Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI

Gündəm 20 May 2026 13:00
Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI
WhatsApp kanalımıza abunə olun

Politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərini və Moskva-Pekin münasibətlərinin hazırkı vəziyyətini şərh edib.

Avtosfer.az xəbər verir ki, özünün sosial şəbəkə hesabında məlumat verən politoloq bildirib ki, Vladimir Putin Çinə səfərindən əvvəl videomüraciətlə çıxış edərək Rusiya ilə Çin arasında münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. Rusiya Prezidenti qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlıq hər hansı üçüncü dövlətə qarşı yönəlməyib.

Putinin Pekinə səfəri ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən qısa müddət sonraya təsadüf etdiyindən Kreml rəhbərinin bu məqama xüsusi diqqət ayırması təsadüfi deyil.

Putin çıxışında iki ölkə arasındakı iqtisadi əməkdaşlığı ön plana çıxararaq ticarət dövriyyəsinin 200 milyard dolları keçdiyini və hesablaşmaların əsasən rubl və yuanla aparıldığını xatırladıb.

“Putin həmçinin vurğulayıb ki, Moskva ilə Pekin arasında münasibətlər qarşılıqlı etimad, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri üzərində qurulub və bu tərəfdaşlıq strateji xarakter daşıyır”, – deyə Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, reallıqda Rusiya-Çin münasibətləri getdikcə daha çox birtərəfli xarakter almağa başlayıb. O qeyd edib ki, Rusiya 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropaya sata bilmədiyi böyük həcmdə neft və qazı Çin bazarına yönəldib.

Rusiya 2024-cü ildə Çinə təxminən 129 milyard dollar dəyərində məhsul ixrac edib və bunun böyük hissəsini xam neft, təbii qaz və kömür təşkil edib. Politoloq bildirib ki, müharibə başlayandan bu günədək Çin Rusiyadan ümumilikdə yüz milyardlarla dollar dəyərində enerji məhsulları alıb və Moskva bu satışlarda Pekinə ciddi endirimlər etməyə məcbur qalıb.

Elxan Şahinoğlu qeyd edib ki, Çinlə iqtisadi əməkdaşlıq Rusiyaya Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanı verib. Onun fikrincə, Qərbdə Pekinin Moskva üzərində ciddi təsir imkanlarına malik olması ilə bağlı formalaşan mövqenin əsas səbəbi də budur.

“Elə hesab olunur ki, Pekin istəsə, Rusiyanı müharibəni dayandırmağa məcbur edə bilər. Ancaq Çin rəhbərliyinin hazırda belə bir niyyəti görünmür”, – deyə politoloq bildirib.

Politoloq əlavə edib ki, Çin Rusiyaya hazır hərbi texnika ixracını məhdudlaşdırsa da, ikili təyinatlı məhsullar və texnologiyalar vasitəsilə Moskvanın müdafiə sənayesinə dəstəyini davam etdirir. Onun sözlərinə görə, bu məhsullar Rusiyanın raket, dron və digər silah istehsalını davam etdirməsinə imkan yaradır.

ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın Rusiyaya tətbiq etdiyi texnologiya və mikroelektronika məhdudiyyətləri nəticəsində Moskva Çin bazarından və texnologiyalarından daha da asılı vəziyyətə düşüb.

Müharibə başa çatdıqdan sonra da Rusiyanın Çindən asılılığı azalmaq əvəzinə daha da artacaq və bu vəziyyət Pekinin maraqlarına uyğundur.

Çinin Rusiya-Ukrayna müharibəsində Moskvanın məğlubiyyətini istəməməsinin başqa səbəbləri də var. O, Çin xarici işlər naziri Van İnın bir neçə ay əvvəl Brüsseldə verdiyi açıqlamaya diqqət çəkərək bildirib ki, Pekin hesab edir: Rusiya zəifləyərsə, ABŞ diqqətini birbaşa Çinə yönəldəcək.

“Elə buna görə də Çin nə Rusiyanın, nə də İranın ABŞ qarşısında zəifləməsində maraqlı görünür”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Eltac Zülfüqaroğlu

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh