AZƏRBAYCANDA YENİ FIRILDAQÇILIQ! Türkiyə şirkətləri gənclərə aktyorluq vəd edib pul alır? - ARAŞDIRMA

Gündəm 30 Noyabr 2024 12:17 Oxunub 344
AZƏRBAYCANDA YENİ FIRILDAQÇILIQ!  Türkiyə şirkətləri gənclərə aktyorluq vəd edib pul alır? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmzidə Türkiyənin film sahəsində çalışan şəxslərin kütləvi axını əhalinin son illərdə müzakirələrinə səbəb olan əsas mövzulardan birinə çevrilib. Vətəndaşlar arasında belə bir rəy formalaşıb ki, film sektoru Türkiyədə daha keyfiyyətli inkişaf dinamikası mərhələsində olduğu halda Azərbaycana axın etmələrinin altında hansısa mənfi məqsəd var.

Belə ki, əvvəllər türkiyəli sənətçiləri, müğənni və aktyorları ölkəmizə gətirmək üçün bu istiqamətdə marağı olan sahibkarlar külli miqdarda pul xərcləməli olsalar da, artıq bu gün bu məbləğlərin xərclənməyinə gərək belə yoxdur. Çünki Türkiyədə türkcə desək “vizyondan düşən” aktyorlar başqa ölkələrdə biznes fəaliyyətinə başlayırlar. Bu ölkələr əvvəllər Türkiyənin daha mehriban olduğu Almaniya, Macarıstan, Kipr, Gürcüstan, Rusiya olduğu halda, indi artıq demək olar ki, bütün o ölkələrdən imtina edilib və bütün işbazlar Azərbaycana üz tutub.

Avtosfer.az xəbər verir ki, son 1 il ərzində paytaxt Bakı kütləvi şəkildə Türkiyəli aktyor, rejissor və ümumilikdə film sektorunun camaatına qucağını geniş açıb. Həmin sektorun üzvləri Azərbaycana gələrək burada “film akademiyası” və “aktyorluq kursu” adı altında yeni biznes mərkəzləri yaradıblar. Onların bir çoxu sosial şəbəkə hesabları yaradaraq sponsorlu reklam təşkil edirlər ki, paylaşdıqları elanlar ölkə əhalisinin az qala hər fərdinin qarşısına çıxsın.

Əməkdaşımız mövzu ətrafında geniş araşdırma aparıb və məlum olub ki, bu elanların cəlbedici fırıldaqçılıqdan başqa heç bir əhəmiyyəti yoxdur. Belə ki, elanın üzərində “həm öz ölkənin, həm də Türkiyənin yeni tanınan siması sən ol”, “aktyorluq dərslrimizə qoşularaq yeni film layihələrimizdə siz də yer alın” kimi şüarlar qeyd olunur. Ölkəmizdə aktyorluq qabiliyyətinin olduğunu düşünən, əsasən gənclər belə məkanlara üz tutur. Məkana üz tutarkən sizi söz, manipulyasiya ustası olan menecerlər qarşılayər və sizinlə bir otaqda fərdi söhbət aparır. Bu menecerlər daha çox xanımlardan seçilir ki, digər piramida sistemlərindəki kimi inandırılanların sayı davamlı artsın. Həmin xanımlar sizinlə “şirin söhbət muma döndərdikdən” sonra məlum olur ki, 600 manatdan 2000 manata qədər məbləğdə ödəniş müqabilində müqavilə bağlanması mütləqdir.

Belə “aktyorluq akademiyaları”ndan biri də “Ekol Media Akademiyası”dır. Bu “akademiya” Türkiyədə son 3 ildə ortaya çıxan və haqqında fırıldaqçılıq iddiaları səngiməyən təşkilatlardan biridir. Qardaş ölkənin məşhur televiziyaları bu akademiya ilə bağlı şikayəti olan vətəndaşları gündəmdən əskiltmədiyi üçün “Ekol Medya Akademisi” Türkiyədə çox da qol-qanad aça bilməyib və indiyə qədər İstanbul, İzmir, Bakı və Tbilisi ofisləri xaricində heç bir geniş fəaliyyətinə şərait yaradılmayıb. Ən son üz tutduğu ünvan da Bakı olub. Paytaxtda da bu aktyorluq kursu ilə bağlı şikayətlər günü-gündən artır. Özünü təqdim etmək istəməyən gənc şikayətçi bildirir ki, burada hansısa dövlət qurumu tərəfindən təsdiqlənən müqavilə, yaxud qəbz yoxdur ki, onun əsasında harasa şikayət etmək mümkün olsun.

Bu akademiyanın qurucusu, maliyyədarı Murat Akman adlı prodüserdir. O, ətrafına yığdığı “Kurtlar Vadisi” aktyorları ilə birlikdə “Ekol Medya Akademisi”nı qurur və Bakıda fəaliyyət göstərmək üçün komandası ilə birlikdə şəhərin mərkəzi ərazilərindən birində Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 205 ünvanında ofis icarəyə götürür. Burada gəncləri “yeni film ulduzu”na çevirmək vədi altında görüşlərə dəvət edirlər. Murat Akmanın xanım işçiləri müraciət edən şəxslərə onları Türkiyənin məşhur film və serial poliqonlarına, hətta 3 aylıq kursun sonunda bəyənilən və seçilənlər arasında olsalar filmdə rol verəcəkləri ilə bağlı “yağlı vədlər” verərək tilova salırlar.

Daha sonra bu adamlardan müqavilə üçün 20 manatlıq ödəniş edilməsini istəyirlər. Qarşılığında isə “Kiosk”larda satılan qaimə vərəqi ilə guya çek verirlər. Ödənən məbləğ bununla da yekunlaşmır. Sonra “aktyor olmaq arzusu ilə alovlanan” bu gənclər şüşə kabinetdə kamera arxasında bir mətni rola girərək oxumağa məcbur edilirlər. Necə olursa, o kabinetdən çıxan hər kəsin aktyorluq bacarığı Burak Öcivitin, Kıvanç tatlıtuğun, Hande Erçelin aktyorluq qabiliyyəti ilə müqayisə edilir. Sizə aktyor olacağınızı vəd edən şəxslər hər serial bölümünə görə sizə 50-100 manat aralığında ödəniş ediləcəyini də vurğulayır. Növbəti mərhələdə gəncləri növbə ilə qəbul edən xanımlar bildirir ki, qeydiyyat tamamlandığı üçün mütləq şəkildə həmin an, həmin gün ərzində kursun ödənişi edilməlidir. Belə ki, 3 ay təşkil edilən kursun hər ayının ödənişini ilk gün nağd şəkildə ödədikdə vətəndaş 600 manat, hər ay üçün ödəmək istədikdə 800 manat ödəməli olur. Ödənişin edilməsi ilə bağlı xanımlar çox “israrlı”dırlar. Müqavilə bağlandıqdan sonra üstündə o qədər pulu olmayan vətəndaş ödəniş etmək üçün ofisdən ayrıldığı zaman gün ərzində o ödənişi etdirmək üçün qeydiyyatçı və ya menecer xanımlar vətəndaşa bəlkə də 50 dəfə zəng edirlər. Ödəniş edildikdən sonra kursun ilk dərs günü qeydiyyatçı xanımlar tərəfindən vətəndaşlara senarist və rejissor tərəfindən imzalanan müqavilələr göstərilir. Lakin bir nüsxəsi əsla namizədlərə verilmir. Dərslərin bir qismini Türkiyədə 2-3 serial, 2-3 filmdə rol almış aktyor və modellər keçir. Böyük ehtimal ki, bu şəxslərin mövzudan xəbərləri yoxdur. Onlar sadəcə dərslərini keçib aylıq qazanclarını əldə edib bir müddət sonra ölkələrinə qayıdırlar. Gün ərzində sadəcə 1-1.5 saatlıq dərs olur. Kurs dövründə heç vaxt Türkiyədəki poliqonlara səfərlər təşkil edilmir. Nəinki, Türkiyə, heç Azərbaycandakı serial və film çəkilişlərini izləyərək nümunə almaq şansı da verilmir. Çünki bu cür akademiya tipli biznes mərkəzlərini heç bir rejissor, heç bir film istehsalçısı olan şirkət özünə əməkdaş seçmir. Öz adının bu cür “akademiya”larla yanaşı çəkilməsini istəmir.

“Ekol Medya Akademisi” daha sonra aralarından 3-5 nəfəri qısametrajlı 20-30 dəqiqəlik filmə çəkdikləri gənclərə hazırlanan məhsulu “Xəzər” və digər televiziyalara satdıqdan sonra aktyorluqla əlaqəli ödənişlər edəcəklərini bildirirlər. Lakin heç bir televiziya onların bu fırıldaq layihəsini ekranına buraxmadığı zaman şirkət artıq rol verdiyi gənclərə müxtəlif yalanlar uydurmaqla vəziyyəti unutdurmağa çalışırlar.

Mövzu ilə əlaqədar, ölkəmizin dəyərli sənətçıilərinin, xalq artistlərinin fikirlərini də öyrəndik. Xalq artisti Qurban İsmayılov saytımıza müsahibəsində bildirdi ki, bu cür “film kursları”nın təşkilində bu insanları ölkəmizə dəvət edənlərin maraqları var:

“Mən günahı onlarda görürəm. Onlar bu şəraiti yaradır və nəticədə bizim insanlarımıza kələk gəlirlər. Mən düşünürəm ki, qeyd etdiyiniz müqavilə elə bağlanmalıdır ki, sonra o insanları məhkəməyə vermək mümkün olsun. Müqavilə bağlayan şəxslər diqqətli olsalar, onlara kələk gəldiklərinə əmin olduqları zaman həmin akademiyanı məhkəməyə verib təzminat tələb edə bilərlər. Çox vaxt insanlarımız müqavilələrə gözüyumulu qol çəkir. Müqavilədəki şərtlərlə bağlı sual verməkdə utanırlar. Düşünürlər ki, hansısa sual verilməsi qarşı tərəfin mənfi reaksiyasına səbəb olar. Gənclər belə şirkətlərdən soruşmalıdır ki, tutaq ki, 800 manatdır, nə qədərdir, verdim, sonra alınmadı. Onda necə olacaq? Bu ölkədə həmişə  “Şeyx Nəsrullahlar” olub. Ona görə də ehtiyatlı olmaq lazımdır. Bu adamlar özbaşına bu ölkəyə gəlmir ki. Onları bura gətirənlər var. Burada sertifikatı olmadan, Mədəniyyət Nazirliyindən icazəsi olmadan necə bu fəaliyyəti həyata keçirə bilir? Diqqətli olmaq lazımdır. Bu insanalr 3-5 aylıq qazanclarını götürüb ölkədən çıxa da bilərlər”

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev deyir ki, qeyd olunan məktəblərin (film akademiyalarının) fəaliyyətindən xəbəri yoxdur:

“Əgər belə akademiyalar varsa, bu mövzu ilə aidiyyəti təşkilatlar məşğul olmalıdır. Çünki 3-5 aya aktyor yetişdirmək mümkün deyil. Bunlar hamısı  fırıldaqçılığın əlamətləridir. Gənclərə orada nə aktyorluq sənəti öyrədilir, nə də onları filmə çəkirlər. Deməli, burada nəsə şübhəli məqamlar var. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları araşdırma aparmalıdır”.

“Ekol Medya Akademi”nin Azərbaycanın qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərib-göstərməməsi ilə bağlı Dövlət Vergi Xidmətinin rəsmi saytında hüquqi şəxslərin ad üzrə axtarış yerində kursun adını qeyd etdiyimiz zaman şirkətin VÖEN kodu və digər məlumatları görmək mümkündür.

Məsələ ilə bağlı sorğumuza cavab verən qurumun mətbuat katibi Şahin Məmmədov bildirib ki, yaranan narazılıqla bağlı qurumda hər hansı məlumat yoxdur və bunu araşdırmaq dövlət xidmətinin işi deyil:

“Ümumiyyətlə vergi yoxlamaları ilə bağlı qaydalar var. Yoxlama o vaxt təyin olunur ki, vergi ödəyicisində yayınmaya dair bizdə əsaslı şübhələr olsun. Vergi ödəyicilərinin fəaliyyətinə nəzarət elektron qaydada təmin olunur. Onların təqdim etdiyi bəyannamələr, əlaqəli məlumatlar əsasında aparılan təhlillər, e-qaimələr üzrə kənarlaşamalar və ya uyğunsuzluqlar olarsa vergi ödəyicisinə məlumat verilir”.

Bəs əgər sahibkar hansısa maxinasiyalarla bəyannamələr və e-qaimələri sistemə ona sərf edən üslubda daxil edirsə, onda necə? Bütün hallarda sahibkarlıq fəaliyyəti toplu deyil, fərdi yanaşma tətbiq edilərək yoxlanışı həyata keçirilməli deyil? Bu suallarımıza Şahin Məmmədov belə cavab verdi:

“Bəyannamələrə yanlış məlumatın daxil edilməsi, təbii ki, müvafiq məsuliyyət yaradır. E-qaimə isə qarşılıqlı əməliyyatdır, hər iki tərəf üzrə çarpaz yoxlanışdan keçir. Hər bir halda bütün əməliyyatlar vergi orqanının kameral vergi nəzarətindən keçir. Yanlış məlumat, səhv məlumat daxil edilibsə, mütləq halda kameral vergi yoxlaması zamanı aşkar edilir. Vergi ödəyicisindən əməliyyatlar barədə təsdiqedici sənədlər istənilir. Təqdim etmədiyi halda kameral hesablamalar aparılır. Kameral vergi nəzarəti də yoxlama növlərindən biridir”.

Mövzunu diqqətdə saxlayıb şikayətçilərin açıqlamaları əsasında aidiyyəti dövlət qurumları ilə bu akademiyaların faəliyyətini araşdırmaqda davam edəcəyik.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh