Banner

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA

Gündəm 14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Aprelin 1-dən etibarən kartdan-karta pul köçürmələrinə yeni xidmət haqlarının tətbiqi vətəndaşların bank əməliyyatlarına əlavə xərc yarada bilər. Dəyişikliklərin gündəlik pul köçürmələrinə, eləcə də vətəndaşların bank xidmətlərindən istifadə vərdişlərinə necə təsir edəcəyi müzakirə mövzusudur.

Avtosfer.az xəbər verir ki, yeni tariflərin tətbiqinin bankların komissiya siyasətinə təsiri və pul köçürmələrinin vətəndaşlar üçün daha baha başa gəlib-gəlməyəcəyi ilə bağlı suallar yaranır. Bəs bu dəyişikliklər vətəndaşların gündəlik xərclərinə necə təsir edə bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, kartdan-karta köçürmələrə tətbiq edilən yeni tariflərin birbaşa vətəndaşlara aidiyyəti yoxdur:


''Söhbət Ani Ödənişlər Sistemi və AZIPS üzrə banklararası hesablaşmalardan gedir. Bu tariflər vətəndaşlara göstərilən xidmətləri deyil, əsasən banklar və ödəniş sistemlərinin iştirakçıları arasında aparılan hesablaşmaları əhatə edir. Vətəndaşlar hər hansı bank xidmətindən pulsuz istifadə etdikdə bu, həmin xidmətin banka xərc yaratmadığı anlamına gəlmir. Məsələn, bankomatdan pul çıxarılması və ya kartdan-karta köçürmələrin həyata keçirilməsi bank üçün müəyyən xərclər yaradır. 
Sadəcə, bank öz siyasətindən asılı olaraq bu xərcləri müştəridən tutmaya və ya müəyyən komissiya tətbiq edə bilər. Yeni tariflərin müəyyənləşdirilməsində əsas məqsədlərdən biri banklararası hesablaşmalarda vahid qaydaların və şəffaflığın təmin edilməsidir. Əvvəllər iştirakçılar öz aralarında razılaşaraq müxtəlif tariflər müəyyən edə bilirdilərsə, indi bu tariflər normativ qaydalarla tənzimlənir. Yeni tariflərin vətəndaşların kartdan-karta köçürmələrinə təsirinə gəlincə, bu, əsasən bankların öz qiymət siyasətindən asılı olacaq. Hazırda da bəzi banklar müəyyən məbləğə qədər köçürmələri komissiyasız həyata keçirir, digərləri isə xidmət haqqı tutur. Bank istəsə, kartdan-karta köçürməni pulsuz təqdim edə, istəsə də komissiya tətbiq edə bilər. Buna görə də yeni tariflərin tətbiqinin avtomatik olaraq vətəndaşlar üçün əlavə xərc yaradacağını düşünmürəm''.

İqtisadçı qeyd edib ki, nanklararası hesablaşmalarda müəyyən xərclər əvvəldən də mövcud olub:
''Yeni qaydalar həmin xərclərin sistemləşdirilməsinə və tariflərə yuxarı hədlərin müəyyənləşdirilməsinə xidmət edir. Bu baxımdan, qərarın bankların müştərilər üçün müəyyən etdiyi komissiyalara dərhal və məcburi şəkildə təsir göstərəcəyini gözləmirəm. Kartla ödənişlər zamanı tətbiq edilən ''interchange''haqqı da yeni yaranmış mexanizm deyil. Vətəndaş mağazada, aptekdə və ya başqa ticarət obyektində kartla ödəniş etdikdə bu sistem çərçivəsində banklar və ödəniş iştirakçıları arasında müəyyən hesablaşmalar aparılır. Mərkəzi Bankın müəyyən etdiyi qaydalar isə həmin haqqın yuxarı həddini tənzimləyir. Buna görə də söhbət tamamilə yeni ödənişin tətbiqindən deyil, mövcud mexanizmin tənzimlənməsindən gedir. 
Ümumilikdə, yeni tariflərin əsas məqsədi vətəndaşların maraqlarının qorunması, kiçik və orta biznesin dəstəklənməsi, şəffaflığın artırılması və rəqabət imkanlarının genişləndirilməsidir. Tariflərin konkret hədlərlə müəyyənləşdirilməsi banklarla biznes subyektləri arasında daha aydın və proqnozlaşdırıla bilən münasibətlərin qurulmasına kömək edə bilər. Xüsusilə maliyyə imkanları məhdud olan kiçik və orta sahibkarlıq subyektləri üçün bu cür tənzimləmə əhəmiyyət daşıyır''.

Fatimə

Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh