İran və Türkiyədən məqsədyönlü informasiya hücumları... - RƏSMİ AÇIQLAMA

Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur. Siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.
Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə “copy-paste” edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.
Paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir və onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır.
Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycan Respublikasının, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır.
İran və Türkiyədən, xüsusilə “Telegram”, “X” və “TikTok” platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.
Həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.
Azərbaycan Respublikası Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır.




Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI













