Banner

Bədənşəkilləndirmə əməliyyatı qadınlarda hansı problemlərə səbəb olur? – Eskpertlərdən AÇIQLAMA

Gündəm 10 Dekabr 2025 19:03 Oxunub 130
Bədənşəkilləndirmə əməliyyatı qadınlarda hansı problemlərə səbəb olur? – Eskpertlərdən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq uzun illərdir ki, xarici görünüşə görə aparılan mübarizə bu gün getdikcə sərt, hətta daha qəddar bir yarışa çevrilib. Sosial şəbəkələrin yaratdığı süni gözəllik standartları, amansız tələblər və mükəmməl olmaq fikri bir çox insanı öz bədənindən narazı salır. 

Ən çox zərər isə qadınlara dəyir. Çünki cəmiyyət qadından həm təbii gözəl olmağı tələb edir, həm də təbii olana dəyər vermir. Təbii görünüşü bəyənməyənlər, edilən müdaxilələri də tənqid edirlər. Bu situasiyanın içində qalanlar isə çox zaman çıxış yolunu bədənşəkilləndirmə əməliyyatlarında, silikon implantlarda görür.
Lakin bu qərar bəzən bir tərif uğruna verilir. Heç kim düşünmür ki, bu gün atılan addım sabah həyatın ən vacib mərhələlərindən biri olan ana olmağa, südverməyə, hormonal tarazlığa, bədənin gələcək funksiyalarına necə təsir edə bilər. Çünki bu əməliyyatların arxasında yalnız estetik məsələ dayanmayıb. Qadının sağlamlığı, gələcək analığı, psixoloji rahatlığı kimi çox ciddi mövzular gizlənir. Cəmiyyətdə hətta ölümlə nəticələnən estetik, plastik əməliyyatlar da müzakirələrə çevrilib.

Mövzu ilə bağlı Avtosfer.az-a açıqlama verən ginekoloq Ləman Əliyeva bildirib ki, silikon implantlar bəzi nüanslarda süd axarında təzyiq yarada bilər:
“Silikon implantlar, liposaksiya, qarın gərmə və ya bədən konturlama reproduktiv orqanlara toxunmur və hormonal sistemə müdaxilə etmir. Çox geniş qarın gərmə əməliyyatında qarın əzələləri sıx şəkildə yığılıbsa, hamiləlik zamanı narahatlıq daha çox ola bilər, amma hamilə qalma qabiliyyətinə təsir etmir. İmplant əzələaltı yerləşdirilibsə südverməyə 99% təsirsizdir. İmplant dərialtı yerləşdirilibsə nadir hallarda süd axarında təzyiq yarada bilər. Kəsik aerola ətrafında aparılıbsa, süd axarına yaxın olduğundan bir qədər risk var. İmplantlar bioloji olaraq inertdir və südə keçmir. Bu barədə edilən yüzlərlə tədqiqatda süddə silikon səviyyəsi normal insan qanındakı səviyyədən fərqlənməyib. Hamiləlik və südvermə zamanı dəri həcmi artır və ya azalır, buna görə implantın görünüşü dəyişə bilər. Dəri boşalarsa, sallanma və ya kontur dəyişiklikləri ola bilər”.

Ginekoloq bədənşəkilləndirmədən sonra ana olmaq istəyənlərin rastlaşacağı bəzi məqamları da qeyd edib:
“Qarın gərmə və liposaksiya adlanan bədənşəkilləndirmədən sonra hamiləlik qarın dərisini yenidən genişləndirə bilər. Çapıq xətti daha az elastik görünə bilər. Liposaksiya olunan nahiyədə yenidən yağ toplansa belə, bərabər paylanmaya bilər. Amma bunlar ginekoloji problem deyil, estetik dəyişiklikdir”.

Plastik cərrah Mübariz Məmmədlinin fikrincə, sosial şəbəkələrdə yayılan natamam məlumatlar nəticəsində bəzi pasiyentlər liposaksiyanı arıqlama əməliyyatı kimi qəbul edirlər:
“Son dövrlərdə liposaksiya daha geniş tanınıb və insanlar bədən formasını daha harmonik etmək üçün bu əməliyyata tez-tez müraciət edirlər. Lakin əslində liposaksiya yalnız müəyyən bölgələrdə toplanmış piyin çıxarılmasıdır və hamı üçün uyğun deyil. Düzgün seçilməyən pasiyentlərdə tromboemboliya riski artır. Bizə bəzən son 5–6 ildə çox miqdarda çəki toplamış və ümumi sağlamlıq göstəriciləri qiymətləndirilmədən əməliyyata girmək istəyən insanlar müraciət edir. Belə hallarda risk əhəmiyyətli dərəcədə yüksəlir. İdeal pasiyent çəkisi sabit olan, uzun müddətdə kəskin çəki artımı yaşamayan və ümumi sağlamlıq vəziyyəti stabil olan pasiyentdir. Bəzi pasiyentlərdə uzun illər ərzində yığılmış çoxlu piy toxuması metabolik problemlərlə əlaqəli olur və bu zaman liposaksiya gözlənilən nəticəni vermir, üstəlik riskləri artırır. Ona görə də hər pasiyent üçün fərdi qiymətləndirmə vacibdir.

Cərrah çağdaş dövrdə bədən korreksiya əməliyyatlarından sonra insanların bir-birinə oxşadığı ilə bağlı fikirlər açıqlama gətirib:
“Bu, son illərdə yaranmış ümumi tendensiyadır. Sosial şəbəkələr “eyni, standart bədən forması” anlayışını yaradır. Bəzi həkimlər də pasiyentlərə fərdi yanaşma əvəzinə eyni nəticəni tətbiq edirlər. Halbuki hər insanın anatomiyası fərqlidir və bunu nəzərə almadan aparılan əməliyyatlar nəticədə insanların bir-birinə oxşamasına gətirib çıxarır. Liposaksiyanın məqsədi standart fiqur yaratmaq deyil, pasiyentin öz bədən quruluşuna uyğun daha balanslı forma əldə etməkdir.

Mübariz Məmmədli deyib ki, belə proseslərdə doğru həkim seçimi çox əhəmiyyətlidir:
“Liposaksiya zahirən sadə görünə bilər, lakin ciddi cərrahi təcrübə və anatomiya biliyi tələb edən əməliyyatdır. Piy toxumasının hansı sahədən, hansı həcmlə və hansı dərinlikdə çıxarılması həkimin peşəkarlığından asılıdır. Təcrübəli mütəxəssis həm təhlükəsizlik tədbirlərini düzgün qiymətləndirir, həm də nəticəni pasiyentin anatomiyasına uyğunlaşdırır. Doğru həkim seçimi həm fəsad riskini azaldır, həm də daha təbii və balanslı nəticə əldə etməyə imkan verir”.

Cərrah əməliyyat etdirmək istəyənlərin diqqət etməli olduğu məqamları xüsusən vurğulayıb:
“Bir neçə mühüm məqam var.  Liposaksiya arıqlama üsulu deyil. Bu əməliyyat bədən konturunun korreksiyası üçündür. Əməliyyata yalnız tibbi qiymətləndirmədən sonra qərar verilməlidir. Bu, xüsusilə uzun illər yüksək piy yığılması olan pasiyentlərdə çox vacibdir. Mütəxəssis seçimi ən kritik addımdır. Təcrübəli həkim həm təhlükəsizlik, həm də estetik nəticə baxımından əsas rolu oynayır”.
Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh