət və ya inzibati məsuliyyət nəzərdə tutulur. Qohumlar arasında nikahların qarşısının alınması istiqamətində mövcud hüquqi mexanizmlər yetərli deyil. Ailə Məcəlləsində müəyyən qohumlar arasında nikahın bağlanması qadağan edilsə də, qadağanın mövcudluğu ilə onun pozulmasının bütün mümkün yollarının qarşısını alan effektiv nəzarət və çəkindirici mexanizmlərin olması eyni anlayışlar deyil. Bu sahədə daha təsirli hüquqi mexanizmlərə ehtiyac var.
İnzibati Xətalar Məcəlləsində 16 yaşına çatmayan şəxslə bağlı evliliyə dair sövdələşməyə görə cərimə və ya inzibati həbs nəzərdə tutulur. Bu məsələdə yaş həddinin 16-dan 18-ə qaldırılması labüddür”.
Cavanşir Altayın sözlərinə görə, uşağın gələcəyinə təsir edən bu qədər mühüm qərarlarda yalnız bioloji yetkinlik meyarı əsas götürülməməlidir. Psixoloji vəziyyət, intellektual inkişaf və digər amillər də nəzərə alınmalıdır.
Erkən nikah və uşaqların gələcəyi ilə bağlı məsələləri xurafatın, məsuliyyətsiz yanaşmaların və adət-ənənələrin təsirinə buraxmaq olmaz. Dövlət qanunların icrasına ciddi nəzarət etməli, qanun pozuntularına yol verən şəxslər barəsində çəkindirici tədbirlər görməlidir.
Bu məsələdə əsas məqsəd yalnız erkən nikahların qarşısını almaq deyil, həm də gələcək nəslin sağlam inkişafını və bütövlükdə cəmiyyətin tərəqqisini təmin etməkdir.
Erkən nikah məsələsi Azərbaycanda həm sosial, həm də hüquqi baxımdan aktuallığını qoruyan problemlərdən biridir. Bu hal yeniyetmələrin təhsilinə, psixoloji inkişafına, sağlamlığına və gələcək həyatına ciddi təsir göstərə bilər. Erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, ailələrin məsuliyyətinin artırılması və qanunvericiliyin tələblərinə əməl olunması mühüm əhəmiyyət daşıyır. Bəs erkən nikahlarla mübarizədə mövcud tədbirlər nə dərəcədə effektivdir, problemin kökündə hansı sosial və mədəni amillər dayanır və bu halların qarşısını almaq üçün daha hansı addımlar atılmalıdır?
“Nazirlər Kabinetinin 30 sentyabr 2026-cı il tarixli 315 nömrəli qərarı ilə normativ-hüquqi aktlarda "erkən nikah" anlayışının "erkən evlilik" ifadəsi ilə əvəz olunması ilk baxışdan sadə bir terminoloji dəyişiklik kimi görünə bilər”.
Bu fikirləri Avtosfer.az-a müsahibəsində Milli Məclisin deputatı Azər Allahverənov bildirib. O qeyd edib ki, reallıqda terminologiya bu sahədə aparılan kompleks mübarizə strategiyasının yalnız bir elementidir. İslahatın mahiyyəti erkən evliliyin qarşısının alınması üçün daha geniş hüquqi və sosial yanaşmanın bərqərar olunmasını nəzərdə tutur.

“Erkən evliliklə mübarizə yalnız terminologiya və maarifləndirmə üzərində qurula bilməz. Burada hüquqi müdafiə, təhsil, ailə məsuliyyəti və sosial davranışlar komplekt şəkildə öz həllini tapmalıdır. Terminologiyanın dəyişdirilməsi isə bu məsələyə daha geniş çərçivələr müəyyən edir və qarşısının alınması mexanizmlərini özündə ehtiva edir.
“Erkən evlilik mahiyyət etibarilə rəsmi nikah bağlamadan, faktiki olaraq ailə qurmaq və ya birgə yaşamaq məqsədilə yaradılan ittifaqları da əhatə edir. Bu dəyişiklik hüquqi və sosial baxımdan çox ciddi əhəmiyyətə malikdir. Çünki problem yalnız dövlət qeydiyyatına alınan nikahlarla məhdudlaşmır. Bəzi hallarda yetkinlik yaşına çatmayan şəxslər rəsmi nikah olmadan ailə həyatına daxil edilir, faktiki olaraq həyat yoldaşı rolunu daşımağa və ya erkən yaşda valideyn olmağa məcbur edilirlər. Profilaktikanı həyata keçirən aidiyyəti qurumların dərc etdiyi məlumatlarda da bu kimi hallara tez-tez rast gəlinir. Bu səbəbdən də yeni termin daha geniş çevrə müəyyən edir — hətta nikahın özü tanınmasa belə, ailə ittifaqının qurulması elementini əhatə edir. Rəsmi nikahın olmaması erkən ailə ittifaqının sosial və hüquqi mahiyyətini aradan qaldırmır və yeni termin məhz bu reallığın daha dəqiq ifadəsinə xidmət edir”.
A.Allahverənov vurğulayıb ki, terminoloji dəyişiklik maarifləndirmə işinin məzmununa da bilavasitə təsir göstərir. Artıq maarifləndirmə təkcə nikahın yaş həddi ilə kifayətlənmir; erkən ailə qurmağın təhsilə, fiziki və psixoloji sağlamlığa, şəxsi inkişafa və gələcək imkanlara yaratdığı riskləri izah edən geniş izahedici işlər üzərində qurulur.
“Bununla yanaşı, erkən evliliyin qarşısının alınmasında məktəblər, valideynlər, yerli qurumlar, QHT-lər və medianın daha fəal rol oynaması, ictimai məsuliyyətin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir. Terminlərin əvəzlənməsi problemi yüz faiz aradan qaldırmasa da, strategiyanın əhatə dairəsini, hüquqi çərçivəsini, məzmununu və hədəf qruplarını yeni reallıqlara uyğunlaşdırır.
Ailə Məcəlləsinə əsasən nikah yaşı 18-dir və bu norma konkrekt olaraq ailə institutunu qoruyur. Cinayət Məcəlləsinin 152-ci maddəsi isə 16 yaşına çatmayan şəxslərlə cinsi əlaqə və seksual xarakterli digər hərəkətlərə görə konkret cinayət məsuliyyəti nəzərdə tutur. 16–18 yaş aralığındakı məsələlər isə yetkinlik yaşına çatmış şəxsin qərar vermək hüququ nöqteyi-nəzərindən müzakirə predmeti kimi dəyərləndirilə bilər. Düşünürəm ki, bu xüsusda yeniyetmələrin psixoloji və fizioloji sağlamlığının tədqiqi ilə məşğul olan ixtisaslaşmış qurumlar öz şərhlərini verməlidirlər”.
Sonda parlamentari bildirib ki, tətbiq olunan preventiv mexanizmlər hüquqi müdafiənin və məsuliyyətin konkret hüdudlarını göstərir, uşaqların məcburi və ya istismar xarakterli münasibətlərə cəlb edilməsinin qarşısını alır:
"Erkən nikahda və ya evlilikdə olan şəxslərin təhsildən yayınma ehtimalı kifayət qədər yüksəkdir. Bu baxımdan təhsil zəncirinin möhkəmliyi təmin olunmalı, valideynlər və icmalarla ardıcıl iş aparılmalı, müvafiq tədqiqatlar həyata keçirilməlidir. Məsələ bu təfərrüatı ilə nəzarətdə saxlanıldıqda uşaq hüquqlarının həm hüquqi müstəvidə reallaşması, həm də onların sosial müdafiəsi və təhsili təmin olunmuş olacaq”.
Erkən evlilik cəmiyyətdə müzakirə olunan aktual sosial məsələlərdən biri olaraq qalır. Bu hal yeniyetmələrin təhsilinə, psixoloji inkişafına, sağlamlığına və gələcək həyat seçimlərinə təsir göstərə bilər. Erkən nikahların qarşısının alınması, gənclərin hüquqlarının qorunması və ailə institutunda maarifləndirmənin gücləndirilməsi istiqamətində atılan addımlar məsələnin aktuallığını daha da artırır.
Deputat Hikmət Babaoğlunun fikrincə, “erkən nikah” və “erkən evlilik” terminləri semantik baxımından bir-birinə bənzəsə də, amma bir qədər həm də fərqli terminlərdir. Ona görə məhz Nazirlər Kabinetinin “erkən evlilik” terminini necə şərh etməsinə baxılmalıdır.

“Heç də bütün hallarda sözün semantik mənası onun hüquqi terminindən üst-üstə düşmür. Hüquqi ədəbiyyatda termin yerinə işlədiləcək sözlərin əvvəlcədən izahı verilir. Elə qanunlar qəbul ediləndə də, ona görə Nazirlər Kabinetinin qərarındakı “erkən evlilik” deyəndə o terminin izahına baxmalıyıq. Bu, həm də “erkən nikah” deməkdir. Əks təqdirdə, burada fikir müxtəlifliyi yarana bilər. Nikah evliliyi rəsmiləşdirən hadisədir.
Ona görə də bunun yaş həddi də olduqca vacibdir. Qaldı ki, cinsi əlaqə azadlığına... Mənə elə gəlir ki, Azərbaycan mentaliteti bu prosesi özü nizamlayır. Bizim milli xarakterimiz və milli adət-ənənələrimiz... Biz cəmiyyətdə hər şeyi qanunla nizamlamağa çalışa bilmərik. Qanun məcburi davranış qaydasıdır. Ona görə də biz cəmiyyətin və yaxud onun hər bir fərdinin bütün hərəkətlərini məcburi qaydaya sala bilmərik. Dünyanın heç bir yerində belə məsələ yoxdur. Ona görə də mən düşünürəm ki, biz Nazirlər Kabinetinin qərarına da məhz bu kontekstdə yanaşaraq onu düzgün qiymətləndirməyi bacarmalıyıq”.
Vəkil Ramil Süleymanov erkən evliliklərlə bağlı qanunvericilikdə dəyişikliklərin aparılması zamanı ictimai dinləmələrin təşkilinin vacibliyini vurğulayıb. O, Avtosfer.az-a açıqlamasında bildirib ki, hər hansı qanun qəbul edilərkən ilk növbədə ictimai dinləmələr keçirilməli, müvafiq sahənin mütəxəssisləri və ictimaiyyət nümayəndələri prosesə cəlb olunmalıdır.

“Bu müzakirələrdə həkimlərin, hüquqşünasların, psixoloqların, ictimai fəalların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı təmin edilməlidir. QHT-lər də öz növbəsində məsələ ilə bağlı müzakirələrin təşkilində iştirak etməlidirlər.
Erkən nikahlar qəbuledilməzdir və dövlət bu halların qarşısının alınması istiqamətində qanunvericiliyə bir sıra dəyişikliklər edib. Belə ki, erkən nikah mərasimlərinin təşkilinə şərait yaradan ictimai iaşə obyektlərinin sahiblərinin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı da yeni qaydalar tətbiq edilib.
Dövlətin cinsi əlaqə yaşı ilə bağlı məsələləri tənzimləməsi zəruridir. Belə məsələlərə yanaşma zamanı tibbi və digər mütəxəssis rəyləri nəzərə alınmalı, qərarlar müvafiq sahənin mütəxəssislərinin iştirakı ilə qəbul edilməlidir.
Dövlətin əsas vəzifələrindən biri də vətəndaşların maarifləndirilməsini təmin etmək, onların düzgün qərarlar verməsinə və davranışlarını tənzimləməsinə kömək etməkdir. Dövlət cinsi münasibətlərlə bağlı məsələlərə nəzarəti hər zaman və hər yerdə həyata keçirə bilməz. Buna görə də qanunvericilik tədbirləri ilə yanaşı, maarifləndirmə işləri də gücləndirilməlidir”.
Ramil Süleymanov qeyd edib ki, qohum evliliklərinin qarşısının alınmasına yönəlmiş qanunvericilik dəyişikliklərinə baxmayaraq, rəsmi nikah olmadan birgə yaşayan qohumlar və bu münasibətlərdən dünyaya gələn uşaqlarla bağlı məsələlər də diqqətdən kənarda qalmamalıdır.
“Dövlət bu kimi halların nəticələrini nəzərə alaraq, onların həlli üçün müvafiq mexanizmlər hazırlamalıdır. Nəyisə yalnız qadağan edən aparat rolunda çıxış etməməlidir. Dövlət problemin həlli yollarını araşdırmaq funksiyasını da öz üzərinə götürməlidir”, – deyə Ramil Süleymanov vurğulayıb.
Türkan Ülvi
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












