Bu universitetlər Bakıdan kənara köçürülə bilər – Ərazilər açıqlandı

Bakının mərkəzində nəqliyyat və insan sıxlığı günün xüsusilə səhər və axşam saatlarında şəhər həyatına ciddi təsir göstərir. Əsas küçələrdə yerləşən universitet və məktəblərin yaratdığı əlavə hərəkətlilik tıxacların daha da artmasına səbəb olur.
Bəs şəhər mərkəzində yerləşən universitetlərdə təhsilin distant formada təşkili sıxlığın azaldılmasına kömək edə bilərmi?
Mövzu ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, şəhərin mərkəzində yerləşən ali təhsil müəssisələri ilə yanaşı, bəzi orta məktəblərin də daha kənar ərazilərə köçürülməsi məqsədəuyğundur.
Onun sözlərinə görə, xüsusilə İçərişəhər, Nərimanov və Sahil ərazilərində, eləcə də əsas avtomobil yollarının üzərində və metro stansiyalarının yaxınlığında yerləşən təhsil müəssisələri şəhərdə nəqliyyat və insan sıxlığının artmasına səbəb olur:
“Uşaq məktəbə gəldiyi zaman valideyn də onu gətirməyə məcbur qalır. Bu isə əlavə insan və nəqliyyat sıxlığı yaradır. Nəticədə şəhər infrastrukturu daha çox yüklənir”.
Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə universitetlərin şəhər mərkəzindən kənarda kampus şəklində salınması geniş yayılıb. Onun fikrincə, belə yanaşma həm ali təhsil müəssisələrinin inkişafına, həm də şəhər infrastrukturunun yükünün azaldılmasına imkan verə bilər:
“Universitetlər şəhər kənarında kampus formasında qurulduqda həm təhsil müəssisəsi üçün, həm də şəhərin infrastrukturu baxımından daha əlverişli şərait yaranır. Beləliklə, şəhərdə tıxac və sıxlığın qarşısını müəyyən qədər almaq mümkündür”.
R.Nurəliyev hesab edir ki, hazırda Bakı şəhərinin mərkəzində yerləşən universitetlərdə genişmiqyaslı kampus və yataqxana infrastrukturunun yaradılması məhduddur. Buna görə də ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi alternativ kimi nəzərdən keçirilə bilər.
“İlkin addım olaraq Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin şəhərdən kənara köçürülməsi mümkündür. Bunun üçün yeni ərazilər müəyyənləşdirilməlidir. Məsələn, Yeni Sahil qəsəbəsi, Qobustan, Lökbatan, Suraxanı və Xəzər rayonu kimi ərazilər nəzərdən keçirilə bilər”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, əsas məqsəd şəhərin əsas küçələri üzərində yerləşən ali təhsil müəssisələrinin tədricən daha geniş ərazilərə köçürülməsidir. Bu addımın nəqliyyat yükünün azalması ilə yanaşı, iqtisadi baxımdan da müsbət nəticələr verə biləcəyini bildirib./konkret.az
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












