Şəhər böyüyür, yollar daralır – Tıxacın qarşısı necə alınmalıdır?

Yeni tədris ilinin başlanması ilə birlikdə Bakıda tıxac problemi yenidən gündəmə gəlib. Şəhərin əsas prospekt və küçələrində müşahidə olunan sıxlıq sürücülərin, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin narazılığına səbəb olur. Artıq şəxsi avtomobili olan bir çox vətəndaş tıxacdan yayınmaq üçün metro və avtobusa üz tutsa da, bu da çıxış yolu deyil.
Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev vəziyyəti şərh edib. Onun sözlərinə görə, tıxac probleminin əsas səbəbi ölkə vətəndaşlarının yarısından çoxunun iş və təhsil məqsədilə Bakıya üz tutmasıdır:
“Universitetlərin böyük hissəsi paytaxtda yerləşir. Bu isə həm tələbə axınının, həm də nəqliyyatda sıxlığın artmasına gətirib çıxarır. İctimai nəqliyyat mövcud vəziyyətdə yükü daşımaq imkanına sahib deyil. Metro və avtobuslar pik saatlarda sərnişinləri qəbul edə bilmir. Əgər sürücülərin hamısı şəxsi avtomobildən imtina edib avtobus və metroya üz tutsa, bu, daha böyük iflic vəziyyətinə səbəb olar”.
Ekspert problemin həlli üçün bir sıra istiqamətləri vacib hesab edir. Onun fikrincə, universitetlərin bölgələrdə açılması bu yolda atılan ilk addımdır:
“Qarabağda, xüsusən də Xankəndidə universitetlərin fəaliyyətə başlaması bu baxımdan mühüm addım kimi dəyərləndirilir. Digər rayonlarda da ali təhsil müəssisələrinin açılması tələbə axınını paytaxtdan bölgələrə yönəldəcək və bu, nəqliyyata düşən yükü azaldacaq. Digər məqam isə dövlət və özəl qurumların çoxunda iş saatının eyni vaxtda, yəni səhər saat 9:00-da başlamasıdır. Bu isə pik saatlarda həm avtomobil yollarında, həm də ictimai nəqliyyatda sıxlığa səbəb olur. Əgər iş saatları mərhələli şəkildə – 7:00, 8:00, 9:00 və 10:00-da başlasa, səhər və axşam sıxlığının xeyli azaldılmasına nail olmaq olar. Müəyyən sahələrdə işçilərin və tələbələrin həftənin bir hissəsində onlayn rejimdə çalışması həm yollardakı yükü azaldar, həm də ictimai nəqliyyata olan təzyiqi aşağı salar. Bəzi banklar var ki, orada işçilər 1 gün əyani 1 gün “online” formada işləyirlər”.
Mütəxəssisin fikrincə, ən əsas məsələ məktəblərin qarşısında yaranan xaosdur. O qeyd etdi ki, xaosun əsas səbəbi valideynlərin övladlarını şəxsi avtomobillə gətirməsidir:
“Əgər bütün məktəblərdə münasib qiymətə xidmət göstərən avtobuslar olsa, valideynlər bu xidmətdən yararlanmağa üstünlük verər. Bu da həm səhər, həm də günorta saatlarında yollarda yaranan sıxlığı azaldar. Həm özəl, həm də dövlət məktəblərində mütləq məktəbin şəxsi avtobusu olmalıdır”.
A.Nəbiyev vurğulayıb ki, tıxacda uzun müddət qalmaq sürücülərin psixoloji durumuna da mənfi təsir edir:
“Sürücülər əsəbləşir, stress keçirir. Bu isə həm yol hərəkətinə, həm də ümumi ictimai mühitə mənfi təsir göstərir. Ona görə də problemin həlli təkcə yol infrastrukturunun genişləndirilməsi ilə deyil, sistemli yanaşma ilə mümkündür. Şəhər böyüyür, insanlar çoxalır, amma yollarımız sanki daralır. Bu tendensiya davam edərsə, tıxac problemi daha da ağırlaşacaq”. (sfera.az)
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










