"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT

Gündəm 3 Sentyabr 2026 18:11
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
WhatsApp kanalımıza abunə olun

İctimai nəqliyyatda xidmət keyfiyyətinin artırılması və sərnişin məmnunluğunun yüksəldilməsi istiqamətində tətbiq olunan yeni yanaşmalar arasında “Brutto müqavilə” modeli də xüsusi diqqət çəkir. Bu modeldə daşıyıcının gəlirinin birbaşa sərnişin sayından asılı olmaması nəqliyyat vasitələrinin daha müntəzəm və müəyyən edilmiş qrafik üzrə fəaliyyət göstərməsinə, marşrutların keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına imkan yarada bilər. Lakin modelin real nəticələri ilə yanaşı, onun dövlət büdcəsinə mümkün maliyyə təsirləri də müzakirə mövzusudur.

Avtosfer.az xəbər verir ki, “Brutto müqavilə” modelinin ictimai nəqliyyatda tətbiqinin xidmətlərin keyfiyyətinə və sərnişin məmnunluğuna hansı dərəcədə təsir göstərə biləcəyi, həmçinin daşıyıcıların gəlirlərinin sərnişin sayından asılı olmamasının avtobusların hərəkət intervalına və müntəzəmliyinə təsiri ilə bağlı suallar yaranır. Eyni zamanda, bu sistemin dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaradıb-yaratmayacağı da diqqət çəkən əsas məsələlərdəndir.

Mövzu ilə bağlı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, “Brutto müqavilə” modelinin tətbiqi ictimai nəqliyyatda daşıyıcının əsas gəlir mənbəyinin sərnişin sayından asılılığını azaltmaq baxımından mühüm yenilikdir:


"Bu modeldə daşıyıcının gəlirinin sərnişin axınından birbaşa asılı olmaması onun daha çox sərnişin toplamaq deyil, müəyyən edilmiş xidmət standartlarını yerinə yetirmək üzərində fokuslanmasına imkan yarada bilər. Bu isə avtobusların hərəkət intervalının qorunması, marşrutların davamlılığı və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından müsbət nəticələr verə bilər. Ən mühüm məqamlardan biri odur ki, daşıyıcının maliyyə marağı sərnişin sayına deyil, göstərdiyi xidmətin keyfiyyətinə bağlanmalıdır. Avtobusların qrafik üzrə işləməsi, intervalın pozulmaması, texniki və sanitar vəziyyət, sürücülərin davranışı kimi meyarların müqavilədə konkret şəkildə müəyyənləşdirilməsi və buna uyğun ödəniş mexanizminin qurulması sərnişin məmnunluğunun artmasına şərait yarada bilər. Lakin bunun üçün nəzarət mexanizmləri də kifayət qədər şəffaf və effektiv olmalıdır. Təbii ki, “Brutto müqavilə” modelinin dövlət büdcəsi üçün müəyyən maliyyə öhdəliyi yaratması mümkündür. Əgər daşıyıcıların gəlirlərinin bir hissəsi və ya bütövlükdə xidmət haqqı dövlət tərəfindən qarşılanırsa, bu, büdcədən əlavə vəsait tələb edə bilər. Amma burada əsas məsələ xərclərin artması deyil, həmin vəsaitin müqabilində şəhər nəqliyyatının keyfiyyətinin nə dərəcədə yüksəlməsidir. Düzgün qurulmuş və nəticələrə əsaslanan sistem uzunmüddətli perspektivdə həm sərnişin məmnunluğunu artıra, həm də ictimai nəqliyyatın daha sistemli və dayanıqlı fəaliyyətinə imkan verə bilər".
Fatimə Dadaşova

Oxunub : 286
ŞƏRH YAZ
Ad

E-mail

Şərh