Gürcüstana səfər üçün sığorta məcburi olacaq - Qiymət və qaydalar açıqlandı

Bildiyimiz kimi, mayın 26-dan etibarən Bakı-Tbilisi sərnişin qatarı uzun fasilədən sonra yenidən fəaliyyətini bərpa edir. Bununla da Gürcüstana səfər etmək istəyən vətəndaşlar üçün yeni səyahət imkanları açılır. Lakin Gürcüstan tərəfinin tətbiq etdiyi qaydalara əsasən, ölkəyə daxil olan şəxslər məcburi səyahət sığortası əldə etməlidirlər. Bu tələb həm hava nəqliyyatı, həm də dəmir yolu ilə səfər edən sərnişinlərə şamil olunur. Məlumata görə, vətəndaş Gürcüstana təxminən bir həftəlik səfər etmək istəyərsə, səyahət sığortasının qiyməti orta hesabla 12 manat təşkil edir.
Bəs bu sığortanı necə əldə etmək mümkündür? Sığortanın qiyməti hansı hallarda dəyişir? Səfərin müddəti və sığorta paketinin əhatə dairəsi qiymətlərə necə təsir göstərir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən sığorta eksperti Şahin İsmayılov bildirdi ki, Gürcüstan Respublikasının qəbul etdiyi qərara əsasən, 1 yanvar 2026-cı il tarixdən Gürcüstan ərazisinə daxil olan bütün xarici ölkə vətəndaşları mütləq qaydada özləri ilə səyahət tibbi sığortasına malik olmalıdırlar:
"Bu sığortanın əldə olunmaması həmin vətəndaşların ölkə ərazisinə daxil olmasını qadağan edir və onların cərimə sanksiyası ilə qarşılaşmasına səbəb olur. Həmin tələblərə əsasən, vətəndaşın əldə etdiyi sığorta məhsulu 30 min lari məbləğində təminata cavab verməlidir. Əks halda, həmin sığorta məhsulu Gürcüstan ərazisində keçərsiz hesab olunur. Ümumiyyətlə, belə qaydalar Şengen zonasında və Avropa ölkələrində daha ciddi yoxlanılır. Şengen ərazisinə daxil olan ölkə vətəndaşları mütləq qaydada sığorta məhsullarını əldə etməlidirlər. Bu ilin əvvəlindən etibarən Gürcüstan da bu qaydalara qoşuldu. Qeyd edim ki, belə bir məhsulun olması xarici ölkəyə səyahət edən vətəndaşlar üçün çox vacibdir. Çünki həmin ölkə ərazisində olarkən vətəndaşın üzləşə biləcəyi hər hansı xəsarət və ya xəstəliklə bağlı xərclər həmin sığorta məhsulu vasitəsilə qarşılanır. Bildiyimiz kimi, ölkə xaricində tibbi sığorta təminatı və ya tibbi yardım olduqca yüksək qiymətə başa gəlir. Buna görə də sığorta məhsulunun əldə edilməsi vətəndaşların ekstremal vəziyyətlərdə tibbi yardıma olan ehtiyacını tam şəkildə qarşılayır. Azərbaycan vətəndaşlarının əldə edəcəkləri tibbi səyahət sığortasının qiyməti vətəndaşın Gürcüstan ərazisində qalacağı günlərin sayına əsasən müəyyən edilir. Bu sığorta bir günlük, üç günlük, bir həftəlik, bir aylıq, üç aylıq və ya bir illik müddətə bağlana bilər".

Müsahibimiz sığorta qiymətlərindən də danışdı:
"Bir həftəlik Gürcüstan ərazisində qalmaq üçün sığorta haqqının qiyməti təxminən 12-13 manat arasında dəyişir. 1-3 gün üçün bu qiymət 7-9 manat, 3 aylıq müddət üçün 97 manat, 6 aylıq müddət üçün isə təxminən 175 manat təşkil edir. Onu da qeyd edim ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin təqdim etdiyi sığorta məhsullarının qiymətlərində müəyyən fərqlər var. Bir məqamı da vətəndaşlar diqqətdə saxlamalıdırlar: vətəndaşın yaşı 65-dən, bəzi hallarda isə 70 yaşdan yuxarı olduqda qiymətlərdə kəskin fərq yaranır. Yəni qiymət artır. Çünki bu yaşda olan vətəndaşlar risk qrupuna daxil olurlar. Onların əldə edəcəyi sığorta məhsulunun qiymətinin hesablanması üçün mütləq qaydada xarici pasport sığorta şirkətinə təqdim olunur və müəyyən tarif əsasında qiymət hesablanır. Bir məsələni də qeyd edək ki, sığorta məhsulu olmadan, hələ dəmir yolunun açılmasına qədər əksər vətəndaşlarımız Gürcüstana hava yolu ilə gedirdilər və üzərində sığorta məhsulu olmayan vətəndaş hətta təyyarəyə minməyə buraxılmır, geri qaytarılırdı. Bu qaydalar qatarla səyahət edən vətəndaşlara da şamil olunacaq. Artıq vətəndaşlar qatara yaxınlaşarkən, ən azı səyahətə başlamazdan bir gün əvvəl sığorta məhsulu əldə etməlidirlər. Yaranan suallardan biri də uşaqlar üçün sığorta məhsullarının qiymətinin necə olmasıdır. Burada hər hansı fərq yaranmır. Uşağın 1 yaşında, 5 yaşında və ya 15 yaşında olmasının heç bir fərqi yoxdur. Onlar da digər vətəndaşlar üçün müəyyən edilmiş tarif əsasında sığorta məhsullarını əldə edə bilərlər. Fərq yalnız vətəndaşın 65 və ya 70 yaşdan yuxarı olduğu hallarda nəzərdə tutulur".
Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev bildirdi ki, bu, Gürcüstan tərəfinin 1 yanvar 2026-cı il tarixdən etibarən tətbiq etdiyi tələbdir:

"İstər dəmir yolu, istərsə də hava nəqliyyatı vasitəsi ilə səfər edilsin, fərq etmir. Ölkəyə giriş üçün səyahət tibbi sığortası məcburidir. Ona görə də buradan gedən sərnişinlər, hazırda digər nəqliyyat vasitələri ilə Gürcüstana daxil olduqları kimi, dəmir yolu nəqliyyatı vasitəsi ilə də Gürcüstana daxil olmamışdan əvvəl səyahət sığortası məsələsini həll etməlidirlər. Bu isə çox sadə şəkildə həyata keçirilir. Yəni burada yeni bir tələb yoxdur. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri bunu çox qısa müddətdə, hətta onlayn formada da həll edə bilirlər".
Bu küçədə sərnişin mindirib-düşürənlər CƏRİMƏLƏNMƏYƏCƏK - FOTO
Paytaxtın 21 istiqamətində sıxlıq var - SİYAHI
Kondisioner ustalarının freon yalanı - FOTO
BMT-nin qlobal proqramının rəhbəri Azərbaycana belə təşəkkür etdi - FOTO
WUF13-ə başa çatdı; Azərbaycan forumdan nə əldə etdi? - AÇIQLAMA
WUF13 məhz təşkilatçılıqda rolu olanların kollektiv ruhu əsl mənasını verib - ANAR QULİYEV - FOTO
Bakı-Tbilisi-Bakı qatarının sərnişinlərinə ŞAD XƏBƏR
Kart dələduzluğu artır? – Ekspertdən XƏBƏRDARLIQ
WUF13-ün bağlanış mərasiminə dair mətbuat konfransı keçirildi - FOTO
Qobustanda körpünün çökdüyü ərazidən son görüntülər - VİDEO
“Fast-food” qidaları sağlamlıq üçün nə dərəcədə təhlükəlidir? – EKSPERT








