Banner

“Uşaqların yaşına uyğun olmayan geyimlər geyindirirlər” - Akademikdən AÇIQLAMA

Gündəm 11 Oktyabr 2026 13:27
“Uşaqların yaşına uyğun olmayan geyimlər geyindirirlər” - Akademikdən AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

“Nazirlər Kabinetinin təhsildə vahid geyim forması və bu geyim formasının dünyəviliyi ilə bağlı qəbul etdiyi qərar çox əhəmiyyətlidir. Çünki son zamanlar görürük ki, gənclərə, uşaqlara, hətta valideynləri tərəfindən müəyyən dini-ideoloji məzmun daşıyan və uşaqların yaş səviyyəsinə uyğun gəlməyən geyimlər geyindirilərək məktəbə göndərilirlər”.

Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında akademik Nizami Cəfərov səsləndirdi.

Müsahibimiz nəzərə çatdırdı ki, həmin geyimlərin dini-ideoloji məzmun baxımından çox ciddi problemlər yaratması gözləniləndir:

“Çünki bunlar balaca uşaqlardır və heç bilmirlər ki, o paltarı nə üçün geyiniblər. Hətta bəzən özləri də bilmədən, formal görünüşləri ilə bir təbliğatçıya çevrilirlər. Özləri kimi geyinməyənlərə də, yenə deyirəm, valideynlərinin və ailələrinin təhriki ilə bir qədər fərqli baxırlar. Bu da, əlbəttə, çox böyük gərginlik yaradır. Bu baxımdan vahid məktəbli geyim forması olmalıdır. Mənim fikrimcə, bu vahid məktəbli geyim forması xüsusilə aşağı siniflərdə, yəni birinci sinifdən səkkizinci sinfə qədər məcburi olmalıdır. İndi 9, 10 və 11-ci siniflərdə müəyyən alternativliyə yol vermək olar. Amma səkkizinci sinfə qədər uşaqlar vahid forma geyinməlidirlər.

Bu, təkcə dini baxımdan deyil, sosial baxımdan da özünü doğruldur. Çünki imkanlı valideynlər də var, imkansız valideynlər də. İmkanı olmayan valideyn uşağını bəzən imkanlı valideyn qədər dəbdəbəli geyindirə bilmir. Əksinə, imkanlı valideyn də uşağını həddindən artıq dəbdəbəli geyindirə bilir. Nəticədə məktəbdə sosial və mənəvi əhval-ruhiyyə lazımi səviyyədə olmur. Ona görə də vahid məktəbli forması qaçılmaz bir zərurətdir və bəli, bu, xüsusi qərar və göstərişlə rəsmi olaraq həyata keçirilməlidir. Bu, cəmiyyətin xeyrinədir, gənc nəslin normal inkişafına xidmət edir. Hətta mən belə bir fikirdəyəm ki, bu cür formalar müəyyən qədər, çox da sərtləşdirilmədən, nümunəvi geyim forması kimi müəllimlərə də tətbiq olunmalıdır. Çünki görürük ki, bəzən müəllimlərin geyimi lazımi pedaqoji tələblərə cavab vermir”.

Oxunub : 148
ŞƏRH YAZ
Ad

E-mail

Şərh