Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT

Fövqəladə hallarda operativ müdaxilə insanların həyatının xilas edilməsində mühüm rol oynayır. Təcili xidmətlərin vahid çağrı nömrəsi ətrafında birləşdirilməsi vətəndaşların yardım almasını asanlaşdıra və qurumlar arasında əlaqələndirməni gücləndirə bilər. Bu yanaşma fövqəladə vəziyyətlərdə vaxt itkisinin qarşısını almaqla yanaşı, insanların təhlükəsizliyinin təmin olunmasına da müsbət təsir göstərə bilər.
Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, müasir dövrdə vətəndaşların təhlükəsizliyinin təmin olunması, fövqəladə hallarda operativ müdaxilənin təşkili və insanların həyatının xilas edilməsi baxımından təcili xidmətlər arasında koordinasiyanın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır:

"Hesab edirəm ki, Azərbaycanda da polis, təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin xidmətlərinin vahid çağrı nömrəsi ətrafında birləşdirilməsi məsələsinə kompleks şəkildə yanaşmaq və bu istiqamətdə mövcud imkanları təkmilləşdirmək olar. Çünki hadisə ilə üzləşən insanın həmin anda hansı quruma, hansı nömrə ilə müraciət etməli olduğunu düşünməsinə vaxt itirməməsi vacibdir. Belə məqamlarda hər saniyə insan həyatının xilas edilməsi baxımından həlledici ola bilər. Bu sahədə Türkiyənin təcrübəsi diqqətəlayiqdir. Qardaş ölkədə polis, təcili tibbi yardım, yanğınsöndürmə və digər təcili xidmətlər vahid 112 çağrı mərkəzi altında birləşdirilib. Vətəndaş hadisənin xarakterindən asılı olmayaraq bir nömrəyə zəng edir, müraciət qiymətləndirilir və zəruri xidmətlərin hadisə yerinə yönləndirilməsi təşkil olunur. Bu yanaşma həm vətəndaşların təcili xidmətlərə çıxışını asanlaşdırır, həm də müxtəlif qurumların fəaliyyətinin əlaqələndirilməsinə imkan yaradır. Azərbaycanın da bu təcrübəni öyrənməsi, ölkəmizin mövcud infrastrukturuna və idarəetmə sisteminə uyğun tətbiq imkanlarını araşdırması məqsədəuyğun olardı.
Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətti artıq fəaliyyət göstərir və müəyyən fövqəladə hallar zamanı müvafiq qurumlarla əlaqələndirmə həyata keçirilir. Bununla belə, vahid nömrə modelinin bütün təcili xidmətləri əhatə etməsi üçün mövcud sistemin imkanları, texniki infrastrukturu, kadr təminatı və qurumlararası məlumat mübadiləsi ayrıca qiymətləndirilməlidir. Burada əsas məsələ yalnız nömrələrin birləşdirilməsi deyil, daxil olan zənglərin düzgün qiymətləndirilməsi, çağırışların müvafiq xidmətlərə dərhal ötürülməsi və hadisə yerinə ən qısa müddətdə müdaxilənin təmin edilməsidir. Bu istiqamətdə mərhələli islahatların həyata keçirilməsi mümkündür. İlk növbədə, vahid çağrı mərkəzinin texniki imkanları gücləndirilməli, operatorlar peşəkar hazırlıq keçməli, qurumlar arasında vahid məlumat mübadiləsi sistemi yaradılmalı və çağırışların operativ idarə olunması təmin edilməlidir. Vətəndaşların müraciətlərinin gecikmədən müvafiq xidmətə yönləndirilməsi üçün aydın prosedurlar müəyyənləşdirilməlidir. Sistemin tətbiqi zamanı xüsusilə təcili tibbi yardım çağırışlarının prioritetliyi və bütün xidmətlərin fasiləsiz fəaliyyəti nəzərə alınmalıdır. Vahid təcili çağrı nömrəsi vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, dövlət xidmətlərinin əlçatanlığının və səmərəliliyinin yüksəldilməsinə də töhfə verə bilər. Əsas məqsəd vətəndaşın fövqəladə vəziyyətdə yardım almaq üçün əlavə vaxt itirməməsi, müraciətinin düzgün ünvana çatdırılması və aidiyyəti qurumların koordinasiyalı şəkildə hərəkət etməsidir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda mövcud mexanizmlərin təkmilləşdirilməsi gələcək üçün nəzərdən keçirilə biləcək mühüm istiqamətlərdəndir".
Sosioloq Üzeyir Şəfiyevin fikrincə isə, bu təcrübə rabitənin çevikliyini, mobilliyini təmin edən və xidmət keyfiyyətini artıran bir addım olardı:

"Xidmətin təkmilləşməsi ilə bağlı bir məsələdir. Bunun üçün çağrı mərkəzlərinin vahid əlaqələndirmə sistemi qurulmalıdır. Elektron qaydada bu proses avtomatik həyata keçirilə bilər. Müraciət edən şəxsə həmin əlaqələndirmə mərkəzi tərəfindən ünvanı və müraciətinin təyinatı üzrə yönləndirmə verilə bilər. Bu, texnologiyalar və rəqəmsallaşma şəraitində əlçatan və asan tətbiq oluna bilən bir üsuldur. Bunun təkmilləşməsinə ehtiyac var. Hazırda bu, müəyyən səviyyədə mövcuddur, ancaq bunu daha da təkmilləşdirmək və sistemli hala gətirmək olar. Türkiyə və Avropa ölkələrindəki kimi vahid mərkəzdən idarəetmə mexanizminə çevirmək olar. Bu, xidmətin keyfiyyətini, çevikliyini və mobilliyini artıra bilən bir addım olardı".
Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.
.png)
Müəllif: Züleyxa Allahverdiyeva
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












