Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI

Gündəm 3 İyul 2026 15:18
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
WhatsApp kanalımıza abunə olun

Yay mövsümünün başlaması ilə Azərbaycanın turizm bölgələrində istirahətə üz tutanların sayı artıb. Turist axınının artması fonunda otellərdə, istirahət mərkəzlərində, ictimai iaşə obyektlərində və müxtəlif xidmət sahələrində qiymətlərin yüksəlməsi yenidən müzakirə mövzusuna çevrilib. 
Avtosfer.az xəbər verir ki, bəzi vətəndaşlar bahalaşmanın mövsümi tələbin artması ilə əlaqədar olduğunu düşünür, digərləri isə qiymətlərin əsassız şəkildə artırıldığını bildirirlər. Bəs bu bahalaşma bazar qanunauyğunluğunun nəticəsidir, yoxsa bəzi hallarda süni qiymət artımları da müşahidə olunur?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, yay turizm mövsümündə bölgələrdə tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb olur və bu, bazar iqtisadiyyatının normal qanunauyğunluğudur:


"İnsanlar istirahət üçün bölgələrə üz tutduqca otellərə, restoranlara və digər xidmət sahələrinə tələbat artır, nəticədə qiymətlər də yüksəlir.
Burada süni bahalaşmadan söhbət getmir. Süni qiymətlər adətən dövlət tərəfindən tənzimlənən tariflərə aiddir. Məsələn, kommunal xidmətlər və ya metro kimi sahələrdə qiymətlər inzibati qaydada müəyyən edilir. Bazar iqtisadiyyatında isə restoranların, otellərin, meyvə satıcılarının və digər sahibkarların təklif etdiyi qiymətlər tələb və təklif əsasında formalaşır. Bölgələrdə fəaliyyət göstərən sahibkarlar da məhz turizm mövsümünü gözləyirlər ki, daha çox satış etsin, gəlir əldə etsin və il ərzində çəkdikləri xərcləri qarşılaya bilsinlər. Çünki regionlarda iqtisadi aktivlik ilin bütün dövrlərində eyni səviyyədə olmur və yay mövsümü onlar üçün əsas qazanc dövrü hesab edilir".

İqtisadçı Xalid Kərimlinin fikrincə, bölgələrdə turizm mövsümündə qiymət artımına təsir edən bir neçə əsas iqtisadi amil var:


"Birinci səbəb quru sərhədlərin bağlı qalmasıdır. Bu vəziyyət insanların daha çox ölkə daxilində, xüsusilə də bölgələrdə istirahət etməsinə səbəb olur. Daxili turizmə tələbat artdıqca isə bazar qanunlarına uyğun olaraq qiymətlər də yüksəlir. İkinci amil turizm biznesinin mövsümi xarakter daşımasıdır. Sahibkarlar əsas gəlirlərini məhz yay aylarında əldə etdikləri üçün bu qısa müddətdə həm qazanc əldə etməyə, həm də ilin qalan hissəsindəki xərclərini qarşılamağa çalışırlar. Üçüncü səbəb inflyasiyadır. Ölkədə mal və xidmətlərin qiymətləri ümumilikdə artdığı üçün turizm obyektləri də artan xərclərini kompensasiya etmək məqsədilə qiymətlərini yüksəltmək məcburiyyətində qalırlar. Dördüncü amil isə fəaliyyət üçün tələb olunan çoxsaylı icazələr, sertifikatlar və digər inzibati tələblərlə bağlı xərclərdir. Bu prosedurlar sahibkarların xərclərini artırır və nəticədə həmin xərclər xidmət qiymətlərinə də təsir göstərir.

Fatimə Dadaşova

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh