Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI

2027-ci il dövlət büdcəsində sosialyönlü xərclərin payının artırılması əhalinin sosial təminatı və gəlirlərinə mümkün təsirləri yenidən gündəmə gətirir. Belə xərclərin artmasının pensiya, müavinət və digər sosial ödənişlərə necə yansıyacağı ilə yanaşı, real alıcılıq qabiliyyətinin hansı səviyyədə dəyişəcəyi də maraq doğurur.
Avtosfer.az xəbər verir ki, sosial xərclərin büdcədəki payının artması vətəndaşların sosial rifahına təsir edən əsas amillərdən biri hesab olunur.
Bəs bu artım əhalinin gəlirlərinə və alıcılıq qabiliyyətinə real olaraq necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, sosial xərclərin artması və büdcədə sosial xərclərin payının yüksəlməsi onu göstərir ki, dövlət sosial istiqamətə daha çox vəsait ayıracaq:

"Növbəti ildə dövlət büdcəsi çərçivəsində investisiya xarakterli xərclərlə müqayisədə cari xərclərin, xüsusilə də sosialyönümlü xərclərin daha böyük paya malik olacağı gözlənilir. Bu yanaşma dövlətin sosial siyasətinin maliyyə təminatının gücləndirilməsi, əhalinin sosial müdafiəsinin genişləndirilməsi və gəlirlərin müəyyən dərəcədə dəstəklənməsi baxımından əhəmiyyət daşıyır. Cari xərclərin strukturunda sosial istiqamətli ödənişlərin artırılması əhalinin sosial rifahının qorunmasına yönəlmiş əsas maliyyə mexanizmlərindən biri kimi çıxış edir. Bu çərçivədə, ilk növbədə, pensiya ödənişlərinin və müxtəlif sosial müavinətlərin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin artırılması nəzərdə tutula bilər. Xüsusilə növbəti ildə pensiyaların indeksasiyası nəticəsində pensiya ödənişlərinin artması dövlət büdcəsi və sosial müdafiə sistemi qarşısında əlavə maliyyə öhdəlikləri formalaşdıracaq. Pensiya təminatında həyata keçirilən dəyişikliklərin məqsədi, bir tərəfdən, inflyasiyanın əhalinin real gəlirlərinə təsirini müəyyən qədər kompensasiya etmək, digər tərəfdən isə pensiyaçıların sosial təminat səviyyəsini qorumaqdır. Bununla yanaşı, yaşayış minimumunun dəyişdirilməsi ünvanlı dövlət sosial yardımı üzrə ayrılan vəsaitlərin həcminə də təsir göstərə bilər. Yaşayış minimumunun yüksəldilməsi sosial yardımın hesablanması və ehtiyac meyarlarının müəyyənləşdirilməsi baxımından əlavə maliyyə tələbi yarada bilər".
İqtisadçı qeyd edib ki, nəticədə sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının əhatə dairəsinin və ya onlara göstərilən maliyyə dəstəyinin genişləndirilməsi üçün büdcədə daha çox vəsait nəzərdə tutulması mümkündür:
"Hazırda yaşayış minimumunun, minimum əməkhaqqının və minimum pensiyanın konkret olaraq hansı məbləğdə dəyişdiriləcəyi barədə dəqiq rəqəmlər müəyyən edilməyib. Hökumətin müvafiq qanun layihəsini və büdcə parametrlərini təqdim etmədiyi şəraitdə bu göstəricilərlə bağlı konkret rəqəmlər üzərindən proqnoz vermək ehtiyatlı yanaşma tələb edir. Bu səbəbdən hazırkı mərhələdə yalnız mövcud iqtisadi tendensiyalar və dövlətin sosial siyasətinin prioritetləri əsasında gözləntiləri ifadə etmək mümkündür. Ümumilikdə isə gözlənti ondan ibarətdir ki, növbəti dövrdə həm minimum əməkhaqqının, həm minimum pensiyanın, həm də yaşayış minimumunun artırılması istiqamətində qərarlar qəbul edilə bilər. Eyni zamanda pensiyaların indeksasiyasının həyata keçirilməsi də sosial xərclərin artımını şərtləndirən əsas amillərdən biri olacaq. Bu dəyişikliklər ayrı-ayrılıqda əhalinin gəlirlərinə təsir göstərməklə yanaşı, dövlət büdcəsinin xərc strukturunda sosial istiqamətin çəkisinin daha da yüksəlməsinə səbəb ola bilər".
Beləliklə, növbəti il üçün büdcə siyasətində sosial xərclərin prioritetləşdirilməsi dövlətin sosial öhdəliklərinin maliyyələşdirilməsi baxımından mühüm istiqamət kimi qiymətləndirilə bilər. Lakin sosial xərclərin artımı yalnız nominal göstəricilərlə deyil, inflyasiya, əhalinin real gəlirləri, əmək bazarındakı dəyişikliklər və büdcənin gəlir imkanları ilə birlikdə təhlil edilməlidir. Yəni sosial ödənişlərin artırılması əhalinin nominal gəlirlərini yüksəltsə də, bu artımın real sosial rifaha təsiri iqtisadiyyatdakı qiymət dinamikasından və gəlirlərin alıcılıq qabiliyyətindən də asılı olacaq.
Fatimə
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir











