Bazarda müştəri sayı azalıb: Marketdəki baha qiymətlər vətəndaşlara niyə cəlbedici gəlir? - SOSİOLOQ - FOTO

Bir vaxtlar paytaxtın istənilən bazarına daxil olanda alıcıların səs-küyü, satıcıların qışqırıqlı çağırışları, tərəvəzlərin, meyvələrin təravətli qoxusu ilə dolu bir mənzərə qarşılayardı insanı.
Avtosfer.az xəbər verir ki, indi isə həmin yerlərdə səssizlik hökm sürür. Satıcılar deyir ki, əvvəllər səhər tezdən tezgahlarının qarşısında növbə olurdu, indi isə günlərlə müştəri üzünə həsrət qalanlar var. Əvvəllər ailələr bazar gəzintisini bir növ adət sayırdılarsa, indi eyni məhsulları marketdən almaq daha rahat görünür. Bəs rahatlıq ənənəni üstələyibmi? Yoxsa bazarların özündə nəsə dəyişib?

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı saytımıza açıqlamasında bildirib ki, bazarlar həmişə adi ticarət şəbəkələrinə nisbətən daha sərfəli və münasib alış-veriş məkanı olub:
“Qiymət baxımından bazarlarda məhsullar bəzən iki, hətta üç-dörd dəfə daha ucuz olur. Bundan əlavə, bazarlarda seçim imkanı daha genişdir, ölkənin müxtəlif bölgələrindən, kəndlərindən birbaşa gətirilmiş məhsulların müxtəlif növləri təqdim olunur. Lakin son illər market şəbəkələrinin sürətli inkişafı nəticəsində bazarların sayı azalıb, fəaliyyətləri məhdudlaşdırılıb. Bazarların yerləşdiyi ərazilərdə avtomobil saxlamaq üçün yerlərin olmaması da insanların bu məkanlara gəlməsini çətinləşdirir. Nəticədə, bazarlara gedənlərin sayı azalıb”.
Sosiloq deyir ki, digər mühüm səbəblərdən biri isə cəmiyyətdə tənbəlliyin artması, komfort həyat tərzinin güclənməsidir:
“İnsanlar artıq nəinki bazarlara, hətta marketlərə getməkdənsə, birbaşa onlayn sifariş verməyə üstünlük verirlər. Bir çox hallarda insanlar bir qədər uzaqda yerləşən, daha ucuz mağazaya getmək əvəzinə, qapısının qarşısındakı marketdən ikiqat baha məhsulu almağı rahatlıq hesab edirlər. Bununla yanaşı, marketlərdə satılan meyvə-tərəvəzlərin böyük hissəsi genetik dəyişdirilmiş və dərman vasitələri ilə yetişdirilmiş məhsullardır. Onların uzun müddət təzə görünməsi üçün müxtəlif kimyəvi spreylərdən istifadə edilir. Halbuki bazarlarda satılan məhsullar əsasən kənd təsərrüfatçılarının öz həyətlərində, təsərrüfatlarında yetişdirdikləri təbii və təmiz məhsullardır. Təəssüf ki, bu və digər səbəblər bazarların tədricən sıradan çıxmasına gətirib çıxarıb. Bir tərəfdən, market şəbəkələri bazarların fəaliyyətini məhdudlaşdırmağa çalışır, digər tərəfdən isə bazarların infrastruktur problemləri insanların ora üz tutmasını çətinləşdirir. Halbuki dünyanın bir çox ölkələrində bazar və yarmarkalar həm ucuzluq, həm də geniş seçim baxımından ən çox üstünlük verilən ticarət formasıdır. Hətta bəzi ölkələrdə küçə ticarəti belə qanuni şəkildə təşviq edilir. Bizdə isə əksinə, bu fəaliyyətlər məhdudlaşdırılıb, nəticədə alıcılar marketlərə yönəldilib”.
Elçin Bayramlı problemin həlli üçün bir neçə təklif irəli sürüb:
“Ölkənin bütün şəhərlərində daimi fəaliyyət göstərən yarmarkalar təşkil edilməlidir. Bakı şəhərində ən azı 10, bölgələrdə isə 1-3 daimi yarmarka fəaliyyət göstərməlidir. Bu yarmarkalara yalnız öz məhsulunu istehsal edən kəndlilər və fermerlər buraxılmalı, alverçilərə icazə verilməməlidir. Yarmarka iştirakçılarından nə yer pulu, nə də vergi alınmamalıdır.
Bu cür yanaşma həm yerli istehsalçıların gəlirini artırar, həm də ölkədə məhsul bolluğu və ucuzluq yaradar. Eyni zamanda, insanlar daha keyfiyyətli və təbii məhsullara əlçatan olarlar. Belə bir sistemin qurulması həm kənd təsərrüfatının inkişafına, həm də istehlakçıların rifahına xidmət edər. Market şəbəkələrinin deyil, vətəndaşların marağı ön planda tutulmalıdır”.
Fidan
Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI
Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağışlar yağacaq
Azərbaycanın adı dəyişdirilməlidir? - Deputatın təklifinə həmkarından reaksiya
Paytaxtın 11 küçəsində tıxac var - SİYAHI - FOTOLAR
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU










