Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI

Gündəm 6 Sentyabr 2026 13:00
Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI
WhatsApp kanalımıza abunə olun

Sentyabrın 15-nə sayılı günlər qalıb. Yeni tədris ili başlayır və minlərlə tələbə rayon və bölgələrdən təhsil almaq üçün Bakıya gələcək. Bu isə paytaxtda onsuz da mövcud olan nəqliyyat problemini, xüsusilə də metroda sıxlıq məsələsini yenidən gündəmə gətirir.

Hazırda metroda aparılan təmir işləri ilə əlaqədar bəzi istiqamətlərdə hərəkətdə məhdudiyyətlərin tətbiqi sərnişin sıxlığını daha da artırıb. Bu vəziyyət xüsusilə yeni tədris ili ərəfəsində tələbələrin və digər sərnişinlərin narahatlığına səbəb olur.

Bəzi vətəndaşlar hesab edirlər ki, Bakıda tələbə sıxlığını azaltmaq üçün ali təhsil müəssisələrinin bir hissəsinin bölgələrə köçürülməsi mütləqdir.

Bəs universitetlərin bölgələrə köçürülməsi real və mümkün variantdırmı? Qarşıdakı 5-10 il ərzində ali təhsil müəssisələrinin bir qisminin regionlara köçürülməsi gözlənilirmi?

Bu, Bakının nəqliyyat yükünün və insan sıxlığının azalmasına nə dərəcədə təsir göstərə bilər?

Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, uzun müddətdir Bakının, xüsusilə də nəqliyyat yükünün azaldılması, o cümlədən bəzi universitetlərin regionlara köçürülməsi məsələsi gündəmdədir:

“Lakin bilirsiniz ki, bu, eyni zamanda çox ciddi maliyyə tutumlu bir layihə ola bilər. Çünki universitetlərin əksəriyyəti dövlət büdcəsindən maliyyələşir, onların fəaliyyəti üçün dövlət büdcəsindən vəsaitlər ayrılır və belə bir köçürülmə böyük investisiya və maliyyə vəsaiti tələb edir. Amma düşünürəm ki, bəzi böyük universitetlərimizi bölgələrə, xüsusilə də işğaldan azad olunmuş ərazilərimizə köçürməklə həm həmin bölgələrin iqtisadi inkişafını təmin etmiş olarıq, həm də orada yeni iqtisadi imkanların və iş yerlərinin yaranmasına səbəb olarıq”.

İqtisadçı bildirib ki, dünyada belə bir təcrübə var ki, hər hansı regionun inkişaf etdirilməsi üçün həmin bölgələrdə universitetlər yaradılır:

Bunun nəticəsində həm əhalinin və tələbələrin həmin bölgələrə axını artır, həm də regionda müəyyən iqtisadi aktivliyin təmin olunması üçün imkanlar yaranır. Hazırda bizim bölgələrin bir çoxunda universitetlər fəaliyyət göstərir.

Qarabağ Universiteti açılıb, Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə də universitetlər var. Hesab edirəm ki, bəzi universitetlərin Ağdam, Yevlax və digər işğaldan azad olunmuş ərazilərimizə köçürülməsi daha məqsədəuyğun olardı”.

Eyyub Kərimli hansı universitetlərin köçürülə biləcəyini də açıqlayıb:

“Bu universitetlər arasında xüsusilə İqtisadiyyat və Mühəndislik Universitetini vurğulamaq istərdim. Düşünürəm ki, həmin universitetin bölgəyə köçürülməsi yerli kadrların hazırlanmasına və regionun inkişafına ciddi töhfə verə bilər. Texniki Universitetin, həmçinin İqtisad Universitetinin müəyyən fakültə və ya struktur bölmələrinin bölgələrə köçürülməsi də əhəmiyyətli nəticələr verə bilər. Eyni zamanda, şəhərin mərkəzində yerləşən digər universitetlərin, o cümlədən Pedaqoji Universitetin müəyyən hissələrinin də Bakıdan regionlara köçürülməsi nəzərdən keçirilə bilər. Bu, bir tərəfdən paytaxtın üzərindəki yükün, xüsusilə nəqliyyat yükünün azalmasına, digər tərəfdən isə regionların iqtisadi və sosial inkişafına əhəmiyyətli töhfə verə bilər”.

Oxunub : 134
ŞƏRH YAZ
Ad

E-mail

Şərh