Banner

Siyasi şəxslərin, ölkə başçılarının saxta videoları cəmiyyətə necə təsir edir? – EKSPERT RƏYİ

Gündəm 16 Dekabr 2025 15:00 Oxunub 122
Siyasi şəxslərin, ölkə başçılarının saxta videoları cəmiyyətə necə təsir edir? – EKSPERT RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə texnologiyanın sürətli inkişafı həyatımızın demək olar ki, bütün sahələrinə təsir göstərir. Xüsusilə “deepfake” və saxta videolar cəmiyyətdə ciddi maraq doğurur. “Deepfake” texnologiyası insan üzlərini, səslərini və davranışlarını yüksək dəqiqliklə təqlid etməyə imkan verir. İlk baxışda bu texnologiya əyləncə, film və reklam sahələrində maraqlı imkanlar yaradır amma cəmiyyət üçün təhlükəli nəticələr də doğura bilər.

Saxta videoların yayılması insanların həqiqəti ayırd etməsini çətinləşdirir. Sosial şəbəkələrdə dövlət başçılarını “deepfake” texnologiyası ilə saxta videolarının hazırlanması ictimsiyyətdə geniş maraq yaradıb. Bu texnologiya vasitəsilə prezidentlərin üz mimikası, səsləri və üzləri o qədər professional hazırlanır ki, adi vətəndaş onu ayırd edə bilmir.

Bu, ictimai rəyi manipulyasiya etməyə, yanlış məlumatların yayılmasına və insanların etimadının itirilməsinə gətirib çıxara bilər. Eyni zamanda “deepfake” texnologiyası fərdlərin şəxsi həyatına müdaxilə, nüfuz itkisi və hüquqi problemlər yaradaraq etik suallar doğurur.

“Deepfake” videolar vasitəsilə insanların düşüncələri və ictimai fikir asanlıqla təsir altına alınır. Saxta məlumatlar həqiqət kimi təqdim olunduqda, insanlar yanlış qərarlar verə bilər. Xüsusilə siyasət və xəbərlərdə yayılan saxta videolar cəmiyyətdə qarışıqlığa və etibarsızlığa səbəb olur. “Deepfake” texnologiyası şəxslərin icazəsi olmadan onların şəkil, video və səsini təqlid edə bilər. Bu, həm nüfuz itkisinə, həm də şəxsi həyatın pozulmasına gətirib çıxarır. İnsanlar iş yerlərində, sosial şəbəkələrdə və gündəlik həyatlarında təhlükə ilə üzləşə bilər.

Bununla bağlı Avtosfer.az-a açıqlama verən informasiya və kommunikasiya texnologiyaları mütəxəssisi Elvin Abbasov bildirib ki, “deepfake” videoların yalan informasiya yayımı və ictimai rəyə təsiri yüksək riskli və dağıdıcı qiymətləndirilir:
“Bu videolar adi yalan xəbərlərdən fərqli olaraq, vizual inandırıcılığı sayəsində daha sürətlə yayılır və insanlarda güclü emosional reaksiya yaradır. Ən ciddi nəticə, ictimaiyyətdə həqiqətə inamsızlıq mühitinin yaranmasıdır. Belə ki, insanlar hətta həqiqi görüntülərə belə şübhə ilə yanaşmağa başlayırlar. Bu isə seçkilər ərəfəsində siyasi sabitliyə və ya böhran vəziyyətlərində doğru xəbərləşməyə ciddi təhlükə yaradır”. 

Mütəxəssis saxta videoların siyasi və iqtisadi manipulyasiyalara necə təsir edə biləcəyinə aydınlıq gətirib:
“İnformasiya texnologiyaları mütəxəssisi kimi, saxta videoların siyasi və iqtisadi manipulyasiyalara təsirinin getdikcə həlledici olacağını düşünürəm. Siyasətdə “deepfake”lər rəqibləri ləkələmək, xarici əlaqələri gərginləşdirmək və ya seçkilərə müdaxilə etmək üçün "inanılmaz" sübutlar yaratmaq imkanı verir. İqtisadiyyatda isə bu videolar şirkətlərin CEO-larının yalan bəyanatlar verməsini təqlid edərək, səhm bazarlarında süni çaxnaşmaya (spekulyasiya) səbəb ola bilər ki, bu da qısa zamanda milyardlarla dollarlıq iqtisadi zərərə yol aça bilər”. 

Elvin Abbasov vətəndaşlara “deepfake” videoları tanımaqda hansı texniki və sadə üsullardan istifadə edə biləcəklərini də deyib. Bunun üçün həm texniki, həm də sadə vizual üsullar mövcuddur:
“Sadə vizual üsullara diqqət yetirsək, bu, göz qırpma tezliyinin qeyri-təbiiliyi, səs və dodaq hərəkətlərinin (“lip-sync”) uyğunsuzluğu, üz konturunun və ya kənarlarının qəribə bulanıq olması, həmçinin üzə düşən işıq və kölgələrdəki tutarsızlıqlar daxildir. Texniki üsullar isə videonun mənbəyini yoxlamaq (metadata analizi) və ya onlayn mövcud olan “deepfake” aşkarlama proqramlarından istifadə etməyi əhatə edir. Hər halda, məlumatı qəbul etməzdən əvvəl mənbənin etibarlılığını mütləq yoxlamaq vacibdir”.
Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh