Hesablama Palatası bu qurumlarda NÖQSANLAR AŞKARLADI

Gündəm 21 Aprel 2026 21:09
Hesablama Palatası bu qurumlarda NÖQSANLAR AŞKARLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hesablama Palatası təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkarlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.

Sənədə əsasən, audit qurumun 2025-ci il üçün İş planına uyğun olaraq aparılıb və 1 yanvar 2021-ci il tarixindən 1 yanvar 2025-ci il tarixinə qədər dövrü əhatə edib. Audit obyekti kimi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müəyyən edilib.

Hesabatda qeyd olunub ki, idarə nazirliyin tabeliyində maddi-texniki təchizat üzrə ayrıca ixtisaslaşmış qurum fəaliyyət göstərməsinə baxmayaraq, audit dövründə 8 milyon 491 min manat məbləğində kompüter, printer və digər avadanlıqlar satın alıb.

Audit zamanı təhsil sektorundakı 30 aktiv layihə üzrə təhlillər aparılıb. Nəticədə həmin layihələrdə informasiya təhlükəsizliyi, sənədləşdirmə, idarəetmə və nəzarət mexanizmləri ilə bağlı bir sıra çatışmazlıqlar müəyyən edilib.

Bundan əlavə, bəzi informasiya sistemlərində istifadəçilərin identifikasiyası üzrə "Vahid giriş sistemi"nin tələblərinə tam əməl olunmadığı, sistemlərarası inteqrasiyanın və məlumat mübadiləsinin yetərli səviyyədə təmin edilmədiyi bildirilib.

Hesablama Palatası vurğulayıb ki, qeyd olunan çatışmazlıqlar informasiya sistemlərinin səmərəliliyinə, rəqəmsal idarəetmənin effektivliyinə və dövlət vəsaitlərindən istifadənin nəticəliliyinə mənfi təsir göstərir.

***

Hesablama Palatası Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının auditi zamanı bir sıra nöqsanlar və uçot təhrifləri müəyyən edib.

Avtosfer.az xəbər verir ki, Auditor hesabatına əsasən, Milli Arxiv İdarəsinə şərti müsbət rəy verilib.

Bu isə o deməkdir ki, maliyyə hesabatları ümumilikdə qəbul edilə bilən hesab olunsa da, bir sıra mühüm uyğunsuzluqlar aşkarlanıb.

Audit zamanı uzunmüddətli aktivlərin bir hissəsinin düzgün hesab və subhesablarda uçota alınmadığı, bəzi aktivlər üzrə amortizasiya xərclərinin düzgün hesablanmadığı, eləcə də 687 ədəd bioloji aktivin dəyərinin müəyyən edilmədiyi və uçota alınmadığı məlum olub.

Hesabatda qeyd edilib ki, arxiv sənədlərinin rəqəmsallaşdırılması və elektron xidmətlər portalının yaradılması ilə bağlı bağlanmış müqavilə üzrə 253,7 min manat məbləğində iş və xidmətlər vaxtında başa çatdırılmayıb. Bununla yanaşı, müqavilə şərtlərinə əsasən tətbiq edilməli olan 25,37 min manat məbləğində cərimə sanksiyası icraçı şirkətə tətbiq olunmayıb.

Bundan başqa, informasiya sistemlərinin dəstəklənməsi xidmətlərinin satınalınması üzrə 197,18 min manat məbləğində əvvəlcədən ödənilmiş vəsait avans kimi deyil, birbaşa xərc kimi uçota alınıb. Nəticədə 2024-cü il üzrə maliyyə hesabatlarında qısamüddətli aktivlər az, əməliyyat xərcləri isə çox göstərilib.

Hesablama Palatası həmçinin müəyyən edib ki, İdarə sənədlərini qaydaya salan Mərkəzin maliyyə hesabatları konsolidə edilmiş hesabatlarda nəzərə alınmayıb. Bu səbəbdən gəlirlər 505,47 min manat, əməkhaqqı və əlaqəli xərclər 450,41 min manat, sair əməliyyat xərcləri isə 14,3 min manat az əks olunub.

Audit zamanı bəzi hüquqi şəxslərə göstərilmiş ödənişli arxiv xidmətləri üzrə xidmət haqlarının hesablanmadığı da üzə çıxıb. Nəticədə İdarənin gəlirləri 18,99 min manat az göstərilib.

Hesabatda o da vurğulanıb ki, İdarənin tabeliyində olan 14 filialda analitik və sintetik uçot lazımi qaydada aparılmayıb, baş kitab işlənməyib və 2024-cü il üzrə maliyyə hesabatları tərtib olunmayıb.

Bundan əlavə, büdcədənkənar vəsait hesabına işçilərin mükafatlandırılması üçün xərclər smetasında normadan artıq vəsait nəzərdə tutulub. Belə ki, 444,4 min manat gəlirin 60%-i, yəni 266,64 min manatı bu istiqamətə yönəldilməli olduğu halda, smetada 300 min manat vəsait göstərilib.

Hesablama Palatası, həmçinin filial direktorunun səlahiyyəti olmadığı halda bir nəfər ştatdankənar işçinin işə qəbul edildiyini və buna görə 1 985,85 manat vəsait xərcləndiyini açıqlayıb.

Qurum Milli Arxiv İdarəsinə bağlanmış müqavilələr üzrə öhdəliklərin icrasına nəzarətin gücləndirilməsi, alt qurumlarda uçot və maliyyə hesabatlarının düzgün təşkili, eləcə də aşkarlanmış təhriflərin müvafiq mühasibat yazılışları ilə aradan qaldırılması ilə bağlı tövsiyələr verib.

***

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində apardığı audit zamanı artıq ödənişlər, yanacaq sərfi, satınalmalar və inventar uçotu ilə bağlı ciddi nöqsanlar müəyyən edilib.

Avtosfer.az xəbər verir ki, audit 2023-cü il, 2024-cü il və 2025-ci ilin ilk 9 ayını əhatə edib, ümumilikdə 10,7 milyon manat xərc yoxlanılıb.

Hesabata görə, şöbə müdirlərinə ştat tələbləri pozulmaqla 139,5 min manat artıq vəsait hesablanıb. Həmçinin, qayda ləğv edildikdən sonra 3 hakimə 37,6 min manat müalicə pulu ödənilib, hakimlərə 25,4 min manat artıq məzuniyyət haqqı, əməkdaşlara isə 1,8 min manat artıq ezamiyyə pulu verilib.

Audit zamanı müəyyən olunub ki, 2024-cü ildə dövlət qulluqçularının mükafatlandırılması üçün hakimlərin müalicəsi üzrə nəzərdə tutulmuş vəsaitdən 80,6 min manat istifadə olunub. Bundan başqa, dövlət qulluqçusu olmayan 4 müqaviləli işçiyə 13,9 min manat mükafat ödənilib.

Palata yanacaq sərfi üzrə də pozuntular aşkarlayıb. Belə ki, xidməti avtomobillər üzrə 723 manatlıq yanacaq əsassız silinib, daha 2,2 min manat dəyərində Aİ-95 benzinin normadan artıq silindiyi müəyyən edilib.

Satınalmalar sahəsində də ciddi nöqsanlar üzə çıxıb. Belə ki, bəzi hallarda satınalma proseduru keçirilmədən birbaşa müqavilələr bağlanıb, bir sıra satınalmalar portal üzərindən aparılmayıb, ehtimal olunan qiymət və uyğunluq göstəriciləri olmadan alışlar həyata keçirilib.

Hesabata əsasən, 83 min manatlıq “Toyota Avalon” avtomobili alınarkən 14,9 min manat ƏDV ödənilməyib, nəqliyyat vasitəsinin bazar qiymətindən 13,6 min manat baha alındığı göstərilib. Digər avtomobil alışı zamanı da 8,3 min manata yaxın ƏDV depozit hesabına köçürülməyib.

Bundan əlavə, təmir işlərində 17,6 min manatlıq görülməmiş işin sənədlərə salındığı, 11,6 min manat cərimə tətbiqinə əsas yarandığı, 9,8 min manat dəyərində inventarın isə əskik olduğu müəyyən edilib.

Auditor rəyində qeyd olunub ki, Ali Məhkəmədə dövlət vəsaitinin və dövlət əmlakının istifadəsi, satınalmalar və maliyyə hesabatlarının tərtibi bəzi hallarda hüquqi aktların tələblərinə uyğun olmayıb.

***

Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb.

Avtosfer.az xəbər verir ki, audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.

Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub.

Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.

Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.

***

Olimpiya idman komplekslərində maliyyə və idarəetmə sahəsində ciddi nöqsanlar üzə çıxıb.

Avtosfer.az xəbər verir ki, Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən olimpiya idman komplekslərində (OİK) aparılan audit zamanı ciddi maliyyə pozuntuları və idarəetmə boşluqları müəyyən edib.

Audit 2022–2025-ci illəri əhatə etməklə 15 mln. manat vəsaiti əhatə edib.

Hesabatda qeyd olunur ki, OİK-lərin fəaliyyəti üzrə strateji planlaşdırma aparılmayıb, tarif siyasəti əsaslandırılmayıb və gəlirlərin böyük hissəsi subsidiyalardan asılı vəziyyətdə qalıb. Bir çox hallarda qiymətlər xərclər nəzərə alınmadan müəyyən edilib.

Eyni zamanda, maliyyə hesabatlarının əksər komplekslərdə tərtib edilmədiyi, gəlirlərin bir hissəsinin rəsmiləşdirilmədən nağd qəbul olunduğu və vergi öhdəliklərinin düzgün yerinə yetirilmədiyi müəyyən olunub.

Palata qeyd edir ki, idman infrastrukturu genişlənsə də, məşğul olanların sayı azalır ki, bu da mövcud potensialdan səmərəli istifadə olunmadığını göstərir.

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh