Banner

Yanacağa çəkilən xərc sürətlə artır - Səbəblər nələrdir?

Gündəm 14 Mart 2025 16:06 Oxunub 680
Yanacağa çəkilən xərc sürətlə artır - Səbəblər nələrdir?
WhatsApp kana|

2025-ci ilin yanvar-fevral aylarında avtomobil benzini və dizel yanacağına çəkilən xərc 523 milyon manata çatıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 74 milyon manat və ya 16,5 faiz çoxdur. Qiymət artımları nəzərə alınmadıqda isə real artım 6,7 faiz təşkil edir.

Maraqlıdır ki, ölkədə hibrid və elektrik avtomobillərinin sayı artır, həmçinin taksi sektorunda fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayında azalma müşahidə olunur. Bütün bunlara baxmayaraq, yanacağa çəkilən xərclərin bu qədər artması nə ilə bağlıdır?

Mövzu ilə bağlı nəqliyyat eksperti Natiq Cəfərov bildirdi ki, nəqliyyat vasitələrinin yanacaqdan asılılığı xərclərə birbaşa təsir edir. Yanacaq sərfiyyatının səviyyəsi qiymətlərin artmasına və ya azalmasına səbəb olan əsas amillərdən biridir. Ekspert qeyd etdi ki, tıxaclar və yol infrastrukturunun durumu yanacaq sərfiyyatına ciddi təsir edir:

“Böyük şəhərlərdə, xüsusilə də Bakı kimi sıx nəqliyyat axını olan yerlərdə tıxaclar sürücülərin daha çox yanacaq sərf etməsinə səbəb olur. Nəqliyyat vasitələri hərəkətdə olmadıqda, amma mühərrik işlək vəziyyətdə qaldıqda, yanacaq sərfiyyatı davam edir. Sıxlıq olan ərazilərdə sürücülər hərəkətə gəlib-dayanma rejimində olduqlarına görə normal vəziyyətdən iki-üç dəfə çox yanacaq sərf edirlər. Bu isə ümumi xərclərin artmasına gətirib çıxarır”.

Yanacaq sərfiyyatına avtomobillərin texniki durumunun da təsir etdiyini deyən Natiq Cəfərovun sözlərinə görə, ölkədə köhnə avtomobillərin istifadəsi də xərclərin artmasına səbəb olur:

“Texniki cəhətdən köhnəlmiş avtomobillər yeni modellərlə müqayisədə daha çox yanacaq sərf edir. Müasir avtomobillər daha az yanacaq sərf etmək üçün xüsusi texnologiyalarla təchiz olunub. Lakin Azərbaycanda hələ də köhnə nəqliyyat vasitələrindən geniş istifadə edilir. Bu avtomobillərin yanacaq sərfiyyatı yüksək olduğu üçün onların istismarı həm sürücülər üçün əlavə xərc yaradır, həm də ümumi yanacaq istehlakını artırır”.

Ekspertin fikrincə, yanacağa çəkilən xərclərin azaldılması üçün bir neçə əsas addım atılmalıdır:

“İnsanların şəxsi avtomobildən daha az istifadə etməsi üçün avtobus və metro kimi ictimai nəqliyyat vasitələri daha rahat və əlçatan olmalıdır. Bundan başqa yol hərəkətinin düzgün tənzimlənməsi, yeni yol qovşaqlarının tikilməsi və parklanma qaydalarının təkmilləşdirilməsi tıxacların qarşısını ala bilər. Digər bir tədbir kimi köhnə avtomobillərin yenilənməsi asanlaşdırılmalıdır. Yanacaq sərfiyyatı yüksək olan köhnə avtomobillərin istifadədən çıxarılması və daha qənaətcil modellərin təşviq edilməsi ümumi istehlakı azalda bilər. Alternativ enerji mənbələrinin təşviqi də gecləndirilməlidir. Elektrik və hibrid avtomobillərin istifadəsini artırmaq üçün dövlət dəstəyi və xüsusi güzəştlər tətbiq edilə bilər”.

Ekspert vurğulayıb ki, bu tədbirlər görülmədiyi təqdirdə yanacağa çəkilən xərclərin sürətlə artımı davam edəcək və bu, nəqliyyat sektoruna və ümumi iqtisadiyyata mənfi təsir göstərəcək.(sfera.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh