Rusiya casuslarının atdığı flakon necə faciəyə səbəb oldu? - Ölüm saçan ətir

İngiltərədə Solsberi zəhərlənməsi hadisəsindən səkkiz il keçsə də, təsadüfən tapdığı ətir flakonu Çarli Roulinin həyatını alt-üst edib. O, hələ də sevgilisi Don Stercessin ölümünə görə özünü günahkar hiss etdiyini deyir. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, İngiltərənin Emsberi qəsəbəsində adi yay günlərindən biri idi. Çarli Rouli xeyriyyə məqsədilə qoyulmuş geyim və əşya qutusunu qarışdırarkən kiçik karton qutu tapdı. Qutunun içində plastikə bükülmüş, üzərində məşhur Fransa brendinin adı yazılmış ətir flakonu vardı. Rouli bunun sadəcə kimsənin istifadə etmək istəmədiyi bahalı ətir olduğunu düşündü və onu sevgilisi Don Stercessə hədiyyə etmək qərarına gəldi.
Küçəyə atılmış və ya bağışlanmış əşyalar arasında qiymətli əşyalar tapmaq onun ən böyük hobbilərindən idi. İllər ərzində bu yolla televizorlar və məişət texnikası taparaq təmir etmişdi. Hətta həmin gün gizli şəkildə evlilik təklifi etmək üçün sapfir qaşlı üzük tapacağına ümid edirdi.
CNN telekanalına danışan Rouli deyib: "Don tez-tez mənə sapfir qaşlı nişan üzüyü arzuladığını deyirdi".
Lakin onun bilmədiyi dəhşətli bir həqiqət vardı. Tapdığı flakon cəmi üç ay əvvəl Rusiyanın xüsusi xidmət orqanlarının Solsberi şəhərində keçmiş rus casusunu zəhərləmək üçün istifadə etdiyi "Noviçok" adlı hərbi təyinatlı sinir-iflicedici maddəni ehtiva edirdi.
Bu, beynəlxalq casusluq əməliyyatının iki təsadüfi mülki qurbanına çevrilən Don Stercessin ölümünə və Çarli Roulinin ağır zəhərlənərək komaya düşməsinə səbəb oldu.
Heç nəyi xatırlamırdı
Rouli həmin günü belə xatırlayır: "Mən bunun sadəcə gözəl hədiyyə olduğunu düşünürdüm. Don da çox sevindi. Amma hər şey çox qısa müddətdə dəhşətli şəkildə dəyişdi".
Onun sözlərinə görə, Don flakonu açaraq mayeni biləyinə püskürdüb: "Bir neçə dəqiqə sonra özünü qəribə hiss etdiyini dedi. Başının ağrıdığını söylədi, sonra isə tamamilə huşunu itirdi".
Həmin gün Noviçok sinir maddəsi Roulinin orqanizminə də təsir göstərməyə başladı. O, güclü tərləyir, anlaşılmaz sözlər danışır və qısa müddət sonra komaya düşürdü.
Rouli həftələrlə xəstəxanada həyat uğrunda mübarizə apardı. Ayıldıqdan sonra baş verənləri xatırlamırdı. Daha sonra insult keçirdi və uzun müddət reabilitasiya müalicəsi aldı.
Səkkiz il keçsə də, baş verənləri danışmaq onun üçün hələ də çox çətindir.
Yeni yayımlanan "The Salisbury Poisonings: A Spy Next Door" ("Solsberi zəhərlənmələri: Qonşuluqdakı casus") sənədli filmində Rouli göz yaşları içində deyib: "Mən həmişə bunu yaddaşımdan silməyə çalışmışam. Nə mənim, nə də Donun başına belə bir şey gələcəyini heç vaxt düşünməzdim. O gündən sonra həyatımız tamamilə dəyişdi".
Şübhəli detal diqqətini çəkmişdi
Cütlük evsizlər üçün fəaliyyət göstərən sosial mərkəzdə tanış olmuşdu və təxminən bir il idi birlikdə yaşayırdı.
Rouli bildirib ki, flakonda qəribə bir məqam diqqətini çəkmişdi.
Ətirin püskürdücüsü flakonun üzərində deyildi və qutunun içində ayrıca yerləşirdi. O, mexanizmi özü quraşdırmalı olmuşdu.
Don mayeni biləyinə püskürtdükdən sonra onun yağlı olduğunu və heç bir qoxusunun olmadığını gördü: "O anda düşündüm ki, qoxusu olmayan ətir çox qəribədir".
Az sonra Don özünü pis hiss edərək hamama getdi. Bir neçə dəqiqə sonra güclü səs eşidildi.
Rouli hamama daxil olanda sevgilisini vannada huşsuz vəziyyətdə tapdı və dərhal təcili yardım çağırdı.
10 min nəfəri öldürə biləcək zəhər
Don xəstəxanaya aparıldıqdan sonra Rouli onun üçün geyim və şəxsi əşyalar hazırlamaq məqsədilə evdə qaldı.
Sonradan o, bunun həyatının ən böyük peşmanlığı olduğunu bildirib: "Kaş ki, onunla birlikdə təcili yardım maşınına minsəydim".
Lakin həmin gün bir neçə saat sonra ikinci təcili yardım maşını artıq Rouli üçün çağırıldı. Zəhər onun orqanizminə də yayılmışdı.
Don Stercess xəstəxanaya yerləşdirildikdən 10 gün sonra, 44 yaşında vəfat etdi. Həmin vaxt Rouli hələ də komada idi.
Böyük Britaniyanın terrorla mübarizə üzrə keçmiş polis rəhbəri Nil Basu sənədli filmdə bildirib: "Həmin kiçik ətir flakonundakı zəhər təxminən 10 min insanı öldürmək gücünə malik idi".
Solsberi zəhərlənməsi
2018-ci ilin martında Solsberi şəhərində keçmiş Rusiya hərbi kəşfiyyat zabiti Sergey Skripal və qızı Yuliya Skripal huşsuz vəziyyətdə tapılmışdı.
İstintaq onların Sovet İttifaqında hazırlanmış "Noviçok" sinir-iflicedici maddəsi ilə zəhərləndiyini müəyyən etmişdi.
Britaniya hakimiyyətinin məlumatına görə, Rusiya Hərbi Kəşfiyyat İdarəsinin (QRU) iki əməkdaşı saxta şəxsiyyətlə İngiltərəyə gələrək zəhəri Skripalın evinin giriş qapısının dəstəyinə sürtmüş, daha sonra isə həmin gün Moskvaya qayıtmışdı.
Şəhərdə genişmiqyaslı dezinfeksiya və təhlükəsizlik tədbirləri görülmüş, parklar, restoranlar və digər ictimai məkanlar bağlanmışdı.
Sergey və Yuliya Skripal uzun müddət reanimasiyada qaldıqdan sonra sağ qalsalar da, sonradan yeni şəxsiyyətlə gizli ünvana köçürüldükləri bildirilir.
Bu hadisədən üç ay sonra isə sui-qəsd zamanı atılmış ətir flakonu Emsberidə Çarli Roulinin əlinə keçib və yeni faciəyə səbəb olub.
Ədalət ümidini itirib
Rusiya Prezidenti Vladimir Putin həmin dövrdə Britaniyanın ittihamlarını rədd edərək onları "cəfəngiyat" adlandırmışdı.
Britaniya xüsusi xidmət orqanları hadisədə şübhəli bilinən iki Rusiya agentinin şəxsiyyətini müəyyən etsələr də, onlar Rusiyada məsuliyyətə cəlb edilməyiblər.
Komadan ayıldıqdan sonra həkimlər Rouliyə acı həqiqəti açıqlayıblar: sevgilisini öldürən zəhəri o, özü hədiyyə etdiyi flakon vasitəsilə ona vermişdi.
Rouli deyib: "Bu, mənim üçün dəhşətli şok idi. Dona hədiyyə etdiyim flakon idi. Özümü inanılmaz dərəcədə günahkar hiss etdim və bu hisslə hələ də mübarizə aparıram".
Hazırda o, Solsberi yaxınlığında yaşayır. Zəhərlənmənin nəticəsi olaraq sol qolundan demək olar ki, istifadə edə bilmir, görmə və tarazlıq problemlərindən əziyyət çəkir, yaddaşı isə tam bərpa olunmayıb.
Hadisədən bir il sonra Rouli Rusiyanın Londondakı səfiri ilə görüşərək cavab almağa çalışsa da, nəticə əldə etməyib: "Artıq ədalət gözləmirəm. Bu məsələ mənim imkanlarımı aşır və edə biləcəyim heç nə qalmayıb".
Sumqayıtda satıcılar mərkəzdəki avtobus dayanacağını bu hala salır - FOTO
Prezident fərman İMZALADI
Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO
Maştağada zibil konteynerlərinin ətrafında antisanitar vəziyyət yaranıb – FOTO
Bakıda ictimai nəqliyyatda təmassız ödənişlər sürətlə artır – STATİSTİKA
Bu küçələrdə SIXLIQ VAR
Sumqayıt sakinləri bu küçədəki səkinin son dəfə nə vaxt təmir edildiyini unudub - FOTO
Çindən sıfır karbon hədəfinə yeni addım – 600 at gücündə mühərriki hazırlanır
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib - FOTO
Trampın “Green Card”la bağlı 100 min dollar tələbinin səbəbi nədir? - AÇIQLAMA
Azərbaycanda sürücülərin yanacaq xərcləri niyə artıb? - İQTİSADÇI










