İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY

Erkən nikah problemi bir sıra müsəlman ölkələrində həm hüquqi, həm də sosial məsələ olaraq qalır, lakin bu ölkələrin qanunvericiliyində və cəmiyyətdəki real vəziyyətində ciddi fərqlər var. Əfqanıstan və İran bu baxımdan xüsusilə diqqət çəkir: hər iki ölkədə azyaşlı qızların nikaha cəlb olunmasına imkan verən hüquqi və sosial mexanizmlər mövcuddur.
Avtosfer.az xəbər verir ki, BMT-nin Qadınlar üzrə strukturunun Əfqanıstanla bağlı 2024-cü il hesabatında 2022–2023-cü illərin sorğu məlumatlarına əsasən, 18 yaşına çatmamış qızların 28,7 faizinin, 15 yaşına çatmamışların isə 9,6 faizinin evli olduğu göstərilir.

Əfqanıstanda vəziyyəti ağırlaşdıran amillərdən biri 2021-ci ildə “Taliban”ın hakimiyyətə qayıtmasından sonra qızların orta və ali təhsil imkanlarının ciddi şəkildə məhdudlaşdırılması, yoxsulluq və humanitar böhrandır. BMT ekspertləri 2026-cı ildə yayımlanan açıqlamalarında yeni fərmanların uşaq nikahlarını legitimləşdirmək riski yaratdığını, xüsusilə yetkinlik yaşına çatmamış qızların nikaha razılığı məsələsində ciddi problemlər doğurduğunu bildiriblər.
İranda isə erkən nikah məsələsi birbaşa qanunvericilikdə müəyyən edilmiş yaş hədləri ilə bağlıdır. Böyük Britaniya hökumətinin İran üzrə 2025-ci il hesabatında göstərilir ki, qızlar, bir qayda olaraq, 13 yaşından, oğlanlar isə 15 yaşından nikaha daxil ola bilərlər; qızın daha kiçik yaşda evlənməsinə isə atanın və ya məhkəmənin icazəsi ilə yol verilə bilər. Yəni, İran dövlətinin əksər hallarda bu cür nikahların gerçəkləşməsinə şərait yaradır.
Həmin hesabatda İranın Statistika Mərkəzinin 2023-cü il məlumatlarına istinadən, 18 yaşdan kiçik gəlinlərin iştirakı ilə ildə orta hesabla 135 min nikahın qeydə alındığı bildirilir. Bu rəqəm problemin miqyasını göstərsə də, qeydə alınmayan nikahların sayını müəyyənləşdirmək çətindir. Erkən nikahların səbəbləri sırasında yoxsulluq, gender bərabərsizliyi, ailə təzyiqi və ənənəvi yanaşmalar göstərilir; nəticələr isə qızların təhsildən yayınması, sağlamlıq riskləri və iqtisadi müstəqillik imkanlarının azalması ilə müşayiət oluna bilər. 2023-cü ildən sonra İran dövləti bu barədə statistikaları təqdim etməkdən boyun qaçırdığı üçün rəqəmlər əlçatan deyil.
Bəs İslam dinində, yaxud fərqli düşüncələrə sahib məzhəblərin və fərqli alimlərin formalaşdırmadığı, saxta olmayan İslam dünyasında erkən nikahlara yanaşma necədir?
Mövzu ilə bağlı Avtosfer.az-a müsahibəsində ilahiyyatçı Ağa hacıbəyli bildirib ki, evlilik hər bir gəncin həm xanım, həm də bəy olaraq haqqıdır, özəl haqqıdır.

“İnsanlar müəyyən bir mərhələdən sonra ailə qururlar. Xüsusilə bizim cəmiyyətimizdə, Azərbaycanımızda ailə qurarkən bir sıra prosedurlar həyata keçirilir. Yəni, bizim milli adətlərimiz – “hə aldı”, nişan var.
Dini baxımdan, erkən nikah məsələsi İslamda çox fərqli və fundamental bir dəyər üzərində qurulub. Bəzən bu dəyəri tapdalyan bölgələr olur, ölkələr olur.
Özəlliklə, adını çəkdiyiniz bir çox müsəlman ölkələrində zaman-zaman bu fundamental dəyər tapdalanıb. Bu, nədən ibarətdir? Ümumiyyətlə, qarışdırılan məsələ həddi-buluq məsələsi ilə rüşt yaşı arasındadır. Bəli, İslam dinində belə bir görüş var ki, həddi-buluq dövrünü keçdikdən sonra insan artıq özünü, məsələn, bir kişi özünü kişi kimi, bir xanım özünü xanım kimi hiss edir və onun namazı, digər ibadəti, orucu və s. yönləri ilə məsuliyyət taşıyır.
O etdiyi bir əməldən dolayı məsuliyyət daşıyır, günah boyununa gəlir və yaxud o, savab qazanır. Çünki bu insan artıq cəmiyyətin aktiv bir üzvüdür. Buna həddi-buluq dövrü deyilir. Ancaq evlilik yaşı həddi-buluq yaşının üzərində qurulmaz. Evlilik yaşına Quran-i Kərim rüşt yaşı deyilir. Rüşt nə deməkdir? Ailə bir kiçik dövlət sayılır, ailə bir qaladır, ailə bir gəmidir və ailə quran adamın əslində, istər bəy olsun, istər gəlin olsun, ailənin yükünü daşıya biləcək zəkaya, ruha, fiziki qüvvəyə, sağlamlığa malik olmalıdır ki, ona İslam dini ailə qurdursun.
Məsələn, ən böyük örnəyi biz Məhəmməd peyğəmbərin həyatından verə bilərik. Onun da qızları var. Məsələn, Həzrəti Fatimə anamızın (o günkü cəmiyyətdən söhbət gedir) 18 yaşının içərisində olarkən ailə qurub.
Yəni, Peyğəmbərimizin evinin içərisində olan evlilik norması, müsəlman dünyası, müsəlman aləmi üçün bir normativ olmalıdır. Allah Rəsulu öz qızının ərə getməsinə 18 yaşının içərisində icazə verir və Həzrəti Əlinin o zaman 24 yaşı var idi. Yəni, aralarında yaş fərqləri var.
Odur ki, ölçüləri bizim mənəvi dəyərlərimizdə bu şəkildə tənzimlənir. Rüşt yaşı çox önəmlidir. Adam var, 25 yaşı var, hələ rüşt yaşına çatmayıb.
Adam var, onun 28 yaşı var, 30 yaşına çatıb, hələ rüşt yaşına çatmayıb. Ola bilsin ki, rüşt yaşına insanın biraz gənc dövründə 20 yaşı var və o rüşt yaşına çatıb, yəni çox yüksək idraka, ağıla malikdir.
Bizim 20 yaşında şəhidlərimiz var. Onlar Qarabağ savaşında şəhid olublar. Şəhadət şərbətini içiblər. Biz Vətəni, postlarımızı 18 yaşında o kişilərə, o şəxslərə əmanət edirik. Artıq onlar bayrağımızın altında and içir və şəhadət şərbətini içdiyi zaman da o üçrəngli bayrağımıza tabut olaraq bürünüb gəlib. O da ki, rüşt yaşı çox önəmlidir.
Bəzi adamlar var ki, müəyyən yaşı keçib, lakin rüşt yaşı olmadığı üçün bugün qurduğu ailəni sabah dağıdır və ailə yükünü daşıya bilmir. Ölkəmizin inkişafı, dayanıqlılığı üçün sağlam ailələrə ehtiyacımız var, sağlam düşüncəli insanlara ehtiyacımız var. Vətəninə, millətinə, bayrağına, dövlətinə bağlı insanlarımızın ailə qurması və rüşt yaşına çatdıqdan sonra qurduqları ailə ilə daha möhkəm olur”.
Sosioloq Yusif Nəbiyevin fikrincə isə, erkən evlilik məsələsinə vahid bir müsəlman cəbhəsinin, müsəlman dünyasının yanaşması yoxdur. Buna görə də erkən evlilik məsələsində müsəlman ölkələrinin ortaq yanaşması olduğunu demək mümkün deyil.
“Bu, dövlətin keçdiyi sosial tarixi yola görə, o dövlətdə hakim olan dini yanaşmalara görə dəyişən məsələdir. Amma burada, ümumiyyətlə, məsələnin dini yox, sosial tərəfinə baxmaq lazımdır.

Çünki hər şeydən əvvəl həm ailə özü bir sosial institutdur, həm də evlilik sosial bir aktdır, bir ənənənin təzahürüdür, sosial bir vərdişin təzahürüdür. İstənilən dövlətdə, ümumiyyətlə, bu kimi məsələlərə sosial sistemlərin nəticəsi kimi baxmaq lazımdır. Əgər bu, bir problemdirsə də, sistem problemidir və ona sistemli baxılmalıdır ki, tam olaraq hansı quruluşlar onu gətirib, hansı problemlərə çıxara bilir.
Erkən nikah problemi isə əsasən qız uşaqlarının, deyək ki, təhsil və iş imkanlarının qıt olduğu, sosial həyata, eləcə də iş dünyasına çıxışlarının az olduğu, çətin olduğu ölkələrdə daha çox görülən bir problemdir. Çünki qız uşağı, aydın məsələdir ki, müəyyən həddi-buluq yaşına gəlib çatır və artıq nə oxuyur, nə işləyir, nə sosial həyatda aktiv rol alır. Onun yeganə funksiyası analıq olur və ona görə də qızı tez zamanda evləndirirlər. Burada həm də xalqların məsələlərə özünün namusu, qeyrəti kimi yanaşması da artıq işin içinə girir. Deyək ki, uşaq artıq müəyyən fərqli cinsi inkişaf dövründən keçidikcə, fərqli cinsi təcrübələr yaşamasın deyə, bir növ adət ənənənin yanaşması ilə desək, kirlənməsin deyə fərqli mühitlərdə, münasibətlərdə olmasın deyə artıq onu tez zamanda evləndirməyə meyillənirlər ki, qoy evlənsin və öz yeganə funksiyası olan analıq funksiyasını yerinə itirməyə başlasın. Amma hansı cəmiyyətlərdə, ölkələrdə ki, qadınların təhsil və iş imkanları genişdir, qadınlar sosial həyatda kişilərlə paralel iştirak edə bilirlər, rol ala bilirlər, bu ölkələrdə erkən nikah məsələsi də kifayət qədər az olur və artıq bu kimi ölkələrdə hüquqi yollarla, cərimələrlə də o az olan faizi də minimallaşdırmaq mümkün olur.
Amma əgər sistem problemi varsa və sistemli şəkildə artıq çatışmazlıqlar özü gətirib erkən nikahı şərtləndirirsə, burada cəzayla, qanun və eziliklə təkcə hansısa bir problemi köklü həll eləməkdən təbii ki, söhbət gedə bilməz.
Birinci, bu sistem problemləri həll olunmalıdır. Qadınların təhsil və iş imkanları, sosial həyatda iştirak faizləri artırılmalıdır. Azərbaycana gəldikdə isə, Azərbaycanda real vəziyyət sadaladığınız əksər İslam ölkələrindən, Ərəb ölkələrindən müqayisədə kifayət qədər yaxşıdır. Bizdə təbii ki, erkən nikahların sıxlığı bu ölkələrdə olan qədər deyil. Amma hələ də statistikalar göstərir ki, erkən nikahlar hələ də var.
Bizdə bu barədə qanunvericilikdə də artıq müəyyən yanaşmalar, cəzalar hamısı təsbit olunub deyə, indi artıq demək olar ki, daha da minimal səviyyəyə düşüb. Amma yenə də Azərbaycanda da bu məsələlər hələ də problem olaraq qalır.
Amma etiraf elmək lazımdır ki, kifayət qədər az miqdardadır artıq. Bizi digər müsəlman ölkələrindən bu barədə daha yaxşı bir mövqeyə qoyan şey nədir? Bizim cəzalarımızdırmı? Bizim qanunvericiliyimizdəki təyin olunan qadağalardırmı? Yox təbii ki… Azərbaycanda qadınların təhsil imkanlarının daha geniş olmağı, iş imkanları, qadınların sosial həyatda kişilərlə paralel şəkildə iştirak edə bilməyi, artıq görürsünüz ki, bu özü müəyyən nəzərə çarpacaq dərəcədə bir fərq yaradır.
Hətta qanunvericilikdə qadağan olmasaydı belə, Azərbaycan digər ərəb ölkələrindən kifayət qədər daha yaxşı vəziyyətdə olacaqdı. Ona görə də məsələyə məncə sistemli şəkildə yanaşmaq və sistem problemləri varsa, birinci onları aradan qaldırmaq lazımdır.
Əgər məsələyə sırf İslam dininin tələbləri istiqamətindən baxsaq, təbii ki, burada fərqli alimlərin, məzhəblərin yanaşmaları var. əgər ana prinsiplər üzərindən məsələyə baxsaq, burada qadının fikir, onun razılığının olması, ona zərərin dəyməməsi önəmlidir. Ən vacibi isə rüşt yaşına çatmasıdır. Qadın özü ailə anlayışının məsuliyyətini götürə biləcək yaşda olmalıdır. Qadın özü anlamırsa ki, ailə nədir, övlad nədir, övladla münasibət necə qurulur, ümumiyyətlə övladın məsuliyyətini çəkə biləcək yaşda deyil, o zaman bu, İslam dünyası bu cür evliliyə qarşıdır”.
Səfər
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












