Banner

Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA

Gündəm 9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə olun

Bakıda yeni avtobus marşrutlarının yaradılması, tramvay xətlərinin çəkilməsi və yeni yaşayış komplekslərinin salınması nəqliyyat sisteminə necə təsir edəcək?

Bu suallara layihələr həyata keçirildikdən sonra deyil, əvvəlcədən cavab tapmaq mümkündür. Bunun üçün müasir şəhərlərdə nəqliyyat modelləşdirməsindən istifadə olunur.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə danışarkən bildirib ki, PTV VISUM kimi proqramlar vasitəsilə şəhərin nəqliyyat sistemi rəqəmsal mühitdə modelləşdirilir, müxtəlif ssenarilər sınaqdan keçirilir və planlaşdırılan layihələrin mümkün təsirləri əvvəlcədən qiymətləndirilir.

Ekspertin sözlərinə görə, Bakı aqlomerasiyasının nəqliyyat modeli geniş məlumat bazasına əsaslanır. Modelə 120 min nəqliyyat qovşağı, 300 min nəqliyyat kəsişməsi, 1 700 nəqliyyat rayonu, 5 800 dayanacaq nöqtəsi, 540 marşrut variantı, 19 nəqliyyat sistemi, 8 nəqliyyat seqmenti və 30 tələb təbəqəsi daxildir.

Bu məlumatlar əsasında yeni avtobus marşrutlarının tətbiqinin sərnişin axınlarına təsirini, tramvay xətlərinin hansı küçələrdə nəqliyyat yükünü dəyişəcəyini, yeni yaşayış komplekslərinin nə qədər əlavə səfər yaradacağını hesablamaq mümkündür. Eyni zamanda, yeni məktəblərin, iş və ticarət mərkəzlərinin ətraf yollara təsiri, eləcə də günün müxtəlif saatlarında hansı kəsişmələrdə əlavə sıxlığın yaranacağı əvvəlcədən təhlil edilə bilər.

Rauf Ağamirzəyev qeyd edib ki, bu cür modelləşdirmə nəticələri həm ayrı-ayrı küçə və kəsişmələr, həm də bütövlükdə Bakı aqlomerasiyası səviyyəsində qiymətləndirməyə imkan verir.

Nəqliyyat modellərinin əsas üstünlüyü yalnız mövcud vəziyyəti təhlil etmək deyil, həm də gələcəkdə qəbul ediləcək qərarların nəticələrini proqnozlaşdırmaqdır. Bu yanaşma şəhərsalma və nəqliyyat planlaşdırılması zamanı daha əsaslandırılmış qərarların qəbuluna, mümkün problemlərin layihələr həyata keçirilməzdən əvvəl müəyyənləşdirilməsinə kömək edə bilər.

Bakı kimi sürətlə urbanizasiya olunan aqlomerasiya üçün nəqliyyat modelləşdirməsinin tətbiqi xüsusilə əhəmiyyətlidir. Şəhərdə yeni yaşayış və iş mərkəzlərinin yaranması, sərnişin tələbatının dəyişməsi və nəqliyyat infrastrukturunun genişləndirilməsi bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməlidir.

Beləliklə, nəqliyyat layihələrinin əvvəlcə rəqəmsal modeldə sınaqdan keçirilməsi, mümkün risklərin və təsirlərin təhlil olunması, daha sonra isə real şəraitdə tətbiqi şəhərin gələcək nəqliyyat sisteminin daha səmərəli planlaşdırılmasına şərait yarada bilər.

Eltac Zülfüqaroğlu

FOTO QALEREYA
Oxunub : 328
ŞƏRH YAZ
Ad

E-mail

Şərh