Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH

Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, son 30 il ərzində Azərbaycanda həyata keçirilən transmilli enerji və nəqliyyat layihələri ölkədə təhlükəsizlik mədəniyyətinin formalaşmasına mühüm töhfə verib. Avtosfer.az xəbər verir ki, onun fikrincə, həmin layihələr çərçivəsində tətbiq olunan beynəlxalq təhlükəsizlik standartları bu gün bütün tikinti sektorunda vahid yanaşma kimi istifadə edilməlidir.
Ekspert bu fikirləri sosial şəbəkədə paylaşımında bildirib.

Rauf Ağamirzəyev bildirib ki, Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan (BTC), Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP kimi strateji layihələrin icrası zamanı beynəlxalq SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik və Ətraf Mühit – HSE) standartları uğurla tətbiq olunub. Bu proses çərçivəsində minlərlə yerli mütəxəssis hazırlanıb, təhlükəsizlik prosedurları, sertifikatlaşdırma sistemi və risklərin idarə olunması sahəsində zəngin təcrübə formalaşıb.
Hazırda Azərbaycanda təhlükəsiz tikinti mədəniyyətinin inkişaf etdirilməsi üçün kifayət qədər peşəkar kadr potensialı və bilik bazası mövcuddur. Lakin bu təcrübə bütün tikinti sahələrində eyni səviyyədə tətbiq olunmur.
Ekspert qeyd edib ki, bəzi tikinti meydançalarında xəbərdaredici nişanların quraşdırılmaması, piyadalar üçün təhlükəsiz müvəqqəti keçidlərin təşkil edilməməsi, nəqliyyatın hərəkətinin düzgün tənzimlənməməsi və iş sahələrinin lazımi qaydada hasarlanmaması həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaradır.

Rauf Ağamirzəyev vurğulayıb ki, hazırkı mərhələdə əsas məqsəd yeni təhlükəsizlik qaydalarının hazırlanması deyil, beynəlxalq təcrübədə özünü doğrultmuş mexanizmlərin sistemli şəkildə bütün tikinti layihələrində tətbiq edilməsidir.
"Neft-qaz sektorunda uğurla sınaqdan çıxmış təhlükəsizlik idarəetmə modeli kommunal, yol-nəqliyyat, yaşayış və digər infrastruktur layihələrində də vahid standart kimi tətbiq olunmalıdır", – deyə o bildirib.
Ölkədə dövlət və özəl sektor tərəfindən həyata keçirilən bütün tikinti layihələri üçün vahid təhlükəsizlik standartları müəyyənləşdirilməli, məcburi SƏTƏM nəzarəti gücləndirilməli və mütəmadi monitorinq mexanizmləri tətbiq edilməlidir.
O əlavə edib ki, tikinti işləri aparılan ərazilərdə ictimaiyyətin vaxtında məlumatlandırılması, müvəqqəti hərəkət sxemlərinin hazırlanması, piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi və xəbərdaredici nişanların tam şəkildə quraşdırılması layihələrin ayrılmaz tərkib hissəsi olmalıdır.
Rauf Ağamirzəyev hesab edir ki, son 30 ildə beynəlxalq enerji və nəqliyyat layihələrindən əldə olunan təhlükəsizlik təcrübəsi artıq yalnız iri neft-qaz layihələrində deyil, ölkədə həyata keçirilən bütün tikinti və infrastruktur layihələrində əsas standart kimi tətbiq edilməlidir. Bu yanaşma həm insan həyatının qorunması, həm də müasir şəhərsalma prinsiplərinin və dayanıqlı inkişafın təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT










