Küləyə görə zərər görən sürücülərin pulunu kim ödəməlidir? - AÇIQLAMA

Gündəm 8 Sentyabr 2026 17:30
Küləyə görə zərər görən sürücülərin pulunu kim ödəməlidir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Bakıda güclü külək zamanı ağacların avtomobillərin üzərinə aşması nəticəsində dəymiş maddi zərər məsuliyyət məsələsini yenidən gündəmə gətirir. Belə hallarda hadisənin təbii fəlakət və ya qarşısıalınmaz qüvvə kimi qiymətləndirilməsi, yaxud ağacın əvvəlcədən təhlükəli vəziyyətdə olması məsuliyyətin kimə aid olduğunu müəyyənləşdirən əsas amillərdən sayılır.

Bəs güclü külək nəticəsində ağacın avtomobilin üzərinə aşması hansı hallarda fors-major, yəni qarşısıalınmaz qüvvə kimi qiymətləndirilə bilər? Ağacın qəzalı və ya təhlükəli vəziyyətdə olduğu əvvəlcədən məlum idisə və aidiyyəti qurum tərəfindən tədbir görülməyibsə, avtomobil sahibi dəymiş zərərin əvəzini həmin qurumdan tələb edə bilərmi? Belə hallarda məsuliyyətin müəyyənləşdirilməsi üçün hansı sübutlar əsas götürülür?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, vətəndaşın təhlükəli vəziyyətlə bağlı əvvəlcədən hər hansı məlumat verib-vermədiyi də nəzərə alınır.

Onun sözlərinə görə, əgər belə bir məlumat verilibsə, dövlət qurumları tərəfindən həmin müraciətlə bağlı hər hansı tədbirin görülüb-görülməməsi hüquqi məsuliyyətin müəyyənləşdirilməsində əhəmiyyət daşıya bilər:

“Yəni əgər vətəndaş tərəfindən ağacın təhlükəli vəziyyətdə olması, qurumuş olması və ya aşma ehtimalının mövcudluğu barədə aidiyyəti quruma əvvəlcədən məlumat verilibsə və buna baxmayaraq, həmin qurum tərəfindən heç bir tədbir görülməyibsə, bu hal sonradan məsuliyyət məsələsinin müəyyənləşdirilməsi zamanı mühüm əhəmiyyət kəsb edə bilər. Burada dövlət qurumunun üzərinə düşən vəzifələrin yerinə yetirilib-yetirilmədiyi, ağacın hansı qurumun balansında və ya nəzarətində olduğu və təhlükənin qarşısının alınması üçün lazımi tədbirlərin görülüb-görülmədiyi araşdırılmalıdır.

Vətəndaşın avtomobilinə hər hansı səbəbdən zərər dəyibsə, birinci növbədə həmin ərazidə yerləşən ağaclara qulluq və onların saxlanılmasına cavabdeh olan müvafiq dövlət qurumu müəyyən olunmalıdır. Çünki konkret olaraq hansı qurumun həmin ağaca və əraziyə cavabdeh olduğu müəyyənləşdirilmədən məsuliyyət məsələsinə qiymət vermək mümkün deyil.

Əgər sonradan həmin dövlət qurumunun məsuliyyəti müəyyən olunarsa, vətəndaşın hüququ var ki, məhkəməyə müraciət edərək ona dəymiş maddi zərərin ödənilməsini tələb etsin. Bunun üçün dəymiş zərərin məbləğini təsdiqləyən sənədlər, hadisənin baş verdiyini göstərən foto və video materiallar, şahid ifadələri, aidiyyəti qurumlara edilmiş əvvəlki müraciətlər və digər sübutlar əhəmiyyətli ola bilər.
Burada bir məqamı da xüsusi qeyd etmək lazımdır. Hadisənin güclü külək və ya digər təbii hadisə nəticəsində baş verməsi dövlət qurumunun avtomatik olaraq məsuliyyətdən azad edilməsi anlamına gəlmir. Hər bir konkret hadisədə ağacın əvvəlcədən təhlükəli vəziyyətdə olub-olmaması, bu təhlükənin aidiyyəti quruma məlum olub-olmaması və təhlükənin qarşısının alınması üçün real imkanların olub-olmaması araşdırılmalıdır”.

Hüquqşünas əlavə edib ki, avtomobil kasko sığortası ilə sığortalanıbsa, müqavilənin şərtlərindən asılı olaraq sığorta şirkəti tərəfindən ödəniş edilə bilər:

“Bu halda vətəndaşın zərərinin sığorta şirkəti tərəfindən qarşılanması mümkündür. Sonradan isə sığorta şirkəti ödədiyi məbləğlə bağlı məsul şəxsdən və ya müvafiq dövlət qurumundan reqres qaydasında ödəniş tələb edə bilər.

Ona görə də belə hadisələr zamanı vətəndaşın ilk növbədə hadisəni mümkün qədər ətraflı şəkildə sənədləşdirməsi, aşmış ağacın və avtomobilin foto və video görüntülərini çəkməsi, hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət etməsi və dəymiş zərərin məbləğini təsdiqləyən sənədləri toplaması vacibdir. Daha sonra toplanmış sübutlar əsasında məsul tərəfin müəyyənləşdirilməsi və zərərin məhkəmə qaydasında tələb olunması məsələsinə baxıla bilər”, – deyə Ramil Süleymanov fikrini tamamlayıb.
 

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh