Bakıda gecə "avtomobil ovu" - 7 maşının şüşəsini sındırıb oğurluq etdi

Hadisə 8 Sentyabr 2026 23:56
Bakıda gecə "avtomobil ovu" - 7 maşının şüşəsini sındırıb oğurluq etdi
WhatsApp kanalımıza abunə olun

Bakının Sabunçu rayonunda gecə saatlarında avtomobillərin şüşələrini sındıraraq silsilə oğurluqlar edən şəxsə hökm oxunub.

Avtosfer.az xəbər verir ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 7 avtomobilin şüşəsini dəmir alətlə sındıraraq pul, qulaqcıq, qolbaq, ətir və digər əşyaları oğurlayıb.

Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs 2026-cı ildə Sabunçu rayonunun müxtəlif ərazilərində saxlanılan avtomobilləri hədəf seçib. O, əsasən gecə saatlarında avtomobillərin şüşələrini sındıraraq salon və əlcək qutularından qiymətli əşyaları götürüb.

İlk epizodda Bakıxanov qəsəbəsində yerləşən obyektin həyətindən 10 metr mis boru və 10 metr mis kabel oğurlanıb. Zərərçəkmiş şəxsə 150 manat ziyan dəyib.

Daha sonra avtomobillər hədəfə çevrilib.

Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsində saxlanılan “BYD Destroyer 05” markalı avtomobilin arxa sağ yan şüşəsini sındıraraq əlcək qutusundan 250 manatlıq qulaqcıq və 400 manatlıq “Versage” markalı qızıl qolbaq götürüb. Bu epizod üzrə zərər 650 manat təşkil edib.

Ardınca Sabunçu qəsəbəsində “Nissan Sunny” markalı avtomobilin arxa sol yan şüşəsi sındırılıb. Avtomobildən 150 manat nağd pul və 100 manatlıq ətir oğurlanıb.

Eyni ərazidə “Kia Rio” markalı avtomobil də talanıb. Bu dəfə avtomobilin sol yan şüşəsi sındırılıb, əlcək qutusundan 330 manat nağd pul və iki ədəd ətir götürülüb. Zərər 370 manat olub.

Digər hadisədə Sabunçu qəsəbəsində saxlanılan “Chevrolet Cobalt” markalı avtomobilin şüşəsi sındırılıb və salondan 170 manat dəyərində “Powerbank” oğurlanıb.

Bundan sonra “Mercedes ML” markalı avtomobilin ön sol yan şüşəsi sındırılıb. Avtomobildən 200 manat pul götürülüb.

Müttəhimin növbəti hədəfi “Changan UNI V” markalı avtomobil olub. Avtomobilin arxa sol yan şüşəsini sındıran şəxs salondan 150 manat nağd pul və 50 manatlıq çanta götürüb.

O, oğurladığı bank kartından da istifadə edib. Belə ki, avtomobildən götürdüyü bank kartı ilə Sabunçu qəsəbəsində yerləşən “Oba market”dən alış-veriş edərək kart hesabından əlavə 156,80 manat vəsait çıxarıb.

Sonuncu epizodlardan birində isə Bakıxanov qəsəbəsində, Qaraxan MTK-nın həyətində saxlanılan “Volkswagen ID.6 Crozz” markalı avtomobilin arxa sağ yan şüşəsi sındırılıb. Avtomobilin əlcək qutusundan 600 manat pul və 100 manatlıq pul kisəsi götürülüb.

Beləliklə, cinayət işi üzrə avtomobillərlə bağlı epizodlarda 7 avtomobilin şüşəsinin sındırıldığı, onların salon və əlcək qutularından müxtəlif əşyaların oğurlandığı müəyyən edilib. Bu epizodlar üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 2 696,80 manat, digər oğurluqla birlikdə isə ümumi maddi zərər 2 846,80 manat təşkil edib.

Bundan başqa, təqsirləndirilən şəxsin üzərində 0,634 qram heroin aşkar edilib. O, narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edilməsi və saxlanılması ittihamını məhkəmədə qəbul etməyib.

Məhkəmənin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (təkrar oğurluq) və 177.2.3-1-ci maddəsi (elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq) ilə təqsirli bilinib və bu maddələr üzrə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

O, həmçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma) ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cəzalar qismən toplandıqdan sonra təqsirləndirilən şəxsə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Onun şübhəli şəxs qismində tutulduğu 2 gün cəza müddətindən çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. (Qaynarinfo)

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh