Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?

Çin və Hindistan hərbi potensiallarını gücləndirməklə yanaşı, müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığı da genişləndirməyə çalışırlar. Bu proses xüsusilə Mərkəzi Asiyada diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu barədə təhlilində bildirib ki, Hindistan Ermənistanla yanaşı, Mərkəzi Asiya ölkələrinə də raket kompleksləri tədarük etməyə başlayıb. Onun sözlərinə görə, Hindistan Tacikistan və Türkmənistana “Akash” zenit-raket kompleksləri satıb. Sövdələşmələr barədə əvvəlcədən açıq məlumat verilməyib. Tədarük haqqında ilk dəfə Hindistan Müdafiə Nazirliyinin dövlət katibi Rajeş Kumar Sinqh məlumat yayıb. Bununla belə, çatdırılan komplekslərin sayı açıqlanmayıb.
Politoloq hesab edir ki, Tacikistan və Türkmənistanın Hindistan istehsalı olan hava hücumundan müdafiə sistemlərinə marağı onların təhlükəsizlik ehtiyacları və hərbi təchizat mənbələrini şaxələndirmək istəyi ilə bağlı ola bilər.
KTMT üzvü olan Tacikistanda Rusiyanın hərbi bazasının yerləşməsinə baxmayaraq, ölkə digər dövlətlərdən də hərbi texnika almağa çalışır. Əfqanıstanla sərhəddəki təhlükəsizlik vəziyyəti də Düşənbə üçün mühüm amillərdən biridir. Əfqanıstanda fəaliyyət göstərən müxtəlif silahlı qrupların yaratdığı risklər sərhəd təhlükəsizliyinin gücləndirilməsini zəruri edir.
Tacikistan Prezidenti Emoməli Rəhmon oktyabrın 8-də Türkmənistanda keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısında da bu məsələyə diqqət çəkib.
Elxan Şahinoğlunun fikrincə, Rusiya ənənəvi olaraq KTMT üzvlərinin digər ölkələrdən silah və hərbi texnika almasına maraq göstərməsə də, Mərkəzi Asiya dövlətlərinin Türkiyə, Hindistan, Çin və Azərbaycanla hərbi-texniki əlaqələrini genişləndirməsinin qarşısını almaq imkanları məhduddur.
Şahinoğlu hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın regiondakı mövqelərinə təsir göstərib. Müharibə zamanı Rusiya hərbi texnikasının imkanları və çatışmazlıqları ilə bağlı müzakirələrin artması da bölgə dövlətlərini alternativ təchizatçılara yönəldə bilər. Bu şərait Hindistan və Çin üçün Mərkəzi Asiya ölkələri ilə hərbi-texniki əməkdaşlığı genişləndirmək imkanları yaradır. Hindistan gələcəkdə Ermənistan, Tacikistan və Türkmənistanla əməkdaşlıqla kifayətlənməyərək, digər dövlətlərə də raket kompleksləri satmağa çalışacaq.
Çin də beynəlxalq hərbi təsirini artırmaq istiqamətində fəal siyasət yürüdür. Pekin qonşu ölkələrlə hərbi əlaqələrini inkişaf etdirməklə yanaşı, daha uzaq regionlarda da mövcudluğunu gücləndirməyə çalışır. Çinin Cibutidə hərbi bazasının yaradılması bu strategiyanın nümunələrindən biridir.
Cibutidəki baza uzaq məsafələrə uçan bombardmançı təyyarələrin dəstəklənməsi baxımından məhdud imkanlara malik olsa da, logistika və kəşfiyyat fəaliyyəti üçün əhəmiyyətlidir. Pekin xaricdəki hərbi obyektlərinin üçüncü dövlətlərə qarşı yönəlmədiyini bildirsə də, Qərb ölkələrində Çinin hərbi fəallığı ilə bağlı narahatlıqlar qalır.
Politoloq vurğulayıb ki, Çin Hind okeanının şərqində və Asiya-Sakit okean regionunda hərbi imkanlarını artırmaqla ABŞ-nin mövqelərinə təsir göstərməyə çalışır. Bununla yanaşı, Pekin regional tərəfdaşlarla siyasi və müdafiə əlaqələrini dərinləşdirir.
Çinin İndoneziya, Malayziya və Tailandla xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə “2+2” dialoq formatında əməkdaşlıq qurması bu istiqamətdə atılan addımlardandır. Şahinoğlunun məlumatına görə, 2026-cı ildə Çin Kamboca, Laos və Vyetnamla da oxşar formatda əlaqələrini inkişaf etdirib.
Hərbi-texniki əməkdaşlıq da Pekinin regional strategiyasında mühüm yer tutur. Politoloq bildirib ki, İndoneziya Çindən qırıcı təyyarələrin tədarükünü gözləyir, Tailandın silah bazarında isə Çin ABŞ-nin əsas rəqiblərindən birinə çevrilib.
Elxan Şahinoğlu hesab edir ki, ABŞ mövcud prosesləri narahatlıqla izləyir. ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında dialoqun davam etməsinə baxmayaraq, iki ölkə Asiya-Sakit okean regionunda siyasi, iqtisadi və hərbi sahələrdə rəqabət aparır.
Vaşinqton və Pekin regionda öz tərəfdaşlıq şəbəkələrini genişləndirməyə, təhlükəsizlik əlaqələrini möhkəmləndirməyə və hərbi təsirlərini artırmağa çalışırlar. Bu rəqabət fonunda Hindistanın hərbi ixracını genişləndirməsi və Çinin regional hərbi mövcudluğunu gücləndirməsi Asiya və Mərkəzi Asiyada təhlükəsizlik münasibətlərinin dəyişməsinə təsir göstərə bilər.
Eltac Züflüqaroğlu
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI












