Bulvar və “Torqovı”da hansı çəkilişlərə məhdudiyyət var? - BPİ-dən açıqlama

Bu günlərdə İrlandiya mətbuatında yayılan məlumata görə, ölkənin “Dundalk” klubunun oyunçuları jurnalistlərlə Bakı bulvarında reportaj hazırlamaq istəyərkən Bakı polisi tərəfindən saxlanılıb və çəkilişə icazə verilməyib. Polis əməkdaşları onlara bildirib ki, çəkilişə icazə yoxdur.
Qeyd edək ki, dəfələrlə müxtəlif mətbuat orqanları əməkdaşlarının Bulvar, “Fəvvarələr meydanı”nda çəkiliş edərkən saxlanıldığının şahidi olmuşuq. Bəs bu məhdudiyyət nə ilə bağlıdır?
Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev “Yeni Müsavat”a danışaraq qeyd etdi ki, məlum olay ilə bağlı araşdırma aparılır: “İrlandiyalı futbolçuların, ”Dundalk" komandasının üzvlərinin İrlandiya mətbuatında dərc edilən iddiaları ilə bağlı araşdırma gedir. Bütövlükdə orada qeyd olunan nüansların hər biri yoxlanılır. Araşdırılır ki, bu olay niyə baş verib, hansı şəraitdə olub, çəkiliş niyə aparılıb, olubsa da niyə dayandırılıb və sairə. Bütün bunların hamısı araşdırlır".
Elşad Hacıyev qeyd etdi ki, paytaxt Bakıda müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla, paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur: “Beləliklə, xüsusi mühafizə olunan obyektlər, yerlər istisna olmaqla digər yerlədə hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Bu barədə ərazi üzrə polislər də təlimatlanılıb. Şəhərin gediş-gəlişi, turist axını çox olan və insanların istirahət etdiyi yerlərdə icra hakimiyyətinin müvafiq icazəsi olmadan kütləvi çəkilişlərin, video-reportajların aparılması, sorğuların keçilməsi keçirilməsi məqsədə uyğun hesab edilmir”.
Elşad Hacıyevin sözlərinə görə, bu işin səmərəli təşkili üçün Mətbuat Şurası və Bakı şəhəri Baş Polis İdarəsi birgə monitorinq qrupu yaradıb: “Bu qrupun yaradılmasında məqsəd jurnalistlərin peşə fəaliyyətinin səmərəli işini həyata keçirməkdir. Son günlərdə məlum olayla bağlı cəmiyyətdə bir çaşqınlıq yarandı ki, şəhərdə çəkilişlərə qadağa var. Lakin bir daha qeyd etdiyim kimi, burada yalınız kütləvi çəkilişlərdən söhbət gedir. İstirahət yerlərində, obyektlərində hər kəs maraqlı deyil ki, onun olduğu yer video-fotoların obyektinə düşsün. Ona görə də bu məsələdə daha çox toplumun marağı nəzərə alınıb.
Amma kimsə öz üzərində gəzdirdiyi mobil telefonla fərdi məsələlərlə bağlı çəkiliş apararsa heç bir məhdudiyyətdən söhbət gedə bilməz".
Polis mayoru onu da vurğuladı ki, paytaxtda hansısa video-reportaj, sorğular, serial və ya film, sosial-çarxlar çəkilməzdən öncə müvafiq orqanların icazəsi alınmalıdır: “Məsələn, icazə alınmadan Bulvar ərazisində video-reportaj və ya sorğu aparılarsa, bu zaman oradakı insanların istirahətinə mane olmuş olarıq. Bu məsələdə polisi hədəfləmək doğru deyil. Polis qanunvericilik şəraitində fəaliyyət göstərən orqandır. Onun əsas fəaliyyət istiqaməti ictimai qaydanın, təhlükəsizliyin təmin olunmasına yönəlib. Yəni bütövlükdə cəmiyyətdə hadisələrə, faktlara baxanda kompleks yanaşma tələb olunmalıdır. Bəzən bir sıra mətbuat orqanları bu cür həssas məsələlərə diqqət etmir. Hər gün ictimai yerlərdə sosial çarxların, serialların, filmlərin çəkilməsi ilə bağlı polisə müraciətlər daxil olur. Polis müraciət olunan çəkilişlərin həmin ərazidə aparılması üçün müvafiq razılıq verməlidir. Çünki o ərazidə ictimai qaydanın təmin olunması, digər insanların rahatlığının təmin olunması şəraiti müəyyən edilir. Məsələn, tutaq ki, günün hansı saatlarında həmin yerdə çəkiliş aparmaq olar. Təsəvvür edin ki, ”Torqovı" deyilən ərazidə bir teleserialın 1 dəqiqəlik epizodunun çəkilməsi bəzən 6-7 saat sərf olunur. Biz bu saat ərzində yolları bağlasaq ki, burada çəkiliş gedir, bura yaxınlaşmaq olmaz, sizcə cəmiyyətin, turistlərin buna münasibəti necə olar? Bəlkə də bizdən çox maraqlı olan yoxdur ki, çəkilişlər aparılsın, polisin fəaliyyəti görünsün. Bakı şəhəri dünyanın təhlükəsiz paytaxtlarından biri hesab olunur. Bunu beynəlxalq təşkilatlar da, Avropa birliyi də, ölkəmizdə gələn turistlər də təsdiq edir. Beləliklə, cəmiyyətə, jurnalist təşkilatlarına tövsiyə edirik ki, müəyyən mənada söz azadlığından, hüquqlarından danışanda müəyyən qaydada vəzifələrini də nəzərə alsınlar. Qanunuvericiliyimiz bildirir ki, hüquqlarımzla yanaşı vəzifələrimiz də var və bu vəzifələrə xidmət, əməl etmək daha cəmiyyət üçün faydalı ola bilər".
Qeyd edək ki, məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi də açıqlama yayaraq bildirib ki, ərazidə sıravi vətəndaşların çəkiliş etməsi üçün heç bir problem yoxdur: “Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Buna görə də xüsusi çəkilişlər üçün Bulvar İdarəsinə müraciət olunmalıdır”.













