Banner

Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA

Gündəm 4 Noyabr 2026 12:00
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə olun

Bakıda piyada hərəkəti üçün nəzərdə tutulan səkilərin vəziyyəti və əlçatanlıq məsələsi gündəmə gəlib. Paytaxtın bir sıra küçələrində səkilərin pillələrlə bölünməsi, bir-biri ilə əlaqəsinin kəsilməsi və müxtəlif obyektlər tərəfindən zəbt olunması piyadaların hərəkətini çətinləşdirir. Nəticədə insanlar bəzən maneələri aşmaq üçün yolun hərəkət hissəsinə çıxmağa məcbur olurlar.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu problemlə bağlı müşahidələrini bölüşərək piyada infrastrukturunun inkişafı istiqamətində bir sıra təkliflər irəli sürüb.

Ekspertin sözlərinə görə, o, bu günlərdə Statistika Komitəsinin yaxınlığından Mərkəzi Banka qədər təxminən 2,4 kilometrlik məsafəni piyada qət edib. Saat 18:00 radələrində bir neçə mərkəzi küçədən keçərkən səkilərin vəziyyətinin qənaətbəxş olmadığını müşahidə edib. Onun diqqətini xüsusilə piyada yollarının fasiləsiz olmaması, maneələrlə üzləşməsi və bəzi ərazilərdə zəbt edilməsi çəkib.

Rauf Ağamirzəyev hesab edir ki, Bakıda nəqliyyat infrastrukturunun inkişafı yalnız metro stansiyalarının, avtobus zolaqlarının və mikromobillik yollarının sayı ilə ölçülməməlidir. Piyadaların gündəlik hərəkət imkanları da konkret göstəricilər əsasında qiymətləndirilməlidir.

Bunun üçün təmir edilmiş səkilərin ümumi uzunluğu, yaradılmış fasiləsiz piyada marşrutları, yenilənmiş piyada keçidləri və maneəsiz hərəkət üçün əlçatan vəziyyətə gətirilmiş ərazilər barədə açıq statistikanın hazırlanmasını vacib sayır.

Həmçinin piyadaların istifadə etdiyi marşrutların və qarşılaşdıqları problemlərin qeydə alınması üçün rəqəmsal platformanın yaradılmasını təklif edir. Belə platforma vasitəsilə vətəndaşlar səkilərdəki qırılmaları, zəbt olunmuş sahələri və təhlükəli keçidləri foto və video ilə xəritədə qeyd edə bilərlər. Bu isə problemlərin müəyyənləşdirilməsinə və infrastruktur layihələrində prioritetlərin düzgün seçilməsinə kömək edə bilər.

Rauf Ağamirzəyev piyada infrastrukturunun yaxşılaşdırılması üçün səkilər arasında fasiləsiz əlaqənin təmin edilməsini, piyada keçidlərinin artırılmasını, səkilərin zəbt olunmasının qarşısının alınmasını və görülən işlərlə bağlı mütəmadi hesabatların açıqlanmasını zəruri hesab edir.

Ekspert vurğulayıb ki, şəhər mobilliyi insanların evdən çıxaraq dayanacağa, işə, məktəbə və digər ünvanlara nə qədər təhlükəsiz və maneəsiz çata bilməsi ilə də ölçülməlidir. Piyada infrastrukturu şəhər nəqliyyatının başlanğıc və son nöqtəsidir və bu sahədəki çatışmazlıqlar digər nəqliyyat növlərinin səmərəliliyinə də təsir göstərir.

Eltac Zülfüqaroğlu

Oxunub : 238
ŞƏRH YAZ
Ad

E-mail

Şərh