Rusiya niyə Ankaraya dəstək verdi? - Suriyada terrorçu, Türkiyədə lirə ölür...

ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür.
Avtosfer.az">Avtosfer.az Redaktor.az-a istinadən bildirir ki, iqtisadçı alim Vüqar Bayramov Türkiyənin Suriyanın şimalında apardığı əməliyyatlara görə, ABŞ və Avropa ölkələrinin sanksiyalarına məruz qalması ehtimalına münasibət bildirib.

İqtisadçı hesab edir ki, bu əməliyyatlardan sonra son bir həftə ərzində lirə 4 faiz dəyər itirib:
“Ötən həftə 1 dollar almaq üçün 5.7 lirə ödəmək lazım idisə, indi bu rəqəm 5.9 lirəyədək geriləyib. "Ağ ev" sanksiyaları gücləndirəcəyi halda bu, Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək. Xüsusən də Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmində azalmalar ola bilər. Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-ü Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər”.
İqtisadçı bildirib ki, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da, ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq:
“Bütün hallarda Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur. Bütövlükdə, sanksiyaların genişlənəcəyi halda isə lirənin 6 bəndlik pisixoloji həddi aşacağı gözlənilir”.
Politoloq Məhəmməd Əsədullazadə də məsələ ilə bağlı saytımıza danışıb.
.png)
Politoloq hesab edir ki, Türkiyənin müstəqil və regionda söz sahibi olması ABŞ-da bəzi qrupları ciddi narahat edir:
“ABŞ Türkiyənin Suriyada PKK/YPG terror təşkilatına apardığı “Sülh çeşməsi” əməliyyatına görə müdafiə, daxili və bir neçə nazirə sanksiyalar tətbiq etdi. Trampla Ərdoğan arasında bu əməliyyatın aparılması razılaşdırılsa da, Pentaqonda və Konqresdə bir qrup Ankaraya qarşı sanksiyaların tətbiq edilməsində Trampa təzyiq edirlər. Tramp Türkiyəyə qarşı polad rüsumunun qaldırılmasını və iqtisadiyyata zərbə vuracağını qeyd edir. Gələn ay Ərdoğanın Vaşinqton səfəri bu sanksiyalarla dolayı təxirə düşə bilər. ABŞ-ın bu sanksiyaları Türkiyənin apardığı əməliyyatları təxirə salmayacaq”.
M. Əsədullazadə vurğulayıb ki, ABŞ maliyyə və lojistik dəstək verdiyi YPG-nin məğlub edilməsini həzm edə bilmir:
“Türkiyə 40 kilometr dərinlikdə bufer zona yaratdıqdan sonra əraziləri bir müddət nəzarətində saxlayacaq. Artıq, Avropanın bir neçə dövləti də Ankaraya silah satışına embarqo qoydu. Göründüyü kimi Türkiyənin Suriyada uğurlu apardığı hərbi əməliyyatlar ABŞ və Avropanı narahat edir”.
Politoloq istisna etmir ki, ABŞ-ın bu sanksiyaları ötəri və perspektivdir:
“Münasibətlərin yoluna qoyulması istiqamətində tərəflər razılaşacaq. Necə ki, ABŞ BMT TŞ-da Türkiyə əleyhinə qətnaməyə veto qoydu. ABŞ-dan böyük bir heyət Ankaraya gələcək və əməliyyatdan sonra regionda yeni siyasi mənəzərinin formalaşması istiqamətində danışıqlar aparılacaq. Vaşinqton bundan sonra Türkiyə ilə əməkdaşlıq etmək məcburiyyətində qalacaq. Çünki, Vaşinqtonun əməkdaşlıq etdiyi YPG terror qruplaşmasının fəaliyyəti geniş arealda məğlubiyyətə düçar oldu. Bu əməliyyatdan dolayı Suriyada ABŞ-ın mövqeyi zəifləyir. Məhz Rusiya buna görə Ankaranın hərbi əməliyyatlarına dəstək verdi”.













