Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ

Oktyabrın 15-də Bakıda Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammiti keçiriləcək. Tədbirdə üzv və müşahidəçi dövlətlərin, eləcə də tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Sammit regional təhlükəsizlik, dövlətlərarası münasibətlər və nəqliyyat əlaqələri baxımından diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, AQEM-in 28 üzv dövləti arasında bir-biri ilə münasibətləri gərgin olan ölkələrin də yer alması sammitə marağı artıran amillərdəndir. Təşkilatın tərkibində Azərbaycanla yanaşı, Çin, Hindistan, İran, İsrail, Pakistan, Rusiya, Türkiyə və digər dövlətlər təmsil olunur.
Politoloq sammit çərçivəsində Hindistan və Çin nümayəndələri ilə keçirilə biləcək təmaslara da diqqət çəkib.
Kambocanın Baş naziri Hun Manet, Laos Prezidenti Thonqlun Sisulit və Hindistanın xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqh sammitdə iştirak etmək üçün artıq Bakıya gəliblər.
Hindistanın xarici işlər üzrə dövlət naziri sosial şəbəkədəki paylaşımında Bakıya səfərinin məqsədinin AQEM-in VII sammitində iştirak etmək olduğunu bildirib. O, regional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi, Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi ilə bağlı konstruktiv dialoqa ümid etdiyini vurğulayıb. Kirti Vardhan Sinqhin səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə müxtəlif görüşlər keçirməsi də mümkündür.
Elxan Şahinoğlu bildirib ki, Hindistanın Ermənistanla hərbi əməkdaşlığı Azərbaycanda narahatlıq doğursa da, Bakı ilə Yeni Dehli arasında dialoq davam edir. Hindistanın Azərbaycanın ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından yararlanmaqda maraqlı olduğunu qeyd edən politoloq vurğulayıb ki, bu marşrut Hindistana Rusiya bazarına daha qısa yolla çıxış imkanı verə bilər. Bunun üçün isə İran ərazisində nəzərdə tutulan nəqliyyat infrastrukturunun inkişafı vacibdir. Çinin xarici işlər naziri Van İnin səfərinin də diqqətəlayiq olduğunu bildirib.
Onun sözlərinə görə, Çinli diplomat Bakıdan sonra Xorvatiya, Monteneqro və Bolqarıstana səfər edəcək. Van İnin Azərbaycana sonuncu səfərinin yeddi il əvvəl baş tutduğunu xatırladan Elxan Şahinoğlu, budəfəki səfər zamanı ikitərəfli münasibətlərin və nəqliyyat layihələrinin müzakirə oluna biləcəyini proqnozlaşdırıb.
Politoloqun qənaətinə görə, Pekin Orta Dəhlizə maraq göstərsə də, marşrutun “Tramp yolu” kimi tanınan hissəsi ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirib. O hesab edir ki, Azərbaycan rəsmiləri Çin nümayəndə heyəti ilə görüşlərdə Zəngəzur dəhlizinin Çin üçün mümkün iqtisadi və nəqliyyat üstünlüklərini diqqətə çatdıra bilərlər.
Qeyd edək ki, AQEM-in VII sammiti Azərbaycanın 2024–2026-cı illəri əhatə edən sədrliyi dövründə keçirilən əsas tədbirlərdəndir. Təşkilatın gündəliyində Asiyada etimadın möhkəmləndirilməsi, təhlükəsizlik, nəqliyyat əlaqələrinin inkişafı və regional əməkdaşlığın genişləndirilməsi məsələləri yer alır.
Eltac Zülfüqaroğlu
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI












