Banner

“Gedişhaqqının artırılmasının səbəbləri əsaslandırılmalıdır” – SOSİOLOQ

Gündəm 29 Sentyabr 2025 15:00 Oxunub 1050
“Gedişhaqqının artırılmasının səbəbləri əsaslandırılmalıdır” – SOSİOLOQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 1-dən etibarən Abşeron yarımadası üzrə ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. 
Məlumatda bildirilib ki, Bakı, Sumqayıt və Abşeron rayonunda qiymətlər minimum 60 qəpikdən başlayacaq. 

Avtosfer.az xəbər verir ki, bu qiymət artımı metroya da şamil olunub. Qiymətlərin artırılması ilə bağlı əvvəllər şayiələr yayılmışdı, amma öz əsasını tapmırdı. Artıq məlumat rəsmi şəkildə təsdiqləndiyi üçün cəmiyyətdə suallar yaranır: 

Bu artıma ehtiyac var idimi? Qiymətlər artırıldığı halda keyfiyyət yüksələcəkmi?

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Avtosfer.az-a açqılamasında bildirib ki, bu tamamilə məntiqsiz, ədalətsiz, qeyri-qanuni bir addımdır:


“Heç bir iqtisadi əsaslandırması yoxdur, ola da bilməz. Çünki gediş haqları məntiqlə ən azı kəskin aşağı düşməlidir. Son illərdə gətirilən avtobuslar daha müasir, qazla və elektriklə işləyir, digər avtobuslara nisbətən eyni məsafəyə minimum üç dəfə az yanacaq sərf edirlər.

İndi avtobus yolları var, heç kim buna toxunmur. Əvvəllər avtobuslar çətin hərəkət edirdi, tıxaclarda yanacaq sərfi artırdı. İndi avtobus yolları olduğuna görə yanacaq sərfi daha da azalır. Eyni zamanda elektrik və qazla işlədiyi üçün avtobuslar az yanacaqla həmin yolu qət edir.

Əvvəlki dövrlərlə müqayisədə daha çox sərnişin daşınır eyni qatarda, eyni vaqonda da. Məsələn, əvvəl bir qatar 500 nəfər aparırdısa, indi həmin say artıb, 700-800 nəfər daşınır. Deməli, bir qatarın gediş məsrəfi daha çox gəlir gətirir. Yəni gəlir artdıqca, qiymətlər məntiqlə aşağı düşməlidir”.

Eyni zamanda qonşu ölkələrdəki nəqliyyat gediş haqqı cədvəllərinə baxsaq, Azərbaycanda hamısından daha yüksəkdir. Üstəlik, orada ailə biletləri var; burada isə daha çox gediş təmin edilir, qiymət isə azalır, yaxud ikinci gediş 50% qiymətləndirilir, üçüncü və digər gedişlər pulsuzdur.

Avropa ölkələrində gediş haqqı Azərbaycana nisbətən nominal olaraq yüksək görünə bilər, amma əhalinin maaş nisbətini götürdükdə, bizdən 5 dəfə çox gediş əldə etmək mümkündür. Burada isə gediş haqqı real maaş nisbətinə görə daha yüksəkdir. Heç kim xidmətin yaxşılaşdırıldığını əsaslandıra bilmir. Xidmətlərdə heç bir dəyişiklik yoxdur, amma qiymətlər artırılır. Gəlsinlər, maya dəyərini əsaslandırsınlar.

Belə çıxır ki, nəqliyyat şirkətlərində böyük həcmdə yeyinti var, amma gəlirlə işləmədiklərini iddia edirlər. İndiyə qədər heç kim əsaslandırmayıb. Qiymətlərin ucuzlaşması tamamilə mümkündür. Manat faktiki olaraq dəyərini itirib, inflyasiya böyükdür, amma maaşlar və pensiyalar qalxmır. Belə bir vəziyyətdə xalqın sosial vəziyyəti ağırlaşır, xüsusən tələbələr, pensiyaçılar və az təminatlı əhali üçün. Bu, qəbuledilməzdir. Heç olmasa qonşu ölkələrdəki maaş və gediş haqqı nisbətlərinə baxsınlar. Qiymət artımı heç bir məntiqlə izah edilə bilməz; sadəcə çox pul qazanmaq məqsədidir. Belə bir şey ola bilməz”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh