Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA

Gündəm 22 İyun 2026 12:18
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Müəllimlərin sanatoriya və kurort müəssisələrində istirahət imkanlarından yararlanması ilə bağlı məsələ yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə müəllimlərin istirahətə gedərkən ailə üzvlərini özləri ilə apara bilməməsi müxtəlif suallar doğurur.
Avtosfer.az xəbər verir ki, sanatoriya göndərişləri müəllimlərin sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Lakin mövcud qaydalara əsasən bu imkanlardan əsasən yalnız göndəriş alan şəxslər yararlana bilir.
Mövzu ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Avtosfer.az-a açıqlamasında bildirib ki, yollayışlarla bağlı ən çox müraciət yay aylarına təsadüf edir:


"Bunun əsas səbəblərindən biri təhsil müəssisələrində çalışan müəllimlərin əmək məzuniyyətindən əsasən eyni dövrdə istifadə etməsidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, pedaqoji fəaliyyətlə məşğul olan işçilərin, o cümlədən müəllimlərin əmək məzuniyyəti 56 təqvim günü müddətində müəyyən edilib. Ona görə də yay mövsümündə sağlamlıq və istirahət mərkəzlərinə tələbat artır, müraciətlər eyni tarixlər üzrə daha sıx formalaşır. Belə hallarda yollayışların verilməsi müraciətlərin çoxluğu, mövcud kvotalar, yollayışın növü, müraciət edilən dövr nəzərə alınmaqla növbəlilik prinsipi əsasında tənzimlənir. Müraciətlər “e-ahik.az” Elektron Rezervasiya Sistemi vasitəsilə qəbul olunur. Planlaşdırılan gediş tarixindən ən gec 105 gün, ən tez 15 gün əvvəl elektron müraciət etmək mümkündür. Müraciətə ümumilikdə 10 iş günü ərzində baxılır. İlk 3 iş günü ərzində müvafiq Respublika Komitəsi tərəfindən rəy verilir, növbəti 7 iş günü ərzində isə Kurort Turizm İnformasiya Mərkəzi tərəfindən yekun qərar qəbul olunur. İmtina halları ilə bağlı konkret səbəblər qaydalarda göstərilib. Belə ki, müraciətə əlavə olunan sənədlərin tam və düzgün təqdim olunmaması, müraciət edən şəxsin həmin təqvim ili ərzində yollayışla təmin edilməsi, müraciət edilən dövr üzrə resursların olmaması, müraciət edən şəxsin həmkarlar ittifaqı üzvü, sığortaolunan və ya əmək pensiyaçısı olmaması imtina üçün əsas sayılır".
Qurum qeyd edib ki, yollayışların verilməsi prosesi Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”na və “Məcburi dövlət sosial sığorta vəsaiti hesabına sanatoriya-kurort putyovkalarının (yollayışlarının) verilməsi, istifadəsi və uçotunun aparılması Qaydaları”na əsasən tənzimlənir və yollayış verilərkən qanunvericiliyin tələbləri əsas götürülür:
 "Güzəştli yollayış veriləcək şəxslər həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmalıdır. Həmin şəxslər yollayışları dəyərinin yalnız 15 faizini ödəməklə əldə edirlər. Həmin qaydalara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli 113 №-li Qərarı ilə edilmiş dəyişikliklərə əsasən, yollayışlardan güzəştli istifadə hüququ müraciətçilərin ailə üzvlərinə, o cümlədən uşaqlarına şamil olunmur. Bu məsələdə əsas məqam ailə üzvlərinin sağlamlıq və ya istirahət mərkəzinə gedib-getməməsi ilə bağlı deyil. Burada nüans güzəştli yollayış hüququnun kimlərə şamil olunmasıdır. Sualınıza cavab olaraq müəllimin həyat yoldaşı və ya birgə müraciət etdiyi digər şəxs də həmkarlar ittifaqının üzvü, sığortaolunan və ya pensiyaçıdırsa, həmin şəxs də yollayış dəyərinin 15 faizini ödəməklə güzəştli yollayışdan yararlana bilər. Bu statusa malik olmayan ailə üzvləri və ya müraciətçinin birgə getmək istədiyi digər şəxsin ödənişi yollayışın tam dəyəri əsasında hesablanır. Uşaqlarla bağlı məsələ isə Baş Kollektiv Sazişdən irəli gələn sosial öhdəliklərə uyğun olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü əsasında istirahət mərkəzləri ilə bağlanan müqavilələrin şərtləri əsasında tənzimlənir. Mövcud müqavilə şərtlərinə əsasən, 12 yaşadək iki uşağın ödənişsiz əsasda qonaqlanması və qidalanması təmin olunur".

Fatimə Dadaşova

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh