Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq?

Gündəm 1 Avqust 2026 16:22
Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq?
WhatsApp kanalımıza abunə olun

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin qərarı ilə Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.

Bu da ali təhsil müəssisəsindən indiyədək məzun olmuş şəxslərin diplomlarının hüquqi statusu ilə bağlı suallar yaradıb.

Universitet fəaliyyətini dayandırsa da, əvvəllər verilmiş diplomların taleyinin necə tənzimlənəcəyi və onların hüquqi qüvvəsini saxlayıb-saxlamayacağı maraq doğuran məsələlərdəndir.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması, əlbəttə ki, orada təhsil alan tələbələrin və ya bu ali təhsil müəssisəsini bitirmiş məzunların gələcək taleyi ilə bağlı hər hansı problem yaratmayacaq:

“Çünki universitetin fəaliyyət göstərdiyi dövrdə verilmiş dövlət nümunəli təhsil sənədləri hüquqi qüvvəyə malikdir.

Ona görə də həmin diplomlar işə qəbul, xaricdə təhsilin davam etdirilməsi və digər məsələlərdə ciddi problem yaratmayacaq.

Qaldı ki, hazırda universitetdə təhsil alan II, III və IV kurs tələbələrinin gələcək aqibətinə, onlar müvafiq qaydada əvvəlcə özəl, daha sonra isə zərurət yaranarsa, dövlət universitetlərinə köçürüləcəklər.

Təbii ki, köçürülmə mövcud ixtisaslar üzrə həyata keçiriləcək. Ola bilər ki, bəzi tələbələrə logistika baxımından daha münasib ali təhsil müəssisələri təklif olunsun.

Məsələn, tələbə rayon qeydiyyatındadırsa və həmin rayonda uyğun universitet fəaliyyət göstərirsə, ona həmin ali məktəb təklif edilə bilər. Yaxud dövlət universitetində eyni ixtisas mövcuddursa, tələbə həmin ixtisasa yönləndirilə bilər".

O bildirib ki, burada əsas diqqət yetirilməli məqam, məhz tələbələrin indiyədək ödədikləri illik təhsil haqqının qorunub saxlanılmasıdır:

“Fikrimcə, bu prinsip qüvvədə qalacaq və tələbələrin hansı universitetə köçürülməsindən asılı olmayaraq, onlar əvvəl ödədikləri təhsil haqqı ilə təhsillərini davam etdirəcəklər.

Yəni tələbə Bakı Qızlar Universitetində illik 2 500 manat təhsil haqqı ödəyirdisə, köçürüldüyü universitetdə ondan 3 000–3 500 manat tələb olunmamalıdır. Çünki universitetin bağlanması tələbənin günahı deyil".

Onun sözlərinə görə, bun gün Bakı Qızlar Universitetində 430, 450, hətta 500 balla təhsil alan vətəndaşlarımız da var, onlar da prestijli universitetlərə köçürülə bilərlər:

“Qeyd edim ki, sözügedən universitetdə əsasən pedaqoji yönümlü ixtisaslar tədris olunurdu. Məhz söhbət dövlət universitetlərindən gedirsə, bu ixtisaslar isə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti kimi dövlət ali təhsil müəssisələrində də mövcuddur.

Əgər tələbənin topladığı bal digər bir ixtisasın keçid balı ilə uyğunluq təşkil edirsə, həmin tələbələr həmin universitetlərə köçürülə bilərlər. Buna görə də buna kimsə etiraz etməməlidir". 

O vurğulayıb ki, hazırda Bakı Qızlar Universitetinin diplomlarının etibarlılığı ilə bağlı narahatlığa əsas yoxdur:

"Bizdə elə universitetlər olub ki, 2000-ci illərin əvvəllərində mövcud idi. Amma hazırda həmin universitetlər artıq yoxdu. Onların verdiyi diplomlar da artıq bir işə yaramır.

Ola bilər ki, 20 il sonra bu diplomlar da müvafiq qurumlar tərəfindən qeyri-ciddi qəbul olunsun. Amma hazırkı vəziyyətdə, ən azı yaxın 20 il ərzində o diplomlar rahat işləyə biləcək".

Oxunub : 588
ŞƏRH YAZ
Ad

E-mail

Şərh