Ekspert: Azərbaycanda sığorta ilə bağlı normal məlumatlandırma sistemi yoxdur

"İcbari sığorta müqaviləsi olmayan sürücülər 50 manat məbləğində cərimə olunur. Yəni nəqliyyat vasitəsini idarə edən şəxs barəsində elektron protokol tərtib edilir. Bu yeni qaydalardan biridir. Lakin təəssüflər olsun ki, sürücülər əksər hallarda bundan xəbərsiz olurlar".
Bunu BAKU.NEWS-a açıqlamasında avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, İcbari Sığorta Bürosu elə bir sistem yaradıb ki, bu sürücülər üçün heç də ürəkaçan deyil.
“Sığorta olunan şəxslər 9707-yə avtomobilin nömrəsini yazaraq sms göndərir. Düzdür, bildirişdən hansı sığorta şirkətində sığortalı olduğu yaxud etibarlı olub-olmadığı barədə məlumat əldə edir. Təəssüflər olsun ki, cavab mesajında sığortanın hansı tarixədək etibarlı olması barədə məlumat yer almır. Bu isə sürücülərin işini bir qədər çətinləşdirir. Sığortanın müddəti barədə məlumat almaq üçün gərək hansı şirkətdə sığorta olunubsa onlarla əlaqə saxlanılsın. Bir sözlə, uzun prosesdən sonra informasiya almaq mümkün olur. Nəticədə sürücülər özləri də xəbərsiz 1 ayda 4 dəfə elektron formada cərimə olunurlar” - ekpert vurğuladı.
Elməddin Muradlı qeyd etdi ki, aidiyyatı üzrə bir neçə dəfə müraciət olunub bu barədə ki, insanların əziyyət çəkməməsi üçün iş bir qədər asanlaşdırılsın. Düzdür, mesaj göndərilir və operativ qaydada cavab alınır. Ancaq bildiriş daha ətraflı olsa, yəni sığortanın hansı müddətədək qüvvədə olması barədə sürücüyə ətraflı məlumat verilməsi yaxşı olar. Bununla da sürücü arxayın olar ki, sığorta müddəti nə vaxt bitir.
Mövzuyla bağlı İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov BAKU.NEWS-a açıqlama verib:

“Bununla bağlı biz fikir mübadiləsi aparmışıq. Sadəcə problem bundan ibarətdir ki, həmin mesajda sığortanın müddəti göstərildikdə o zaman sürücüləri narahat edirlər. Baxırlar ki, bahalı maşındır, qiymətinə görə hər kəs 9707-yə sms göndərir, görür ki, sığortasının vaxtına az qalıb, onlara zəng vururlar ki, öz şirkətlərində sığorta etdirsinlər" – R.Əhmədov deyib.
Onun sözlərinə görə, əvvəllər qeyd edilən məlumatlar bildirişlərdə yer alırdı. Lakin insanların narahatlığını nəzərə alaraq bunun qarşısını aldıq. Lakin bu o demək deyil ki, sürücülər bundan məlumatsız olmalıdırlar. Bunun üçün sürücülər [email protected] elektron ünvanına müraciət etməklə sığorta müddəti barədə məlumat əldə edə bilərlər. Bundan əlavə sığorta müddətinin bitməyinə 15 gün qalmış sürücülərə bildiriş göndərilir ki, məlumatlı olsunlar. Qeyd edilən məsələnin daha operativ olması üçün hal-hazırda işlər görülür.













