Banner

Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA

Gündəm 2 Noyabr 2026 11:00
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
WhatsApp kanalımıza abunə olun

Gürcüstanda qeydiyyatda olan avtomobillərin sayı 2 milyonu ötüb. Azərbaycanda isə bu göstərici 1,93 milyona yaxındır. Hər iki ölkədə avtomobillərin əhəmiyyətli hissəsi paytaxt şəhərlərində cəmləşib.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev iki ölkənin avtomobil parkı ilə bağlı statistik göstəriciləri müqayisə edərək şəhərlərdə nəqliyyat planlaşdırılmasının əhəmiyyətinə diqqət çəkib.

Onun sözlərinə görə, Gürcüstanın Milli Statistika Xidmətinin (Geostat) 2026-cı ilin III rübünə dair məlumatına əsasən, ölkədə qeydiyyatda olan avtomobillərin sayı 2 010 195-dir. Bu avtomobillərin 984 369-u, yəni təxminən 49 faizi Tbilisinin payına düşür. Digər regionlarda isə 1 milyondan bir qədər çox avtomobil qeydiyyatdadır.

Azərbaycanda isə ölkə üzrə avtomobillərin ümumi sayı 1 934 598 təşkil edir. Daxili İşlər Nazirliyinin 2025-ci il mayın 27-nə olan məlumatına əsasən, onların 804 223-ü Bakıda qeydiyyatdadır. Bu, ölkə üzrə avtomobillərin təxminən 41,6 faizinə bərabərdir.

Ekspertin diqqətə çatdırdığı rəqəmlər göstərir ki, Tbilisidə ölkə üzrə avtomobillərin təxminən yarısı, Bakıda isə hər 10 avtomobildən 4-dən çoxu qeydiyyatdadır.

Rauf Ağamirzəyev hesab edir ki, bu göstəricilər paytaxt şəhərlərində nəqliyyatın düzgün planlaşdırılmasının nə qədər vacib olduğunu bir daha ortaya qoyur. Əsas məsələ avtomobillərin sayından daha çox, şəhərlərin artan nəqliyyat yükünü necə idarə etməsidir.

Avtomobillərin sayının artması avtomatik olaraq yol infrastrukturunun genişləndirilməsini əsas prioritetə çevirməməlidir. Bunun əvəzinə alternativ hərəkət imkanlarının inkişaf etdirilməsi, ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi və şəhər məkanının avtomobildən asılılığı azaldacaq şəkildə təşkili vacibdir.

Qeyd edək ki, müqayisədə istifadə olunan göstəricilər eyni dövrə aid deyil. Gürcüstan üzrə rəqəmlər 2026-cı ilin III rübünü, Azərbaycan üzrə ümumi avtomobil sayı və Bakı göstəricisi isə fərqli tarixlərə əsaslanır. Buna görə də məlumatlar iki ölkədəki hazırkı vəziyyətin tam eyni tarix üzrə müqayisəsi kimi qiymətləndirilməməlidir.

Eltac Zülfüqaroğlu

 

Oxunub : 252
ŞƏRH YAZ
Ad

E-mail

Şərh