Banner

Müstəqil Azərbaycanın səhiyyə nazirləri – Kimlər gəldi, kimlər getdi?

Gündəm 19 Oktyabr 2026 15:30
Müstəqil Azərbaycanın səhiyyə nazirləri – Kimlər gəldi, kimlər getdi?
WhatsApp kanalımıza abunə olun

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra səhiyyə sisteminə müxtəlif dövrlərdə bir sıra şəxslər rəhbərlik edib. Onların bəziləri qısa müddət vəzifədə qalıb, digərləri isə uzun illər nazir postunu tutub. Səhiyyə nazirlərinin dəyişməsi ölkənin siyasi və sosial-iqtisadi həyatında baş verən proseslərlə paralel gedib.

Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, müstəqil Azərbaycanın səhiyyə nazirləri arasında Tələt Qasımov, Rahim Hüseynov, Əli İnsanov, Oqtay Şirəliyev və Teymur Musayev olub. Anar Bayramovun səhiyyə naziri təyin edilməsi ilə bu siyahıya yeni ad əlavə olunub.

Tələt Qasımov – müstəqil Azərbaycanın ilk səhiyyə naziri

Tələt Qasımov müstəqilliyin ilk illərində səhiyyə sisteminə rəhbərlik edib. O, 1991-ci ilin 23 mayından nazir vəzifəsinə təyin olunub və 1992-ci il aprelin 10-dək bu postda çalışıb.

Tibb elmləri namizədi olan Qasımov Azərbaycanın Əməkdar həkimi adına layiq görülüb. Nazir vəzifəsindən ayrıldıqdan sonra Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir işləyib. 1993-cü ildə bu vəzifədən də ayrılan sabiq nazir sonrakı dövrdə dövlət idarəçiliyində çalışmayıb.

Tələt Qasımov 1999-cu ildə vəfat edib.

Rahim Hüseynov – qısa müddət nazir oldu

Tələt Qasımovdan sonra səhiyyə naziri vəzifəsinə Rahim Hüseynov gətirilib. O, 1992-ci il aprelin 10-dan 1993-cü il sentyabrın 16-dək bu vəzifədə çalışıb.

Hüseynov sonrakı illərdə elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1995–2017-ci illərdə “Təfəkkür” Universitetində prorektor, daha sonra biologiya və təbiət elmləri istiqamətində kafedra müdiri vəzifəsində işləyib.

Sabiq nazir səhiyyə problemlərinə dair elmi məqalələrin və kitabların müəllifi kimi də tanınıb.

Əli İnsanov – 12 ilə yaxın nazir postunda

Əli İnsanov müstəqil Azərbaycanın səhiyyə nazirləri arasında ən uzun müddət vəzifədə qalan şəxslərdəndir. O, 1993-cü il noyabrın 9-dan 2005-ci il oktyabrın 20-dək səhiyyə naziri olub.

İnsanovun rəhbərlik etdiyi dövr Azərbaycanın səhiyyə sistemində dövlət idarəçiliyinin və tibbi xidmətlərin təşkili məsələlərinin gündəmdə olduğu illəri əhatə edib. O, eyni zamanda 1995–2000-ci illərdə Milli Məclisin deputatı olub.

2005-ci ilin oktyabrında nazir vəzifəsindən azad edilən Əli İnsanov həmin il həbs olunub. Sonrakı proseslərdə ona qarşı müxtəlif cinayət ittihamları irəli sürülüb və məhkəmə qərarları ilə bağlı hadisələr ölkənin siyasi gündəmində geniş müzakirə olunub.

Oqtay Şirəliyev – 16 ilə yaxın səhiyyə naziri

2005-ci il oktyabrın 20-də Oqtay Şirəliyev səhiyyə naziri təyin edilib. O, 2021-ci il aprelin 23-dək bu vəzifədə çalışıb.

Tibb elmləri doktoru, professor olan Şirəliyev nazir təyin olunmazdan əvvəl Respublika Diaqnostika Mərkəzinə rəhbərlik edib.

Onun nazir olduğu illərdə regionlarda xəstəxanaların və diaqnostika mərkəzlərinin tikintisi, tibbi infrastrukturun yenilənməsi, eləcə də səhiyyə xidmətlərinin təşkili məsələləri gündəmdə olub. Şirəliyev COVID-19 pandemiyası dövründə də ölkənin səhiyyə sisteminə rəhbərlik edib.

2021-ci il aprelin 23-də prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub. Oqtay Şirəliyev 2025-ci il oktyabrın 3-də vəfat edib.

Teymur Musayev – pandemiyadan sonrakı dövrün naziri

Oqtay Şirəliyev vəzifəsindən azad edildikdən sonra səhiyyə nazirinin birinci müavini Teymur Musayevə nazir səlahiyyətlərinin müvəqqəti icrası həvalə olunub. O, 2022-ci il yanvarın 19-da səhiyyə naziri təyin edilib.

1970-ci ildə Bakıda anadan olan Musayev Azərbaycan Tibb Universitetini bitirib. İxtisasca uroloq olan nazir müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışıb.

O, 2020-ci ilin aprelindən 2021-ci ilin aprelinədək Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində işləyib. Daha sonra nazirin birinci müavini təyin olunub və səhiyyə naziri vəzifəsinə yüksəlib.

Anar Bayramov – TƏBİB-dən nazir postuna

Bu gün (19 oktyabr 2026-cı il) Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. O, bu təyinata qədər TƏBİB-in icraçı direktoru vəzifəsində çalışıb.

Anar Bayramov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Prezidentin 17 aprel 2025-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib.

O, 2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012–2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017–2020-ci illərdə isə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

2026-cı il aprelin 14-də TƏBİB-in Müşahidə Şurasının qərarı ilə qurumun icraçı direktoru təyin edilən Anar Bayramov qısa müddət sonra səhiyyə naziri vəzifəsinə gətirilib.

Beləliklə, müstəqillik dövründə Azərbaycanın səhiyyə sisteminə rəhbərlik edən şəxslərin siyahısında Tələt Qasımov, Rahim Hüseynov, Əli İnsanov, Oqtay Şirəliyev, Teymur Musayev və Anar Bayramovun adları yer alır.

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh