Motosikletlə təcili tibbi yardım xidməti necə təşkil edilməlidir? – ELMƏDDİN MURADLI

Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə motosikletlərdən istifadəyə başlanılacaq.
Avtosfer.az xəbər verir ki, dünyanın bir sıra ölkələrində tətbiq edilən bu model paytaxtda da təcili tibbi yardım briqadalarının hadisə yerinə daha qısa müddətdə çatmasına imkan yaradacaq.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, bu məsələ dünyanın bir çox ölkəsində geniş tətbiq olunan xidmət modellərindən biridir:

"Çünki təcili tibbi yardımda operativliyin təmin olunması üçün bu cür nəqliyyat vasitələrinin istifadəsi olduqca vacibdir. Daha mobil və çevik hərəkət imkanına malik motosikletlər hadisə yerinə daha qısa müddətdə çatmağa kömək edir. TƏBİB tərəfindən bu motosikletləri idarə edəcək tibb işçiləri üçün xüsusi təlimlər keçirilməlidir. Eyni zamanda onların əməkhaqqı məsələsi də nəzərə alınmalıdır. Əgər motosikletlə iki nəfər – sürücü və həkim hərəkət edəcəksə, sürücü yüksək peşəkarlığa malik olmalı və buna uyğun olaraq daha yüksək əməkhaqqı almalıdır. Çünki onun üzərinə həm təhlükəsiz idarəetmə, həm də operativlik kimi böyük məsuliyyət düşür".
Nəqliyyat eksperti qeyd edib ki, həkimlərin özlərinin də motosikleti idarə etməyi öyrənməsi mümkündür:
"Belə olan halda onlar həm sürücü, həm də həkim funksiyasını yerinə yetirə bilərlər. Bu isə hadisə yerinə daha tez çatmağa və ilkin tibbi yardımın vaxtında göstərilməsinə imkan yaradar. Təbii ki, bu halda onların əməkhaqqı da görülən əlavə işə uyğun olmalıdır. Təcili yardıma müraciət edən şəxslər əvvəlcədən xəstənin vəziyyəti barədə məlumat verirlər. Bəzən hadisə yerində sadəcə sistem köçürülməsi və ya ağrıkəsici vurulması kimi ilkin tibbi müdaxilə kifayət edir. Belə hallarda iri təcili yardım avtomobilinin göndərilməsi həmişə zəruri olmaya bilər. Xüsusilə gecə saatlarında parklanma problemləri səbəbindən təcili yardım avtomobillərinin binaların həyətlərinə daxil olması çətinləşir. Bəzi sürücülər avtomobillərini giriş-çıxışı bağlayacaq şəkildə saxlayırlar. Nəticədə təcili yardım maşını həyətə daxil ola bilmir və qapının qarşısında qalır. Motosiklet isə daha çevik olduğu üçün bu maneələri asanlıqla keçərək hadisə yerinə çata bilir. Bu baxımdan TƏBİB-in bu addımını müsbət qiymətləndirir və alqışlayıram. Bununla yanaşı, motosikletləri idarə edəcək sürücülərin və ya tibb işçilərinin peşə hazırlığının artırılması üçün ciddi addımlar atılmalıdır. Çünki bu cür nəqliyyat vasitəsini qeyri-peşəkar şəxslərə etibar etmək risklidir. Təəssüf ki, sosial şəbəkələrdə və internetdə təcili yardım avtomobillərinin iştirakı ilə baş verən qəzalarla bağlı kifayət qədər görüntülər var. Bu da göstərir ki, təhlükəsizlik məsələsi daim diqqətdə saxlanılmalı, həm sürücülərin hazırlığına, həm də xidmətin keyfiyyətinə xüsusi önəm verilməlidir".
Fatimə
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












