Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ

Gündəm 1 İyul 2026 16:41
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
WhatsApp kanalımıza abunə olun

Dənizkənarı Milli Parkda Bakının tarixi fayton ənənələrini müasir texnologiya ilə birləşdirən elektrik mühərrikli retro üslublu faytonlar ziyarətçilərin istifadəsinə verilib.
Avtosfer.az xəbər verir ki, klassik fayton görünüşünə malik olan bu nəqliyyat vasitələri Bulvar ərazisində xüsusi müəyyənləşdirilmiş tarixi marşrut üzrə hərəkət edir. Lakin vətəndaşlar qiymətin yüksək olduğunu bildirərək narazılıqlarını ifadə edirlər. Bəs bulvara gətirilən yeni faytonlarla bağlı nəzərdə tutulan 40 manatlıq ödəniş hansı xidmətə aiddir? Bu məbləğ faytonun bütün marşrut üzrə hərəkəti üçün müəyyən edilib, yoxsa bir nəfər sərnişin üçün nəzərdə tutulub? 

Mövzu ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, marşrut Dənizkənarı Milli Parkın tarixi və simvolik məkanlarını əhatə etdiyindən, sərnişinlər gəzinti zamanı bulvarın zəngin tarixini, memarlıq nümunələrini və görməli yerlərini fərqli rakursdan izləmək imkanı qazanırlar:


"Layihə şəhərin tarixi irsini müasir texnologiyalarla uzlaşdıraraq nostalji ab-havanı rahat və ekoloji təmiz nəqliyyat vasitəsi ilə təqdim edir.
Layihə çərçivəsində Dənizkənarı Bulvar İdarəsinin ixtisaslaşmış bələdçiləri yerli sakinlərə və xarici turistlərə Bulvarın tarixi, memarlıq irsi və görməli məkanları barədə ətraflı məlumat verirlər. Elektrik mühərrikli retro faytonların istifadəyə verilməsi Dənizkənarı Milli Parkda təqdim olunan xidmətlərin genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı nəqliyyatın təşviqi və ziyarətçilərin istirahət imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi hesab olunur".

Sosiloq Elçin Əfəndi fikrincə, faytonlar adətən kiçik olur və maksimum 3-4 nəfər daşıya bilir. Əgər qeyd olunan məbləğ bir səfər üçün nəzərdə tutulubsa, adambaşına təxminən 10-20 manat düşür.

“Yox, əgər bu qiymət bir nəfər üçün müəyyən edilibsə, bu, olduqca yüksək məbləğdir. Bir nəfərin qısa məsafəyə fayton gəzintisi üçün 40 manat ödəməsi Azərbaycan reallığına uyğun deyil və əlçatan qiymət hesab oluna bilməz. Müqayisə üçün, insanlar taksi ilə şəhərin bir başından digər başına, bəzən 30-40 kilometrlik məsafəni 10-15 manata qət edirlər. Belə olan halda, cəmi 5-10 dəqiqəlik, təxminən 1-2 kilometrlik fayton gəzintisi üçün taksidən 3-4 dəfə artıq ödəniş tələb olunması kifayət qədər yüksək qiymətdir".
Sosiloq qeyd edib ki, bu məsələyə yenidən baxılmalıdır:

"Çünki söhbət kommersiya obyektindən deyil, Dənizkənarı Milli Parkdan gedir. Milli Park hər kəs üçün əlçatan istirahət məkanı olmalıdır və burada təqdim olunan xidmətlərin qiymətləri də vətəndaşların imkanlarına uyğun müəyyənləşdirilməlidir. Ümumiyyətlə, təkcə fayton deyil, park ərazisində çay, qəhvə, attraksionlar və digər xidmətlərin də qiymətləri kifayət qədər yüksəkdir. Əgər bura milli park statusu daşıyırsa, qiymətlər Azərbaycandakı sosial-iqtisadi reallıq və əhalinin gəlir səviyyəsi nəzərə alınmaqla əsaslandırılmalıdır. Yox, əgər məqsəd tamamilə kommersiya fəaliyyətidirsə, o zaman bu yanaşma açıq şəkildə ifadə olunmalıdır. Fayton gəzintisi üçün optimal qiymət maksimum 5-10 manat olmalıdır. Hətta ən uzun marşrut üzrə, bulvarın bir başından digər başına qədər təşkil olunan gəzinti üçün belə 10 manatdan artıq qiymət münasib hesab edilə bilməz".
Fatimə Dadaşova

Oxunub : 316
ŞƏRH YAZ
Ad

E-mail

Şərh