“Bəzi şəxslərin məhbusluğu onların ailələrinə ziyan vurur, pis vəziyyətdə yaşayırlar” – NOVELLA CƏFƏROĞLU

Dünən Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Bu amnistiya qərarı qüvvəyə minərsə, indiyə qədər qəbul edilmiş ən böyük akt hesab olunacaq. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib və onun tətbiqi dairəsi daha da genişləndirlib. Ümumiyyətlə, müstəqillik dövründə respublikamızda xeyli sayda əfv sərəncamı və amnistiya aktı verilib ki, bunların nəticəsində on minlərlə insan azadlığa qovuşub.
Sonuncu dəfə 5 noyabr 2021-ci ildə yenə ölkə başçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə 17 mindən çox məhbusu əhatə edən amnistiya aktı qəbul edilmişdi. Budəfəki amnistiya aktının isə 20 min nəfəri əhatə etməsi dövlət başçısının “Konstitusiya və Suverenlik ili”ndə hətta məhbuslara qarşı humanist siyasətinin göstəricisi kimi qiymətləndirilir.
İctimaiyyət nümayəndələri arasında kimlərə şamil edilməsi ilə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Layihəyə əsasən, amnistiya aktının Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə doğurmayan və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, layihə üçün təklif edilən şəxslərin hər birinin azadlığa buraxılacağına ümid edir:

“Əvvəlcə aktın əhatə etdiyi insanların sayının 20 minə yüksəldilməsinə görə cənab Prezident İlham Əliyevə çox təşəkkür edirəm. Bu, çox böyük rəqəmdir. Mən ümid edirəm ki, hazırda həbsdə olan, eləcə də məhkəmə işi davam edən bir sıra önəmli şəxsi azadlığa qovuşdurmaq yaxşı olar. Son dövrlərdə həbs olunan blogerlər, jurnalistlərin, digər kateqoriyadan olan şəxslərin də budəfəki amnistiya aktına qəbul edilməsini arzu edirəm. “Konstitusiya və Suverenlik ili”ndə Tofiq Yaqublunun, keçmiş “OMON”çu Elçin Əmiraslanovun azadlığa buraxılmasına ümid edirəm. Elçin çox uzun müddətdir ki, həbsdədir. Digər tərəfdən bir sıra şəxslər var ki, onların məhbusluğu ailələrinə, ətrafına zərər vurur. Onların ailə üzvləri pis halda yaşayırlar. Ən azından onların ailələrinə dayaq olmaları üçün azadlıqlarına qovuşmalarına kömək edərdik. Bu il Zəfərimizin 5 ili tamamlanır. Qoy yeni ildə ailələrimizdə də bayram olsun, birlik və həmrəylik baş tutsun. Bu il tətbiq ediləcək amnistiya humanistlik və mərhəmət dolu olsun. Bununla da Azərbaycanı gözü götürməyən, xaricdə oturub Azərbaycana qarşı qara yaxamağa çalışanlar ömürlük susmuş olar”.
Səfər
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












