Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir

Bakıda dairəvi dəmir yolu xətlərinin genişləndirilməsi və daha çox kənd və qəsəbənin dəmir yolu şəbəkəsinə qoşulması nəzərdə tutulur.
Bu istiqamətdə yeni stansiyaların yaradılması və mövcud xətlərin inkişaf etdirilməsi paytaxt və ətraf ərazilər arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Abşeron ərazisində yaşayan əhalinin gündəlik gediş-gəlişinin asanlaşdırılması, avtomobil yollarında sıxlığın azaldılması və ictimai nəqliyyatın yükünün yüngülləşdirilməsi əsas müzakirə mövzularındandır.
Bəs dəmir yolu şəbəkəsinin genişləndirilməsi paytaxtın avtomobil yollarında və ictimai nəqliyyatda sıxlığı azaldacaqmı?
Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında bildirib ki, hələ fəaliyyət göstərməyən dəmir yolu xətlərinin də işlək vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyulub:
“Azərbaycanda dəmir yolu sahəsinin inkişaf strategiyası artıq müəyyənləşdirilib və cənab Prezident İlham Əliyev tərəfindən bununla bağlı müvafiq sənədlər imzalanıb. Bu sənədlərin əsas mahiyyəti məhz dəmir yolu nəqliyyatının inkişaf etdirilməsidir. Dəmir yolunun inkişafı ictimai nəqliyyatın daha səmərəli idarə olunması, sərnişinlərin mənzil başına daha rahat, təhlükəsiz və sürətli şəkildə çatması deməkdir. Abşeron dairəvi dəmir yolu xəttinin inkişafına artıq başlanılıb və bu istiqamətdə gözləntilər özünü doğruldub. Hazırda bu xətdən kifayət qədər səmərəli istifadə olunur. Dövlət tərəfindən hələ fəaliyyət göstərməyən dəmir yolu xətlərinin də işlək vəziyyətə gətirilməsi qarşıya məqsəd qoyulub. Bakı və Abşeron ətrafında fəaliyyət göstərən dairəvi dəmir yolu xətti sərnişin daşımalarının idarə olunması baxımından mühüm yerlərdən birini tutur və bir sıra üstünlüklərə malikdir. Bu istiqamətdə atılacaq addımlar yalnız uğurlu nəticələrə gətirib çıxara bilər. Əvvəldən mövcud olan xətlərin bərpasından tutmuş yeni xətlərin çəkilməsinə qədər strateji plan ortadadır. Köhnə xətlərin bərpası insanlara imkan verir ki, şəhərin mərkəzinə daxil olmadan ətraf yollar vasitəsilə mənzil başına rahat çatsınlar. Onların şəhərlə əlaqəsini təmin etmək üçün metro stansiyaları və avtobus xətləri olmalıdır. Bunlar olduqda dəmir yolu xətlərinin önəmi daha da artır. Məsələn, Sumqayıtdan qatara minən şəxs Bakıya gələrək 28 May stansiyasında düşür və oradan metro, avtobus və taksi xidmətlərindən rahatlıqla istifadə edə bilir. Yəni sərnişin qatardan düşdükdən sonra digər nəqliyyat vasitələrinə çıxış imkanı əldə edir və yoluna rahat şəkildə davam edə bilir”.
Ekspert dəmir yolu xətlərində təhlükəsizliyin təmin olunmasının vacibliyinə də diqqət çəkib:
“Bununla yanaşı, dəmir yolu xətlərinin çəpərlənməsi və mühafizə zolaqlarının yaradılması da nəzərdə tutulur. Bu tədbirlər dəmir yolu nəqliyyatında təhlükəsizliyin daha da gücləndirilməsinə xidmət edir. Lakin dəmir yollarında bəzi şəxslərin məsuliyyətsiz davranışları da müşahidə olunur. Həm piyadalar, həm də sürücülər tərəfindən təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir. Bəzi şəxslər qulaqlıqdan istifadə edərək dəmir yolu xətlərinin üzərində hərəkət edir və nəticədə qəzalar baş verir. Eyni zamanda, dəmir yolu xətlərinin üzərinə daş və dəmir parçalarının qoyulması, qatarın relsdən çıxmasına səbəb ola biləcək hərəkətlərə yol verilməsi, eləcə də mühafizə zolaqlarında mal-qaranın otarılması kimi hallar dəmir yolu təhlükəsizliyinə ciddi təsir göstərir”.
E.Muradlı qeyd edib ki, yeni dəmir yolu xətlərinin çəkilməsi böyük maliyyə vəsaiti tələb edir: “Bakı və ətraf ərazilərdə, qəsəbələrdə yeni dəmir yolu stansiyalarının salınması, köhnə stansiyaların bərpası və yenidən istifadəyə verilməsi, həmçinin yeni xətlərin çəkilməsi böyük maliyyə vəsaiti tələb edir. Lakin bütün bunlar sərnişin daşımaları baxımından əvəzsiz üstünlüklərə malik olan, təhlükəsiz və səmərəli nəqliyyat növünün inkişafına xidmət edən mühüm layihələrdir. Bu qədər yükün digər nəqliyyat vasitələrinə yönləndirilməsi yollarda xaotik mənzərə formalaşdırardı. Ona görə də yollarda yaranan sıxlığı azaltmaq üçün dəmir yollarına dəstəyi artırmalıyıq”./sfera.az
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO












