Banner

Marketlərdə satılan yeni il hədiyyələri azyaşlılar üçün təhlükəlidir – MÜTƏXƏSSİS RƏYİ

Gündəm 17 Dekabr 2025 16:00 Oxunub 94
Marketlərdə satılan yeni il hədiyyələri azyaşlılar üçün təhlükəlidir – MÜTƏXƏSSİS RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yeni il bayramı ərəfəsində marketlərdə, bazarlarda və “kiosk”larda satılan hədiyyə qutularına maraq xeyli artıb. Parlaq qablaşdırma və ucuz qiymət  alıcıların diqqətini cəlb etsə də, bu hədiyyələrin tərkibində olan qida məhsulları hər zaman təhlükəsiz olmaya bilər. Xüsusilə nəzarətsiz satış yerlərində təqdim olunan yeni il hədiyyələri istehlakçılar üçün ciddi risklər yaradır.

Yeni il hədiyyə qutularında əsasən uzun müddət saxlanılan şirniyyatlar və qida məhsulları olur. Bu məhsulların bəzilərinin son istifadə tarixi keçmiş, yaxud bitməyə yaxın ola bilər. Bəzi satıcılar bayram ərəfəsində köhnə və satılmayan məhsulları hədiyyə qutularına yerləşdirərək yenidən satışa çıxarırlar. Bu isə qida zəhərlənməsi, mədə-bağırsaq problemləri və allergik reaksiyalar kimi sağlamlıq risklərinə səbəb ola bilər.

Digər mühüm problem isə saxlanma şəraitidir. Yeni il hədiyyə qutuları çox vaxt açıq havada, günəş şüaları altında və ya uyğun temperatur rejimi olmayan köşklərdə saxlanılır. Şokolad və digər şirniyyatlar istilik və rütubətin təsiri ilə xarab ola, keyfiyyətini və dadını itirə bilər. Bu cür şəraitdə saxlanılan qidalar xüsusilə uşaqlar üçün təhlükəlidir. Bəs istehlakçılar yeni il hədiyyə qutularını alarkən bu cür təhlükələrin qarşısını almaq üçün nələrə diqqət etməlidirlər?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov Avtosfer.az-a açıqlamasında deyib ki, valideynlər uşaqlarına bu hədiyyələri alarkən diqqətli olmalı, məhsulların “523 saylı Qida Təhlükəsizliyi haqqında” qanunun 17.2-ci maddəsinin tələblərinə uyğun etiket məlumatlarına malik olub-olmadığını yoxlamalıdırlar:
“Yeni il hədiyyə səbətləri və qutularında müxtəlif qida məhsulları yerləşdirilir.  Hədiyyə qutusundakı məhsulların üzərində Azərbaycan dilində aşağıdakı məlumatlar göstərilməlidir. Qidanın enerji dəyəri və tərkibi, istehsalçı şirkətin adı, istehsal və son istifadə tarixi, həmçinin saxlanma şəraiti, rütubət və temperatur göstəriciləri və s. Məhsulları alarkən valideynlər qablaşdırmanın tamlığına, deformasiya və qopuq hissələrin olmamasına diqqət etməlidir. Açıldıqdan sonra məhsulda qırıq, köhnəlmiş və ya qurumuş hissələr görünürsə, xüsusilə şokolad məhsullarında bu məhsulların alınmasından imtina edilməlidir. Belə hallarda qəbzlə birlikdə məhsul marketin kasasında geri qaytarılmalıdır. Hər bir istehsalçı öz məhsullarının keyfiyyətinə cavabdehdir”.

Uşaqların qida qəbulunda balansın qorunması vacibdir. Buna görə də mütəxəssis uşaqlara karbohidrat tərkibli şirniyyatlar hədiyyə paketində olsa da, onların həddindən artıq istehlakı tövsiyə etmir. Daha çox təbii fruktozla zəngin məhsullara, məsələn, təzə və qurudulmuş meyvələr, həmçinin qoz və fındıq kimi məhsulları tövsiyyə edir. Bu, uşaqlar üçün daha təhlükəsiz və faydalı bir qida seçimidir.
Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh