Banner

Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA

Gündəm 6 Oktyabr 2026 15:11
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Son zamanlarda insanların heyvanlara qarşı zorakılıq törətməsi geniş yayılıb. Heyvanların şiddətə məruz qalması, onlara qarşı qəddar davranışların artması cəmiyyətdə müzakirələrə səbəb olub.

Bəs insanları heyvanlara qarşı bu cür amansız davranmağa vadar edən səbəblər nələrdir?

Mövzu ilə bağlı psixoloq Nərmin Ağayeva Avtosfer.az-a açıqlamasında bildirib ki, bir insanın heyvana necə davrandığına baxmaq lazımdır ilk öncə:

“Bəzən həmin insan barədə bizə çox məlumat verir bir insanın heyvana necə davranması. Əsasən də son zamanlar heyvanlara qarşı zorakılıq görüntüləri ilə biz daha çox qarşılaşırıq və çoxları soruşur ki, insan necə bu qədər qəddar ola bilər ki, hansısa bir canlıya bu qədər zorakılıq göstərsin?

Psixologiyada bunun bir cavabı var. Pis insan olduğu üçün deyil bu. Qəddarlıq çox vaxt bir anda yaranan bir şey deyil. Əgər uşaq zorakılıq görürsə, heyvana əziyyət verildiyini görürsə və böyüklər bunu “uşaqdır da, oynayır” deyə normallaşdırırsa, o zaman uşaq tədricən bir şeyi öyrənir. Zəif olanın ağrısı, deməli, əhəmiyyətli deyil. Onlar heyvanları zəif gördüklərinə görə onların ağrılarının əhəmiyyətli olmadığını düşünürlər. Bu, sosial öyrənmə mexanizmlərindən biridir. Uşaq yalnız ona deyilənləri yox, gördüyünü öyrənir.

Digər bir tərəfdən də heyvanlar insan üçün çox asan hədəfdir. Onlar özlərini müdafiə edə bilmirlər. Hadisəni danışmağı və yardım istəməyi də bilmirlər. Buna görə də nəzarət ehtiyacı olmur. Yığılmış qəzəbdir, frustrasiyadır, güc nümayiş etdirmək istəyən insan üçün heyvan çox təhlükəsiz bir hədəfə çevrilir”.

Psixoloq əlavə olaraq qeyd edib ki, amma burada narahatedici bir məqam var:

Bir canlıya ağrı verə-verə bunu əyləncə kimi görə bilmək empatiyanın yox, empatiyanın susdurulmasının göstəricisidir. Elmi araşdırmalar uşaqlıq və yeniyetməlik dövründə təkrarlanan heyvan qəddarlığının aqressiv, antisosial və digər zorakı davranışlarla əlaqəli ola biləcəyini göstərir. Həmçinin ailədə və xüsusilə valideynlər tərəfindən heyvanlara qarşı zorakılığın görülməsi uşağın sonradan belə davranışları təkrarlama ehtimalını artırır.

Daha da vacib bir məqam isə heyvana qarşı zorakılıq bəzən ailədaxili zorakılığın da bir hissəsidir. Araşdırmalar heyvanlara zərər vermənin intim tərəfdaşa nəzarət etmək və onu qorxutmaq vasitəsi kimi də istifadə olunduğunu göstərir.

Ona görə heyvana işgəncə verən bir uşağa və ya yeniyetməyə “sadəcə pis uşaqdır” və yaxud da ki, “pis yeniyetmədir, pis insandır” demək düzgün deyil. Orada bəzən araşdırılmalı bir ailə mühiti olur, öyrənilmiş bir zorakılıq olur, emosiyaları tənzimləyə bilməmək olur, empatiya çatışmazlığı olur və yaxud da daha ciddi davranış problemləri ola bilər.

Heyvana qarşı qəddarlıq yalnız heyvan məsələsi deyil. Bu, insanın zorakılıqla münasibəti haqqında olan bir siqnaldır. Cəmiyyət olaraq ən təhlükəli səhvimiz nədir? Zorakılığı yalnız insana çatanda ciddi qəbul edirik. Çünki empatiya yalnız insana göstərilən münasibətlə ölçülmür, heyvana göstərilən münasibətdə ölçülmür. Bir canlı ağrı çəkərkən qarşındakı insanın reaksiyası onun xarakteri haqqında çox sözlər deyə bilər. Zorakılığa qarşı olmaq üçün qurbanın insan olması şərt deyil. Ona görə heyvanlara qarşı da diqqətli olmaq lazımdır”.

Hüquqşünas Ramil Süleymanovun fikrincə isə, son dövrlər insanların heyvanlara qarşı bu şəkildə qorxulu formada davranışı, o cümlədən özünümüdafiə tədbirlərinə qapanması, bu daha çox onunla əlaqəlidir:

“Artıq heyvanlar həqiqətən də şəhərlərə çox geniş yayılmışdırlar və onlara, onların sakitləşməsinə, onların quduzluğunun yox edilməsinə, yəni dayandırılmasına qarşı tədbirlər həyata keçirilməli olduğu halda, dövlət qurumları həmin heyvanları ərazidən bu şəkildə toplayıb heyvan toplama məntəqələrinə təhvil vermək, onların quduzluğuna, onların aqressiyasının sakitləşdirilməsinə qarşı hər hansı bir şəkildə hərəkətlilik nümayiş etdirmir.

Nəticə etibarı ilə bu da gələcəkdə ciddi insanlar tərəfindən bu şəkildə davranışlara səbəb olur. Bundan əlavə, bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə görə, heyvanlara qarşı rəhmsiz davranışın olunması, rəhmsiz rəftar edilməsi, onlara ağrı, əzab, işgəncənin verilməsi, onların döyülməsi, onların döyüşdürülməsi 500 manatdan 800 manatadək məbləğdə cərimə olunur.

Bu əməllər insanlara nümayişkəranə şəkildə ediləcəyi təqdirdə isə 800 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq olunur. Onu da bildirmək istəyirəm ki, heyvanlara qarşı belə rəftarların edilməsi kommersiya məqsədləri üçün edildikdə, yəni söhbət gedir burada rəhmsiz rəftarın təbliğ edilməsi və ya buradan hər hansı bir pulların əldə olunması 1000 manatdan 1500 manatadək məbləğdə inzibati qaydada cəriməyə səbəb olur”.

Züleyxa Allahverdiyeva

Oxunub : 296
ŞƏRH YAZ
Ad

E-mail

Şərh