Bakıda abidənin tikinti tarixi səhv verilib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB

Paytaxtda tarixi-memarlıq abidələri ilə bağlı məlumat lövhələrində ciddi uyğunsuzluqlar olduğu iddia edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə memar Elçin Əliyev məlumat yayıb.
Onun sözlərinə görə, 2023-cü ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ilk dəfə ixtisasca memarın rəhbər təyin olunması sahədə müsbət dəyişikliklərə ümid yaratmışdı. Xüsusilə nəzərə alınırdı ki, əvvəlki rəhbərlərin vəzifədən uzaqlaşdırılması və cinayət məsuliyyətinə cəlb olunması fonunda bu təyinat yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilirdi.
Memar bildirir ki, gözləntilərin əksinə olaraq, bir çox istiqamətlərdə vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşib. Onun fikrincə, bunun ən bariz nümunələrindən biri dövlət tərəfindən qorunan binaların üzərinə yerləşdirilən məlumat lövhələridir.
Elçin Əliyev qeyd edib ki, həmin lövhələrin böyük əksəriyyətində tikililərlə bağlı yanlış məlumatlar yer alır, tarixi faktlar təhrif olunur və abidələrin inşa tarixləri düzgün göstərilmir. Onun sözlərinə görə, bu cür səhvlər artıq mübahisəli məsələlər deyil, açıq və dəqiq faktlarla bağlıdır.
Memar konkret nümunə kimi paytaxtın Əliövsət Quliyev küçəsində yerləşən binanı göstərib. O bildirib ki, binanın fasadında daş üzərində həkk olunmuş yazıdan onun 1888-ci ildə tikildiyi aydın görünür. Lakin buna baxmayaraq, sonradan quraşdırılan məlumat lövhəsində tikilinin 1911-ci ilə aid olduğu qeyd edilib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Avtosfer.az-a verilən açıqlamada bildirilib ki, sözügedən abidənin inşa tarixi 2001-ci ildə təsdiq olunmuş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında 1911-ci il olaraq qeyd olunub:
"Bu sahədə üstün hüquqi sənəd həmin qərar olduğu üçün orada verilmiş tarixi məlumatlar əsas götürülüb və məlumat lövhəsi də ona uyğun hazırlanıb.
Sözügedən siyahıda bir sıra abidələrin tarixi, ünvanları ilə bağlı yanlışlıqlar mövcuddur. Həmin siyahının yenilənməsi üçün Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Tarix və mədəniyyət abidələrinin siyahısına dəyişikliklər edilməkdədir və adları, ünvanları, eləcə də tarixləri düzgün göstərilməyən abidələrin məlumatlarına da mərhələli şəkildə düzəlişlər olunur. Həmin abidənin üzərindən məlumat lövhəsinin götürülməməsi, məlumatlara düzəliş edilənədək tarixi tikilinin mühafizə olunduğunu diqqətə çatdırmaq məqsədi daşıyır".
Qeyd edək ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Eltac Zülfüqaroğlu
“Lukoyl” məntəqələrində MƏHDUDİYYƏT - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA














