Motosiklet sürücülərinin qayda pozmalarının qarşısı necə alına bilər? - EKSPERT

Bir neçə gün əvvəl İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi motosiklet sürücülərinin yol hərəkəti qaydalarına əməl etməsi məsələsini yenidən gündəmə gətirib. Qəza zamanı həlak olan motosiklet sürücüsünün yüksək sürətlə hərəkət etdiyi müəyyənləşib. Araşdırmalar zamanı onun əvvəllər də yol hərəkəti qaydalarını dəfələrlə pozduğu üzə çıxıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü 7 dəfə sürət həddini aşdığına görə cərimə olunub, 1 dəfə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə məsuliyyətə cəlb edilib. Bundan başqa, o, daha əvvəl də eyni səbəbdən yol-nəqliyyat hadisəsi törədib. Bəs bu cür sürücülərlə bağlı hansı tədbir görülməlidir?
Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, iki təkərli nəqliyyat vasitələri, xüsusilə motosikletlər avtomobillərlə müqayisədə daha təhlükəli hesab olunur:

"Buna görə də qanunvericilikdə onların idarə olunması ilə bağlı xüsusi tələblər müəyyən edilib. Motosiklet sürücüləri gündüz vaxtı yaxın işıqları yandırmalı, həm sürücü, həm də sərnişin mütləq qoruyucu dəbilqədən istifadə etməlidir. Lakin praktikada bu qaydalara hər zaman əməl olunmur. Bəzi sürücülər işıq sistemi və ya əyləc işıqları nasaz olan motosikletləri idarə edir, bu da digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Motosiklet sürücüləri avtomobil sürücülərindən daha ehtiyatlı olmalıdır. Çünki ikitəkərli nəqliyyat vasitəsində edilən kiçik bir səhv belə ağır qəza və ölümə səbəb ola bilər. Buna baxmayaraq, yollarda əks mənzərə müşahidə olunur. Motosikletlərin yüksək sürətlə zolaqlar arasında hərəkət etməsi, sıx nəqliyyat axınında avtomobillərin arasından keçməsi, təhlükəli manevrlər etməsi və yol hərəkəti qaydalarını kobud şəkildə pozması qəzaların əsas səbəblərindən biridir".
Aqil Rəhimov qeyd edib ki, qəzaların bir hissəsi texniki nasazlıqlarla bağlı olsa da, əsas səbəb insan faktorudur:
"Yol hərəkəti qaydalarına etinasız yanaşma, sürət həddinin aşılması və riskli davranışlar ağır nəticələrə gətirib çıxarır. Bu baxımdan, qayda pozan motosiklet sürücülərinə nəzarətin gücləndirilməsi vacib hesab edilir. Bunun üçün arxa dövlət qeydiyyat nişanını qeydə ala bilən müşahidə kameralarının sayının artırılması və həmin sürücülərin məsuliyyətə cəlb olunması təklif edilir. Eyni zamanda, maarifləndirmə tədbirlərinin genişləndirilməsi də zəruridir. Son dövrlər motosiklet və digər iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması göstərir ki, sürücülər həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atırlar. Nəticədə bəzi hallarda ağır xəsarətlər, ölümlər, eləcə də digər sürücülər üçün cinayət məsuliyyətinə səbəb olan faciələr baş verir. Buna görə də motosiklet sürücüləri yol hərəkəti qaydalarına daha ciddi riayət etməli və təhlükəsiz sürücülük vərdişlərini prioritet hesab etməlidirlər".
Fatimə Dadaşova
Skuterlə avtobusa minmək olar?
Velosiped zolaqlarında təhlükənin qarşısı necə alınmalıdır? – TƏKLİF
Gürcüstandakı “insan mərkəzli küçə” nümunəsi Bakıya gətirilə bilər? - FOTO
Slovakiya Azərbaycana nəqliyyat sahəsində əlaqələri artırmağa kömək edə bilər - İQTİSADÇI
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA
Avtobusda kondisioneri işlətmədi, xəbərdarlıq olundu - RƏSMİ
İnfrastruktur layihələrində rəqəmsal əkiz texnologiyası niyə vacibdir? – İZAH
Bu yollarda tıxac var - SİYAHI
Banklar kredit faizlərini niyə aşağı salmır? - İQTİSADÇI










